Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-650/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «avtomobilin üzərindən məhdudiyyətin götürülməsi üçün müvafiq arayışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Mercedes Benz C240» markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsi üçün müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı2 və İddiaçı1 əsl olmayan cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini, həmçinin iddia tələbinin «ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi» kimi qəbul edilməsini xahiş etmişlər və məhkəmə tərəfindən qeyd olunan vəsatət təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 «xxxx» ASC ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli, illik 24 faiz hesablanmaqla 7.470 manat kredit verilmişdir. Öhdəliyi təmin etmək üçün «Mercedes Benz C240» markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil girov qoyulmuşdur. Bank məhkəməyə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iddia rədd edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, borc tamamilə bağlanmış, hətta əlavə olaraq tərəflərindən pul ödənilmiş, eyni zamanda avtomobil də girov olaraq qalmışdır. Hesab edirlər ki, avtomobil borcun təminatı olaraq girov qoyulmuşdur və hazırda borc mövcud olmadığından, avtomobil girovdan çıxarılmalıdır. Buna isə cavabdeh əsassız dəlillərlə mane olur. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, bankın kompüter sistemində hələ də iddiaçıların borclu olduqları görsənir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-7624/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı LPO «xxxx» ASC-nin cavabdeh İddiaçı2 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddianın rədd edilməsinə əsas cavabdehin iddiaçıya aralarında bağlanmış müqavilə üzrə borcunun olmaması, əksinə 194 manat 04 qəpik artıq ödəniş etməsi olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-2372/2019 saylı qərarından görünür ki, LPO «xxxx» ASC-nin ləğvedicisinin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-7624/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı2 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə LPO «xxxx» ASC qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi «Mercedes Benz C240» markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekada qalmasına zərurət yoxdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Göründüyü kimi, İddiaçı2 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi olmadığı və ipotekaya xitam verilməli olduğu halda, ipoteka saxlayan tərəfindən ipoteka predmeti olan avtomobilin yüklülükdən azad edilməsi ilə əlaqədar müvafiq YPİ-yə məlumat verilməmişdir. Bu səbəbdən, iddiaçı, ipoteka qoyan İddiaçı2 haqlı olaraq məhkəməyə müraciət etmişdir və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 «xxxx» ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Mercedes Benz C240» markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil yüklülükdən azad edilməli, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyi X4 «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 «xxxx» ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Mercedes Benz C240» markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil yüklülükdən azad edilsin. Bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyi X4 «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-650/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-650/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver