Məhkəmə qərarları › İş №2(006)-653/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-653/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-653/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 11 dekabr 2019-cu il tarixli, 551 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 5 il müddətli 4989,92 manat məbləğində illik 1 faiz, 22 oktyabr 2019cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 5 il müddətli 1243,87 manat məbləğində illik 1 faiz kredit verilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 17 avqust 2022-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. 12 oktyabr 2022-ci il tarixli maliyyə arayışlarına əsasən cavabdehin 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 4892,71 manat əsas, 244,65 manat faiz, 400,22 manat cərimə olmaqla, cəmi 5537,58 manat, 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1218,12 manat əsas, 62,20 manat faiz, 89,13 manat cərimə olmaqla, cəmi 1369,45 manat təşkil edir. Göstərilənlərə əsasən, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 4892,71 manat əsas, 244,65 manat faiz, 400,22 manat cərimə olmaqla, cəmi 5537,58 manat, 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1218,12 manat əsas, 62,20 manat faiz, 89,13 manat cərimə olmaqla, cəmi 1369,45 manat borcun və ödənilmiş 89,07 manat məbləğində dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyirinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul edir, bununla bağlı əvvəlki məhkəmə iclasında ərizə təqdim etmiş, həqiqətən iddiaçı şirkətdən iddia ərizəsində qeyd olunan müqavilələr üzrə kredit götürmüşdür.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən bank tərəfindən borcalana 5 il müddətinə illik 1 %-lə 4989,92 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən bank tərəfindən borcalana 5 il müddətinə illik 1 %-lə 1243,87 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

8. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4892,71 AZN əsas borc, 244,64 AZN faiz borcu, 400,22 AZN cərimə olmaqla, ümumilikdə 5537,58 AZN məbləğində borcu vardır.

9. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1218,12 AZN əsas borc, 62,20 AZN faiz borcu, 89,13 AZN cərimə olmaqla, ümumilikdə 1369,45 AZN məbləğində borcu vardır.

10. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2019cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 4989,92 AZN və 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1243,87 AZN məbləğində kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Hazırda iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 4892,71 AZN əsas borc, 244,64 AZN faiz borcu, 400,22 AZN cərimə, 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1218,12 AZN əsas borc, 62,20 AZN faiz borcu, 89,13 AZN cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 6907,03 AZN məbləğində borcu qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. İş materiallarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqavilələri bağlanmışdır. Kreditor tərəf öhdəliyini yerinə yetirmiş, borclu tərəf isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.

18. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 4892,71 AZN (dörd min səkkiz yüz doxsan iki manat, yetmiş bir qəpik) əsas borc, 244,64 AZN (iki yüz qırx dörd manat, altmış dörd qəpik) faiz borcu, 400,22 AZN (dörd yüz manat, iyirmi iki qəpik) cərimə, 22 oktyabr 2019cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1218,12 AZN (bir min iki yüz on səkkiz manat, on iki qəpik) əsas borc, 62,20 AZN (altmış iki manat, iyirmi qəpik) faiz borcu, 89,13 AZN (səksən doqquz manat, on üç qəpik) cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 6907,03 AZN (altı min doqquz yüz yeddi manat, üç qəpik) məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

19. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 89,07 AZN (səksən doqquz manat, yeddi qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir.

21. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

24. Həmçinin Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

25. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, 058414 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 4892,71 AZN (dörd min səkkiz yüz doxsan iki manat, yetmiş bir qəpik) əsas borc, 244,65 AZN (iki yüz qırx dörd manat, altmış beş qəpik) faiz borcu, 400,22 AZN (dörd yüz manat, iyirmi iki qəpik) cərimə, 22 oktyabr 2019-cu il tarixli, 05415 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1218,12 AZN (bir min iki yüz on səkkiz manat, on iki qəpik) əsas borc, 62,20 AZN (altmış iki manat, iyirmi qəpik) faiz borcu, 89,13 AZN (səksən doqquz manat, on üç qəpik) cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 6907,03 AZN (altı min doqquz yüz yeddi manat, üç qəpik) məbləğində borc və ödənilmiş ödənilmiş 89,07 AZN (səksən doqquz manat, yeddi qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar