Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-653/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Kürdəmir rayonunun Qarasu kəndində yaşayır və aləsini şəxsi təsərrüfatında saxladığı iri və xırda buynuzlu heyvanlardan əldə etdiyi gəlir hesabına saxlayır. 30 avqust 2023-cü il tarixdə şəxsi təsərrüfatında olan bir baş yanı balalı, 200 kq çəkidə camış heyvanı küçədə qırılıb yerə düşmüş və nəzarətsiz qalan elektrik xəttinə toxunub və elektrik cərəyanı vurmasından ölüb. İddiaçı camışının elektrik cərəyanı vurması nəticəsində öləndən sonra Qarasu kəndində fərdi qaydada fəaliyyət göstərən baytar həkimi Süleyman Ələsgərova və kənd bələdiyyəsinin sədri Ömər Abışova müraciət etdi və bələdiyyə sədri ilə baytar həkimi camışın öldüyü yerə gəlib həqiqətən də ona məxsus yanı balalı bir baş camışın elektrik cərəyanı vurması nəticəsində öldüyünü görmüşlər. İddiaçı bələdiyyə sədri Ömər Abışov və baytar həkimi Süleyman Ələsgərovun iştirakı ilə elektrik cərəyanı vurması nəticəsində ölmüş camış heyvanının kəsilmiş-yanmış yaradan camışın şəklini çəkdi. Baytar həkimi Süleyman Ələsgərov həmin gün camışın cəsədini yarıb müayinə etdi və camışın heç bir xəstəliyi olmadığı halda elektrik cərəyanı vurma nəticəsində öldüyünü müəyyən etdi və bu barədə camışın cəsədinin yarılmasında iştirak edən şəxslərin iştirakı ilə yarma protokolu tərtib etdi və protokolu iştirakçıların hamısı imzalayandan sonra S.Ələsgərov protokolu möhürlə təsdiq etdi. Bir baş yanı balalı camış heyvanını elektrik cərəyanı vurub öldürməsi nəticəsində əmlakından məhum olmaqla ona 2000 manat maddi ziyan dəymişdir. Belə ki, həmin camış yanı balalı olmaqla orta köklükdə olmaqla təxminən 200 kq diri çəkisi olmaqla 125 kq təmiz əti olmaqla körpə balası olmuş və bala da bir neçə gündən sonra aclıqdan ölmüşdür. İddiaçı dəyən ziyanın ödənilməsi ilə bağlı cavabdeh təşkilatın Kürdəmir rayon şöbəsinə müraciət etdi. Orada ona ziyanı ödəyəcəklərini bildirsələr də, sonradan verdikləri sözə əməl etmədilər. Bundan sonra iddiaçı hadisə ilə bağlı Kürdəmir rayon Polis şöbəsinə müraciət etdi və polis şöbəsində müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməyini izah etdilər. Cavabdeh "xxxx" ASC-nin nəzarətçilərinin səhlənkarlığı nəticəsində bir baş yanı balalı camışının ölməsinə görə ailəsinin yeganə dolaşıq mənbəyi olan real gəlirin məhrum olmuşdur. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" ASC-dən şəxsi təsərrüfatında olan bir baş yanı balalı camışı elektrik cərəyanı vurması nəticəsində iddiaçıya vurduğu maddi ziyana görə 2000 manat və ödədiyi dövlət rüsumuna görə 40 manat, bütövlükdə 2040 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 30 avqust 2023-cü il tarixində Kürdəmir rayonu, Qarasu kəndində mülkiyyətində olan heyvanları örüşə apararkən, elektrik xətlərinin qırılıb yerə düşməsini gördü. Bununla bağlı kəndin mantyoruna zəng vuraraq məlumat verdi. Daha sonra isə kiminsə zərər vurmasının qarşısını almaq üçün qırılmış naqili yerdən götürürərək, hasarın üstünə qoydu. Daha sonra təxminən 18:00-da ailə üzvü ona zəng vuraraq, fərdi təsərrüfatında olan bir baş camışın elektik xətlərindən çıxan cərəyanının vurması nəticəsində tələf olduğunu bildirdi. O, bununla bağlı dərhal aidiyyatı qurumlara məlumat verdi və lazımi yoxlamalar həyata keçirildi. Tələf olunmuş heyvanın şəkli çəkildi, baytarlıq əməkdaşı heyvanı yardı və həqiqətən onun elektrik cərəyanı vurması nəticəsində tələf olunduğu barədə sənəd təqdim etdi. Nəticə olaraq, baş vermiş hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz etdiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus bir baş camış elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Hazırda iddiaçı hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi kimi 2000 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir.
a) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Yarma Protokolundan görünür ki, həmin tarixdə İddiaçı məxsus camış növlü heyvan elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
8. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Kürdəmir rayon Qarasu kənd sakini Abuşov Vəkilxan Misir oğluna məxsus olan 1 baş camış doğurdan da tələf olmuşdur.
9. Mülki işin materiallarında olan Kürdəmir Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin (mal bazarı) rəhbərliyi cavab olaraq bildirmişdir ki, hazırda bazarda 1 baş ana camışın orta satış qiyməti 2000 manat təşkil edir.
10. Mülki işin materiallarında olan Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayrou X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
11. Mülki işin materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Aran RETSİnin rəisi tərəfindən verilən xidməti məlumatdan görünür ki, sorğuda qeyd edilən ərazi 110/35/10 kv-luq “Kürdəmir” yarımstansiyasından çıxan 10 kv-luq “Cəfər Cabbarlı” hava xəttindən qidalanan, kod nömrəsi ******* olan 100 kva transformatordan elektrik enerjisi ilə təmin olunur. 10 kv-luq “Cəfər Cabbarlı” hava xətti, kod nömrəsi ******* olan 100 kva transformator və transformatordan çıxan 0,4 kv-luq hava xətti X2 balansındadır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.
19. Beləliklə, toplanmış iş materialları nəticəsində cavabdeh tərəfindən İddiaçı maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır.
20. İşin materiallarından göründüyü kimi tələf olan heyvanın hazırda bazar qiyməti 2.000 manat dəyərindədir.
21. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia qaldırılması üçün ödənilən 40 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.