Məhkəmə qərarları › İş №2(006)-655/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-655/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-655/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmanət məbləğinin və ona hesablanmış faiz məbləğinin kompensasiya edilməklə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmanət məbləğinin və ona hesablanmış faiz məbləğinin kompensasiya edilməklə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2019-cu il tarixli 99/ÜŞ2019/001 saylı «Uşaq» Bank əmanət müqaviləsi üzrə 1267,82 manat məbləğinin və ona hesablanmış 190,17 manat məbləği və 34,58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1492,57 manat məbləğində vəsaitin cavabdeh ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı2 əlavə iddiaçı qismində mülki işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda ləğv prosessində olan "xxxx" ASC ilə İddiaçı1 arasında imzalanmış 28 yanvar 2019-cu il tarixli 99/UŞ2019/0Q1 saylı «Uşaq» X5 əsasən İddiaçı1 tərəfindən «gələcək əmanətçi» qismində İddiaçı2 adına və xeyrinə 1267,82 manat məbləğində vəsait "xxxx" ASC-yə əmanət olaraq yerləşdirmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə görə «Bank» «Əmanətçi» tərəfindən «Gələcək Əmanətçi» İddiaçı2 (Şəxsiyyət vəsiqəsi: AZE11959799, ASAN2, xx.xx.2014) adına və xeyrinə daxil olmuş 1267,82 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə əmanət məbləğini «Əmanətçi»yə (və ya əmanət üzrə hüquqlarına əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan «Gələcək əmanətçi»yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən əmanət xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 36 ay müddətinə, illik 12 %-lə qoyulur. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə görə adına və xeyrinə əmanət qoyulmuş «üçüncü şəxs», yəni «Gələcək əmanətçi» əmanət üzrə hüquqlarından, yalnız 18 yaşı tamam olduqdan sonra istifadə edə bilər. Əmanət məbləği yerləşdirildikdən sonra hazırda ləğv prosessində olan "xxxx" ASC tərəfindən İddiaçı2 xeyrinə yerləşdirilmiş AZ10NBCB412099A ZN332000Ü001 saylı depozit hesabı üzrə tərtib edilmiş əmanət kitabçası İddiaçı1 təhvil verilmişdir ki, həmin əmanət kitabçasından da bəlli olur ki, xx.xx.2019-cu il tarixdə 1267,82 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən AZ10NBCB412099A ZN********** saylı depozit hesabı üzrə əmanətə qəbul edilmişdir. Ləğv prosessində olan "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilmiş 12 iyun 2020-ci il tarixli hesabdan çıxarışdan bəlli olur ki, xx.xx.2019-cu il tarixdən (hesabın açıldığı tarixdən) xx.xx.2020-ci il tarixə (sığorta hadisəsinin baş vermə tarixi) kimi İddiaçı2 "xxxx" ASC-dəki bank əmanəti hesabı üzrə 1267,82 manat məbləğində əsas əmanət məbləği mövcuddur. Ləğv prosessində olan "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilmiş 12 iyun 2020-ci il tarixli hesabdan çıxarışdan bəlli olur ki, xx.xx.2019-cu il tarixdən (hesabın açıldığı tarixdən) xx.xx.2020-ci il tarixə (sığorta hadisəsinin baş vermə tarixi) kimi İddiaçı2 "xxxx" ASC-dəki bank əmanəti hesabı 190,17 manat məbləğində faiz məbləği mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində təyin edilmişdir. "xxxx" ASC məhkəmə qərarı ilə müflis elan edildiyindən sığorta hadisəsi baş vermiş və buna uyğun olaraq cavabdehin ləğvedici qismində qanunvericiliyin tələbinə uyğun olaraq yerləşdirilmiş əmanət məbləğinin kompensasiya edilməklə iddiaçıya qaytarılması öhdəliyi yaransa da, cavabdeh tərəfindən bundan imtina edilmişdir. Belə ki, sığorta hadisəsi baş verdikdən sonra əmanət məbləğinin geri qaytarılması ilə bağlı ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, ləğvedici tərəfindən ona imtina məktubu verilərək bildirilmişdir ki, «gələcək əmanətçi» İddiaçı2 Bəhruz oğlunun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən bundan imtina edilir. Halbuki ilkin müraciət zamanı onlara əvvəlcə "xxxx" ASC-yə müraciət etməli olduqları bildirilmiş və buna müvafiq olaraq onlar tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Belə ki, xeyrinə əmanət qoyulmuş İddiaçı2 atası X3 xx.xx.2020-ci il tarixdə və anası X6 xx.xx.2020-ci il tarixdə əmanət məbləğinin İddiaçı1 tərəfindən çıxarılmasına etiraz edilməməsi öz əksini tapmışdır. Bu növ ərizələrin mahiyyəti ondan ibarətdir ki, faktiki olaraq xeyrinə əmanət yerləşdirilmiş İddiaçı2 sığorta hadisəsinin baş verdiyi tarixdə yetkinlik yaşına çatmamamışdı və həmin müqavilənin bitməməsindən əvvəl əmanətçi statusunu əldə etməmişdir. Ərizələrin yazılmasına baxmayarq xeyrinə əmanət yerləşdirilmiş İddiaçı2 şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən əmanətin qaytarılması mümkünsüz olmuş və yalnız şəxsiyyət vəsiqəsinin dəyişdirilməsindən sonrakı dövrdə əməliyyatların icra oluna biləcəyi bildirilmişdir. Sonradan iddiaçı tərəfindən, yəni xx.xx.2022-ci il tarixdə cavabdehə yenidən əmanət məbləğinin qaytarılması ilə bağlı müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 avqust 2022-ci il tarixli **********040 saylı məktubda «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.2 və 28.4-cü maddələrinə istinad edilməklə əmanət məbləğinin geri qaytarılmasından imtina edilmişdir. Tərəflər arasında imzalanmış 28 yanvar 2019-cu il tarixli 99/UŞ2019/001 saylı «Uşaq» X2 5.5-ci bəndinin «d» yarımbəndinə əsasən ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən təminatçıya kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq huququ Fondun kompensasiyaların ödənilməsi haqqında elan ilk dəfə dərc edildiyi gündən 5 il müddətinə saxlanılır. Hazırki mərhələdə qanunvericliyin tələbini, habelə tərəflər arastndaki müqavilənin şərtlərini nəzərdə keçirən zaman iddiaçının kompensasiya almaq hüququ 5 il müddəti ilə məhdudlaşdırılmışdır ki, həmin müddət iddiaçı tərəfindən ölürülməmişdir. İddiaçı həmçinin əmanətin qaytarılması üçün qanunverictiklə nəzərdə tutulmuş ərizənin təqdim edilmə müddətini belə ölürməmişdir. Belə ki, faktiki olaraq iddiaçı sığorta hadisəsi baş verdikdən (xx.xx.2020-ci il tarixdən) sonra aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət etmiş və buna müvafiq olaraq ona əmanət hesabından çıxarış təqdim edilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışa dair qeydlərdən də bəlli olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə artıq əmanətin qaytarılması ilə ilkin müraciətini etmişdir. Məhz ilkin müraciət onunla xarakterizə olunur ki, iddiaçı yalnız ləğv prosessində olan qurumun ləğvedicisinə müraciət etdiktlə yerləşdirdyi əmanətinin hansı müvəkkil bank vasitəsilə qaytarılacağı ona bildirilməklə bu barədə ona hesabdan çıxarışlar təqdim edilir və həmin hesabdan çıxarışlar əsasında şəxs müvəkkil banka yaxınlaşaraq yerləşdirmiş olduğu əmanət məbləğini geri qaytarılmasına nail olur. İddiaçı əmanətin qaytarılması ilə bağlı hərəkətsizlik nümayiş etdirməmiş, əksinə faktiki olaraq əmanət məbləğinin geri qaytarılması ilə bağlı lazımı qaydada hesabdan çıxarışları əldə etməklə aidiyyəti üzrə müvəkkil banka müraciət etmiş, bunlarla bərabər xeyrinə əmanət qovulmuş üçüncü şəxsin valideyinlərinin razılığını əldə edərək müvəkkil banka təqdim etmiş, lakin üçüncü şəxsin şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən buna nail ola bilməmişdir ki, bu hal iddiaçının ərizə təqdim etməməməsi kimi xarakterizə olunmamalıdır. Hazırki mərhələdə əmanətin "xxxx" ASC-nin ləğvedicisi tərəfindən geri qaytarılmaması üçün heç bir əsas mövcud deyildir və qanunvericilikdə bu halı məhdudlaşdıran normativ tənzimləmə yoxdur. Bundan başqa sığorta hadisəsi baş verənədək iddiaçı ilə müvafiq Bank arasında qarşılıqlı razılığa əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən edilmiş, beləliklə də iddiaçının qeyd edilən əmanəti tam sığortalanmaqla, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən tam qorunan, sığortalanmış kompensasiya edilən əmanət hesab olunmuşdur. Bu səbəbdən də, iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malik olması aşkardır. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır («Əmanətlərin Sığortalanması haqqında» Qanunun 28.3-cü maddəsi). Göründüyü kimi, kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddət keçməmişdir və belə olan halda formal əsaslarla iddiaçının müraciətindən imtina olunması sonuncunun əmanətçi kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh tərəfindən istinad olunan müddət məhkəməyə müraciət müddəti kimi qəbul edilə, beləliklə də kəsici müddət kimi nəzərə alınmaqla əmanətin qaytarılmasından imtinaya ysas ola bilməz. Eyni zamanda Qanunun qeyd edilən normalarından görünür ki, bir illik müddətin keçməsi özü-özlüyündə kompensasiya almaq huququnun vaxtından əvvəl xitamına səbəb olmur (normada bununla bağlı birbaşa göstəriş yoxdur). Hazırki iş üzrə «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsi, həmin Qanunun 28.4 və digər əlaqədar normaları ilə birlikdə götürülməklə qiymətləndirilməli və nəzərə alınmalı və iddia təmin olunmalıdır. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC (hazırda ləğv prosesindədir) ilə İddiaçı1 arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 99/UŞ2019/001 saylı «Uşaq» bank əmanəti müqaviləsindən görünür ki, İddiaçı1 tərəfindən «gələcək əmanətçi» qismində İddiaçı2 adına və xeyrinə 1267,82 manat məbləğində vəsait "xxxx" ASC-yə əmanət olaraq yerləşdirmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə görə «Bank» «Əmanətçi» tərəfindən «Gələcək Əmanətçi» İddiaçı2 adına və xeyrinə daxil olmuş 1267,82 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə əmanət məbləğini «Əmanətçi»yə (və ya əmanət üzrə hüquqlarına əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan «Gələcək əmanətçi»yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən əmanət xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 36 ay müddətinə, illik 12 %-lə qoyulmuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə görə adına və xeyrinə əmanət qoyulmuş «üçüncü şəxs», yəni «Gələcək əmanətçi» əmanət üzrə hüquqlarından, yalnız 18 yaşı tamam olduqdan sonra istifadə edə bilər. İş materiallarına əlavə olunmuş AZ10NBCB412099AZN332000Ü001 saylı depozit hesabı üzrə əmanət kitabçasından görünür ki, xx.xx.2019-cu il tarixdə 1267,82 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən AZ10NBCB412099AZN********** saylı depozit hesabı üzrə əmanət qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 12 iyun 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən (hesabın açıldığı tarixdən) xx.xx.2020-ci il tarixə (sığorta hadisəsinin baş vermə tarixi) kimi İddiaçı2 "xxxx" ASC-dəki bank əmanəti hesabında 1267,82 manat əsas əmanət məbləği mövcuddur, həmin məbləğə 190,17 manat faiz hesablanmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarından görünür ki, əmanətsaxlayan "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində təyin edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı1 ƏSF-ə, Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" ASC-yə ünvanladığı 06 avqust 2022-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" ASC-nin bağlanması səbəbindən sonuncunun ləğvedicisi ƏSF-ə müraciət edərək, əmanət məbləğinin təqdim edilməsini xahiş etmişdir. ƏSF ona vəsaitin köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etməsini tövsiyə etmişdir. Əlaqəli banka müraciət edilən zaman «gələcək əmanətçi» olan İddiaçı2 şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən bundan imtina edilmişdir. Bir müddət sonra şəxsiyyət vəsiqəsi yeniləndikdən sonra ƏSF-ə müraciət edildikdə, vəsaitin verilməsinin mümkün olmadığı bildirilərək imtina edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikasının mövcud qanunlarının hansı maddəsinə əsasən imtina edilməsinin səbəblərinin yazılı qaydada ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, həmin vəsaitin alınması üçün məhkəməyə müraciət ediləcəyi müraciət ünvalanan şəxslərin nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 30 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 kompensasiya məbləğinin ödənilməsinə dair müraciəti «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3, 28.4-cü maddələrinə istinad edilməklə, müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan göründüyü kimi, iddiaçı tərəf əmanət hesabında olan vəsaitin qaytarılması üçün zəruri sənədləri cavabdehə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. İş materiallarından göründüyü kimi, qanunla müəyyən edilmiş müddət keçməmişdir, əmanət hesabında olan məbləğin qaytarılmasından imtina edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, gələcək əmanətçi 18 yaşına çatdığından iddia ona münasibətdə təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 34,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 28 yanvar 2019-cu il tarixli 99/ÜŞ2019/001 saylı «Uşaq» Bank əmanət müqaviləsi üzrə 1267,82 manat, hesablanmış 190,17 manat faiz və ödənilmiş 34,58 manat dövlət rüsumu olmaqla, cəmi 1492,57 manat məbləğində pul vəsaiti cavabdeh ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 yanvar 2019-cu il tarixli 99/ÜŞ2019/001 saylı «Uşaq» Bank əmanət müqaviləsi üzrə 1267,82 manat, hesablanmış 190,17 manat faiz və ödənilmiş 34,58 manat dövlət rüsumu olmaqla, cəmi 1492,57 manat məbləğində pul vəsaiti cavabdeh ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar