Məhkəmə qərarları › İş №2(006)-6581/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6581/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6581/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğvetmə prosesində olan "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı “Sığortalı” X3 əsasən 26000 manat məbləğində pul vəsaiti əmanətçi tərəfindən Banka bank əmanəti (depozit) kimi yerləşdirilmişdir. Bankla iddiaçı arasında bağlanmış müqavilə mülki qanunverciliyin tələblərinə tam uyğun qaydada - yazılı şəkildə bağlanmışdır. Sözügedən əmanət (depozit) “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzvü olan iştirakçı Bank tərəfindən tam şəkildə sığortalanmışdır. Qeyd olunan xüsusat müqavilənin 5.2-ci bəndində də öz əksini tapmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X5 12.05.2020-ci il tarixli qərarı ilə Bankın bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və sığorta hadisəsi günü kimi 2020-ci ilin 28 aprel tarixi müəyyən olunmuşdur. Bankda sığorta hadisəsi hesab edilən günə (28.04.2020) əmanətçiyə məxsus qalıq əmanət məbləği 26000 manat məbləğində əsas borc, 556,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 26556,11 manat məbləğini təşkil etmişdir. İddiaçı 29 iyun 2021-ci il tarixdə qeyd olunan qalıq əmanət məbləğinə görə ödənilməli olan kompensasiya ilə bağlı cavabdeh Fonda yazılı şəkildə müraciət etmişdir. 17 iyul 2021-ci il tarixli cavab məktubuna əsasən, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə istinad olunaraq, Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etməsi, həmin müddətin əmanətçi tərəfindən ötürüldüyü, eyni zamanda sözügedən Qanunun 28.4-cü maddəsinə istinad olunaraq, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərin təqdim edilməsi halında qeyd olunan müddətin uzadılmasının mümkünlüyü bildirilmişdir. İddiaçının 29 iyun 2021-ci il tarixli müraciətinin məzmunundan görünür ki, o, 1 illik müddətin hansı səbəbdən ötürülməsini kifayət qədər əsaslandırmışdır. Həmin ərizənin “qoşma” hissəsindən görünür ki, o, əsaslandırmış olduğu halları təsdiq edən sənədləri ərizəsinə əlavə etmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh Fond iddiaçının ərizəsində qeyd olunan halları “əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallar” kimi qəbul etməmiş, əlavə edilən sənədləri isə nəzərə almamışdır. Bununla da, iddiaçının öz əmanətinə görə kompensasiya almaq hüququnu məhdudlaşdırmışdır. Göstərilən xüsusatlardan da göründüyü kimi, iddiaçı mövcud əmanətinə (mülkiyyətinə) görə almalı olduğu kompensasiyanın geri ödənişi ilə bağlı məhkəmədənkənar zəruri olan bütün addımları atsa da, nəticə etibarı ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə olunan 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı bank əmanəti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən banka 26000 manat məbləğində əmanət yerləşdirilmişdir. Əlavə olunan 11.02.2020-ci il tarixli kassa mədaxil orderi və hesabdan çıxarış sənədi də bu faktı təsdiq edir. Əlavə olunan iddiaçıya məxsus əmanət kitabçasının surətindən görünür ki, 11.02.2020-ci il tarixdə iddiaçıya bankda depozit hesabı açılmış və 26000 manat məbləğində pul vəsaiti bank əmanəti kimi həmin hesaba mədaxil edilmişdir. Əlavə olunan hesabdan çıxarış sənədlərindən görünür ki, 28.04.2020-ci il tarixə iddiaçının banka yerləşdirmiş olduğu əmanətinin qalıq məbləği 26000 manat məbləğində əsas borc, 556,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 26556,11 manat məbləğini təşkil etmişdir. Əlavə olunan 11.02.2020-ci il tarixli kassa məxaric orderi və hesabdan çıxarış sənədindən görünür ki, iddiaçının qardaşı Vəkil1 banka yerləşdirmiş olduğu 26000 manat məbləğində olan pul vəsaitini 11.02.2020ci il tarixdə məxaric edərək bankdan geri götürmüşdür. Əlavə olunan 12.02.2020-ci il tarixli və 15.09.2021-ci il tarixli etibarnamələrdən görünür ki, iddiaçı qardaşı Vəkil1 özünəməxsus olan bir çox səlahiyyətləri, xüsusilə də iddiaçını "xxxx"da təmsil etməyi, ona məxsus pul vəsaitini götürməyi etibar etmişdir. Əlavə olunan pasport çıxarışından görünür ki, iddiaçının qardaşı Vəkil1 14.02.2020- 27.06.2021-ci il tarixləri aralığında Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. 29 iyun 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh Fonda əsaslandırılmış müraciət ünvanlayıb. 17 iyul 2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh Fond tərəfindən iddiaçının 29 iyun 2021-ci il tarixli ərizəsinə baxılmış, lakin kompensasiyanın ödənişindən imtina etmişdir. Əsas kimi isə qanunvericinin müəyyənləşdiyi 1 illik müddətin ötürülməsi göstərilmişdir. İddia ərizəsinə əlavə olunan və yuxarıda sadalanan sənədləri birgə qaydada təhlil etdikdə aydın olur ki, hazırki iddia tələbinin predmeti olan əmanət məbləğinin de-yure sahibi İddiaçı olsa da, de-fakto sahibi kimi qardaşı Vəkil1 çıxış edir. Belə ki, sözügedən 26000 manat məbləğində pul vəsaiti Vəkil1 məxsus olmuş və hələ 14.11.2019-cu il tarixdə banka əmanət kimi yerləşdirilmişdir. Vəkil1 işlə bağlı ölkə ərazisini tərk edəcəyini qabaqcadan bildiyi üçün 11.02.2020-ci il tarixdə qardaşı (iddiaçı) ilə birgə banka getmiş, əmanəti məxaric edərək həmin gündə yenidən qardaşının adına əmanət kimi həmin banka yerləşdirmişdir. Həmin günün səhəri, yəni 12.02.2020-ci il tarixdə isə o, qardaşından (iddiaçıdan) etibarnamə alaraq, sözügedən əmanətlə bağlı sahiblik, istifadə, sərəncam hüquqlarını öz üzərində saxlamışdır. Əmanətin qardaşının (iddiaçının) adına keçirilməsində məqsəd isə qürbət ölkədən sağ-salamat qayıda bilmədiyi halda anasıyla birgə yaşayan qardaşının (iddiaçının) həmin əmanətdən rahat şəkildə istifadə edə bilməsi, “vərəsəlik” kimi uzun prosedurlarla üzləşməmək olmuşdur. Əldə olunmuş razılığa əsasən, de-yure sahib de- fakto sahibin sağ ikən razılığı olmadan sözügedən əmanətə toxunmamalıydı. Vəkil1 14.02.2020-ci il tarixdə ölkə ərazisini tərk etmiş, 28.04.2020-ci il tarixdə bankdakı sığorta hadisəsindən məlumatlı olmamış, məlum karantin rejimi (pandemiya) ilə əlaqədar olaraq ölkə ərazisinə qayıtması yalnız 27.06.2021-ci il tarixdə mümkün olmuşdur. Həmin vaxt isə qanunvericinin müəyyənləşdiyi 1 illik müddət artıq ötürülmüşdür. Göstərilənlərə əsasən 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı “Sığortalı” X3 əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddətin iddiaçı tərəfindən üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpası, 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı “Sığortalı” X3 əsasən İddiaçı tərəfindən ləğvetmə prosesində olan "xxxx" ASC-yə yerləşdirilən və hazırda 26000 manat məbləğində əsas borc, 556,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 26556,11 manat məbləğini təşkil edən sığortalı əmanət məbləğinə görə həmin məbləğdə kompensasiyanın cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və bildirmişdir ki, iddiaçı həm banka əmanət yerləşdirilərkən, həm də müvafiq əmanətə görə kompensasiyanın ödənilməsi ilə bağlı banka və ya Fonda gedərkən İddiaçı heç vaxt tək, sərbəst hərəkət etmədiyini, qeyd olunan hallarda sonuncunun qardaşı Vəkil1 ilə birgə olduğunu, digər tərəfdən, İddiaçı yazı və danışıq qabiliyyətində müəyyən qüsurlarının olduğunu, spesifik sahə hesab olunan bank sahəsi və həmin sahə üzrə aparılan bank əməliyyatları barədə ümumiyyətlə məlumatlı olmadığını bildirmişdir. 2020-ci ilin mart-aprel aylarından etibarən bugünədək ölkə ərazisində “Koronavirus (COVİD-19) pandemiyası dövrüdür. Sözügedən dövr ərzində xüsusi karantin rejiminin, bəzi hallarda isə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq, vətəndaşların qəbulu və müraciət qaydalarında müəyyən məhdudlaşdırma və məhrumiyyətlər olmuşdur ki, bu da öz növbəsində iddiaçının cavabdehə vaxtında müraciətini qeyrimümkün etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin unutmaq olmaz ki, Fond kompensasiya ödənişini Əmanətlərin Sığortalanması haqqında qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. İddia tələbindən göründüyü kimi subyektiv hüquq iddiaçının şəxsən özündədir və qanunun qeyd edilən müddəasında qeyd edilən müddətin üzrlü hesab edilməsi üçün əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. İddiaçı isə öz növbəsində özünə münasibətdə qanunla müəyyən edilmiş müddətdə müraciət etməsini qeyri-mümkün etmiş halı sübut etmir və ya edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan "xxxx" ASC ilə əmanətçi Vəkil1 arasında bağlanmış 14.11.2019-cu il tarixli sığortalı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 26 000 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçilərə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10% ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 11.02.2020-ci il tarixli sığortalı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 26 000 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçilərə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10% ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından görünür ki, İddiaçı 11.02.2020-ci il tarixdə banka 26000 manat vəsait yerləşdirmişdir. Həmin vəsait qardaşı Vəkil1 vəsaiti olmuşdur. Vəkil1 xarici xarici ölkəyə səfər edəcəyi üçün vəsaiti məxaric edərək eyni tarixdə İddiaçı adına yerləşdirmişdir. Pandemiya səbəbindən Vəkil1 ölkəyə gələ bilmədiyinə görə və vəsait ona məxsus olduğuna görə, habelə bankdan vəsaitin verilməsinin 15.05.2021-ci il tarixinə kimi olmasından xəbərsiz olduğu üçün məbləği ala bilməmişdir. İş materiallarındakı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 17.07.2021-ci il tarixli məktubdan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında 11.02.2020-ci il tarixdə sığortalı bank əmanəti müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka yerləşdirmiş, sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və "xxxx" ASC -nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildiriş ilk dəfə 16 may 2020-ci il tarixdə dərc edilməklə, əmanətçilərdən kompensasiya alınması üçün ərizələrin qəbulu 16 may 2021-ci il tarixindən etibarən dayandırılmışdır. Lakin iddiaçı üzrlü səbəbdən həmin müddəti ötürmüşdür. Hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək, habelə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini və Əmanətlərin Sığortalanması Fondundan əmanət məbləğinin ödənilməsini tələb edir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı pandemiya ilə əlaqədar vaxtında Fonda müraciət edə bilməmişdir. Belə ki, həmin dövrdə pandemiya şəraiti ilə əlaqədar qapanmalar tətbiq olunurdu. Məhkəmə hesab edir ki, bu səbəbdən iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ X3 görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının 2020-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi “556,11 manat məbləğində faiz borcu” hissəsində də təmin edilməlidir. Belə ki, həmin məbləğ LPO "xxxx" ASC tərəfindən verilmiş işin materiallarında olan hesabdan çıxarışda da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı X3 əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilməli, 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı X3 əsasən ləğvetmə prosesində olan "xxxx" ASC-də yerləşdirilən 26000 (iyirmi altı min) manat məbləğində əmanət məbləği, 556,11 (beş yüz əlli altı manat, on bir qəpik) manat məbləğində faiz olmaqla, ümumilikdə 26.556,11 (iyirmi altı min beş yüz əlli altı manat, on bir qəpik) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı X3 əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilsin. 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı X3 əsasən ləğvetmə prosesində olan "xxxx" ASC-də yerləşdirilən 26000 (iyirmi altı min) manat məbləğində əmanət məbləği, 556,11 (beş yüz əlli altı manat, on bir qəpik) manat məbləğində faiz olmaqla, ümumilikdə 26.556,11 (iyirmi altı min beş yüz əlli altı manat, on bir qəpik) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar