Məhkəmə qərarları › İş №2(006)-659/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-659/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-659/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 07.11.2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7157,62 (yeddi min yüz əlli yeddi manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 1117 (bir min yüz on yeddi) manat məbləğində faiz borcu və 2430,58 (iki min dörd yüz otuz manat, əlli səkkiz qəpik) məbləğində cərimə borcu, ümumilikdə, 10705 (on min yeddi yüz beş) manat və ödənilmiş 122,52 (bir yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması bardədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsi əsasında cavabdehə aylıq 1,9167 faiz dərəcəsiylə, 36 (otuz altı) ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 07.01.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, götürdüyü kredit borcundan 2842,38 manat ödəniş etməyi və onun iddiaçıya 7157,6 (yeddi min yüz əlli yeddi manat, altmış qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 04.10.2021-ci il tarixə 268 gün üçün heablanmış faiz borcu 1117 (bir min yüz on yeddi) manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödənilməlidir. 04.0.2021-cii l tarixə 268 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2430,58 (iki min dörd yüz otuz manat, əlli səkkiz qəpik) manat təşkil edir. Belə ki, kredit müqaviləsinin 4.1.2-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinn təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə elektron ərizə ilə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəyini iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh tərəfindən ərizəyə üzürlü səbəblərin nədən ibarət olmasına dair sübut əlavə edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 07.11.2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsi, ödəniş planı və köçürmədən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. 01.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 07.11.2019-cu il tarixli 012A********** saylı Kredit müqaviləsi üzrə 04.10.2021-ci il tarixə Cavabdeh 7157,62 (yeddi min beş yüz yeddi manat, altmış iki qəpik) manat əsas borc, 1117 (bir min yüz on yeddi) manat faiz və 2430,58 (iki min dörd yüz otuz manat, əlli səkkiz qəpik) manat cərimə, ümumilikdə 10705,20 (on min yeddi yüz beş manat, iyirmi qəpik) manat məbləğində borcu vardır. 18.10.2021-ci il tarixli, xəbərdarlıqlardan (pretenziya) görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 27.09.2021-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Ermənistan Respublikasında doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospeki 86 ünvanında qeydiyyatdadır. 02.11.2021-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 122,52 (bir yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış 2430,58 (iki min dörd yüz otuz manat, əlli səkkiz qəpik) manat məbləğində dəbbə pulunun məbləği endirilməli, 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin 07.11.2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə sadalanan normaların və 07.11.2019-cu il tarixli kredit müqaviləsinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 7157,62 (yeddi min yüz əlli yeddi manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 1117 (bir min yüz on yeddi) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə borcu ümumilikdə, 8474,62 (səkkiz min dörd yüz yetmiş dörd manat, altmış iki qəpik) manat borc və ödənilmiş 122,52 (bir yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli, 012A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7157,62 (yeddi min yüz əlli yeddi manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 1117 (bir min yüz on yeddi) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə borcu, ümumilikdə 8474,62 (səkkiz min dörd yüz yetmiş dörd manat, altmış iki qəpik) manat borc və ödənilmiş 122,52 (bir yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar