Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-66/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 700 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 avqustda onun evini su basmışdır. Səhər saat 06:00-dan axşam 20:00-dək onlar Gəncə şəhərindən qayıdanadək kombidən su axmışdır. İki həftə keçməsinə baxmayaraq hələ də qurumamışdır. Qonaq otağı kifdən qaralmış, tavan və çil-çıraqdan su axmışdır. Evi su basmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cababdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 94 iş üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 13 saylı MKİS-nin rəisi Mürvələdov E.Q, sahə nəzarətçisi Sərdarov Z.V və hesabdar Mürvətova Q.C tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 94-ün mülkiyyətçisi İddiaçı ərizə ilə 13 saylı MKİS-ə müraciət etməklə qonşusu Cavabdeh məxsus 3-cü mərtəbədə yerləşən 96 saylı mənzilindən onun mənzilinə su axıdılması nəticəsində qonaq otağının tavanı və divarlarının yararsız vəziyyətə düşməsi səbəbindən ona maddi ziyanın vurulmasını bildirmişdir. Yerində baxış keçirərkən məlum olmuşdur ki, vətəndaş İddiaçı məxsus 94 saylı mənzilin qonaq otağının tavanında ləkələr əmələ gəlmiş, divar kağızlarında nəmişlik və qaralma yaranmışdır. 96 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirə bilməmişlər. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemində əldə edilmiş əmlak məlumatlarına əsasən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 96 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş 3-16-16/2- 10/5812 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 94 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı evin 94 saylı mənzilinə həmin mənzil ilə eyni proyeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 96 saylı mənzildən su axıdıldığı və nəticədə 94 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 96 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 94 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 94 saylı mənzilə su sızması 96 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən, 80 saylı evin, 96 saylı mənzilə baxış keçirilən zaman 96 saylı mənzilin təmirli olduğu, tikililərinin üzərində hər hansı bir qüsurun olmadığı müşahidə edilmişdir. Bu səbəbdəndə 96 saylı mənzilə su sızmasının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən, 80 saylı evin, 94 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 725,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayon 80 saylı evin, 96 saylı mənzilə su sızmasının olubolmamasını müəyyən etmək mümükün olmadığndan, 96 saylı nə qədər zərər dəyməsini müəyyən etmək mümkün deyildir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayon 80 saylı evin, 96 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası dəymiş ziyanı 725 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə, iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Lakin, məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan ziyanın iddia tələbində göstərilən məbləğdə cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700 manat məbləğində vurulmuş maddi zərərin əvəzi tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələv edilmədiyindən onun özünə aid edilməlidir. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 700 manat alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-66/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-66/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver