Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-661/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödəniləsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödəniləsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 23.09.2015-ci il tarixli İKM 379 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin «Təbriz» filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 2750 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 23.09.2015-ci il tarixli İKM 379 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 23.09.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 2574,21 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 23.09.2017-ci il tarixə faiz borcu 1854,15 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 384,48 ABŞ dolları , müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1762,31 ABŞ dolları, cəmi isə 6575,15 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2574,21 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 23.09.2017-ci il tarixinə faiz borcu 1854,15 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 384,48 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablnmış 1762,31 ABŞ dolları cərimə borcunun, cəmi isə 6575,15 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.09.2015-ci il tarixli, İKM 379 saylı istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla, 2750 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 23.09.2015-ci il tarixli, İKM 379 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 23.09.2015-ci il tarixli, İKM 379 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 04.09.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə 26.08.2020-ci il tarixə 2574,21 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 1854,15 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 1762,62 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 384,48 ABŞ dolları borc, cəmi 6575,15 ABŞ dolları borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6052 saylı, 30 mart 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlar və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 23.09.2015-ci il tarixli, İKM 379 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu: müqavilə müddətinin bitdiyi tarixə, yəni 23.09.2017-ci il tarixə əsas borc üzrə 2574,19 ABŞ dolları, faiz borcu üzrə 1321,42 ABŞ dolları; maliyyə arayışının tarixə, yəni 26.008.2020-ci il tarixə əsas borc üzrə 2574,19 ABŞ dolları, faiz borcu üzrə 1697,89 ABŞ dolları; rəyin tərtib edildiyi tarixə, yəni 30.03.2021-ci il tarixə əsas borc üzrə 2574,19 ABŞ dolları, faiz borcu üzrə 1774,40 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 23.09.2015-ci il tarixli İKM 379 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 23.09.2015-ci il tarixdə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 2750 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşdür. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 6575,15 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 2574,19 ABŞ dolları, faiz borcu 1321,42 ABŞ dolları təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 2574,21 ABŞ dolları, faiz borcu kimi 1854,15 ABŞ dolları məbləğində pul tələb olunur. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun 2574,19 ABŞ dolları və faiz borcunun 1321,42 ABŞ dolları ( 23.09.2017-ci il tarixə) olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 23.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% illik faiz dərəcəsi olmaqla 384,48 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 384,48 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2574,19 ( iki min beş yez yetmiş dörd dollar, on doqquz sent) ABŞ dolları əsas kredit borcu, 1321,42 ( bir min üç yüz iyirmi bir dollar, qırx iki sent) ABŞ dolları faiz borcu, 100 ( bir yüz dollar) ABŞ dolları cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 384,48 ( üç yüz səksən dörd dollar, qırx səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 4380,09 (dörd min üç yüz səksən dollar, doqquz sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 manat məbləğində dövlət rüsumu məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2574,19 ( iki min beş yez yetmiş dörd dollar, on doqquz sent) ABŞ dolları əsas kredit borcu, 1321,42 ( bir min üç yüz iyirmi bir dollar, qırx iki sent) ABŞ dolları faiz borcu, 100 ( bir yüz dollar) ABŞ dolları cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 384,48 ( üç yüz səksən dörd dollar, qırx səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 4380,09 (dörd min üç yüz səksən dollar, doqquz sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumu məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-661/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-661/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver