Məhkəmə qərarları › İş №2(006)-6634/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6634/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6634/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı 13.12.2008-ci ildə kreditlə məişət texnikası almışdır. Kredit müqaviləsinin müddəti 13.02.2010-cu ildə bitmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçı öhdəliyini də icra etmişdir. İddiaçının qeyd olunan kredit müqaviləsi üzrə borcu olmasa da, bu yaxınlarda ona məlum olmuşdur ki, həmin müqavilə üzrə aktiv kredit qalıq məbləği kimi 681,39 manat, faiz məbləği kimi 1921,26 manat borc yazılmışdır. Belə ki, iddiaçı 22.09.2021-ci ildə "xxxx" ASC-yə birkart alınması üçün müraciət etdikdə gecikdirilmiş kredit tarixçəsi olduğu üçün həmin kartın verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra, iddiaçı vəziyyəti aydınlaşdırmaq üçün "xxxx" MMC-yə müraciət edərək, kredit tarixçəsi almışdır. Bundan sonra, iddiaçıya məlum olmuşdur ki, həmin borc QSC "Bank Standart" KB tərəfindən 13.12.2008-ci il tarixli kredit müqaviləsi əsasında hesablanmışdır. İddiaçının həmin kredit müqaviləsi üzrə borcu yoxdur. Müqavilə müddəti ərzində tam ödənilmişdir. Əgər qeyd edilən müqavilə üzrə hər hansı borc var idisə, bu vaxta qədər bankın həmin borcun iddiaçıdan tutulması üçün məhkəməyə müraciət etməməsi başadüşülən deyil. Bundan başqa, bu vaxta kimi bank tərəfindən iddiaçıya borcun ödənilməsi ilə bağlı hər hansı yazılı və ya şifahi xəbərdarlıq edilməmişdir. Əgər hesab edilsə ki, iddiaçının bank qarşısında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyi var, o zaman müddətin keçməsinə görə öhdəliyə xitam verilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış 13.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə müddətin keçməsinə görə xitam verilməsi və həmin müqavilə əsasında hesablanmış kreditin qalıq məbləğin və faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 28.09.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-yə 13.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2642,65 manat borcu vardır, kreditin müqavilə üzrə bitmə tarixi 13.02.2010-cu il tarixdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Eyni Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Göstərilən Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Eyni Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, kredit müqaviləsində icra müddəti müəyyənləşdirildiyinə görə öhdəliklərin xitamı üçün müddətin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən həmin tarixdən başlamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində müəyyən edildiyi kimi icra müddəti 13.02.2010-cu il tarixdə başa çatmış, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi borcludan tələb edilməmişdir. İcra müddətinin keçməsindən artıq 11 il ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə QSC "Bank Standard" KB arasında bağlanmış 13.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə müddətin keçməsinə görə xitam verilməli və həmin müqavilə əsasında hesablanmış kreditin qalıq məbləği və faiz məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə QSC "Bank Standard" KB arasında bağlanmış 13.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə müddətin keçməsinə görə xitam verilsin və həmin müqavilə əsasında hesablanmış kreditin qalıq məbləği və faiz məbləği silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar