Məhkəmə qərarları › İş №2(006)-6674/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6674/2021

02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6674/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər də avtomobil ustası kimi tanıdığı cavabdehlə onun mülkiyyətində olan 99-B-742 dövlət qeydiyyat nişanlı, “PARVAZ GS 200” markalı motosikletin təmir olunması ilə əlaqədar müraciət etdi. Cavabdeh həmin işi görə biləcəyinə iddiaçını əmin etdi və bunun üçün bəzi ehtiyat hissələrinin alınması və ona 200 manat zəhmət haqqı tələb olunduğunu bildirdi. İddiaçı 200 manat zəhmət haqqını cavabdehə dərhal ödədikdən sonra onun tapşırığı əsasında mağazadan 400 manat dəyərində ehtiyat hissələri alaraq ona verdi. Cavabdeh nəqliyyat vasitəsinin təmiri üçün ona 5 gün vaxt tələb olunduğunu bildirdi. Buna baxmayaraq, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu azmış kimi iddiaçının mülkiyyətində olan həmin motosikleti öz şəxsi ehtiyacları üçün istismar edərək qanunsuz sahiblik etmişdir. İddiaçı bununla əlaqədar Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X1 baş təhqiqatçısı Fərid Abbasovun 03.04.2021- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarında qeyd olunur ki, cavabdeh iddiaçının əmlakını özündə saxladığını etiraf etmiş və 1 ay müddətində təmir edib geri qaytaracağını izahatında bildirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının motosikletini xeyli müddət özündə saxlamaqla istifadə etmişdir. İddia ərizəsinə əlavə edilmiş akt və videoçarxlardan görünür ki, 27.06.2021-ci il tarixində Cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitəsini öz şəxsi ehtiyacları üçün qanunsuz istifadə edən zaman iddiaçı və onunla birgə hərəkət etmiş şəxslər tərəfindən saxlanılmış və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 99-B-742 dövlət qeydiyyat nişanlı, “PARVAZ GS 200” markalı motosiklet onun əlindən alınmışdır. İddiaçı dəfələrlə Polis Şöbəsinə gedib öz əmlakını geri almaq üçün mübarizə aparmış və təmir adı ilə ondan aldığı əmlakını gözünün önündə istismar edərək ona mənəvi sarsıntı vermişdir. Bu səbəbdən də üç yüz manat pul mənəvi zərərə görə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətində olan 99-B-742 dövlət qeydiyyat nişanlı, “PARVAZ GS 200” markalı motosikleti təmir etmək adı ilə cavabdehin iddiaçıdan aldığı 200 manat pulun əsassız varlanma nəticəsində əldə olunmuş vəsait hesab olunmaqla Cavabdeh tutulması, iddiaçının mülkiyyətində olan 99-B-742 dövlət qeydiyyat nişanlı, “PARVAZ GS 200” markalı motosikletin təmir olunması məqsədi ilə istifadə olunmamış ehtiyat hissələrinə xərclənmiş 400 manat pulun Cavabdeh tutulması, iddiaçının mülkiyyətində olan 99-B-742 dövlət qeydiyyat nişanlı, “PARVAZ GS 200” markalı motosikleti qanunsuz sahiblikdə saxlamaqla beş ay ərzində öz ehtiyacları üçün istismar etdiyinə görə hər ay üzrə 200 manat hesablamaqla, 2200 manat məbləğində kompensasiyanın Cavabdeh tutulması, mənəvi zərərə görə 300 (üç yüz) manat pulun cavabdehlən tutularaq iddiaçıya ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı, Quliyev Elyar, Quliyev Elşən, Quliyev Elnur, Məmmədyarov Ramal, Əmirxanov Kamran tərəfindən tərtib edilmiş 27.06.2021-ci il tarixli aktdan görünür ki, 27 iyun 2021-ci il tarixində, saat 09:30 radələrində Bakı şəhəri, Şıx çimərliyi adlanan əraziyə yaxın yerdə Cavabdeh adlı şəxsin idarə etdiyi 99-B-742 dövlət qeydiyyat nişanlı, “PARVAZ GS 200” markalı motosiklet İddiaçı və digər şəxslərin köməyi ilə dayandırıldı. Qismən videoçəkilişlə müşayiət olunan danışıqlar motosikletin mülkiyyətçisi İddiaçı qanunsuz istifadə olunan nəqliyyat vasitəsini geri aldı. Cavabdeh öz iştirakı ilə keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin texniki vəziyyətinin pis olduğu, motosikletin təmirə ehtiyac olduğu və ona maddi zərər dəydiyi görünmüşdür. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasovun 03 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olduğunun izah olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, təhqiqat müddətində izahatı alınmış, Cavabdeh izahatında əvvəllər tanıdığı Rasim adlı şəxsin özünə məxsus “Parvaz GS 200” markalı 99B742 d\q\n-lı motosikletini təmir etmək məqsədi ilə 2020-ci ilin iyul ayında onun yaşadığı ünvan 1 ünvanına həyətlərinə gətirdiyini və ona 200 manat təmir etmək üçün əl haqqı kimi verdiyini bildirmişdir. Sonradan İddiaçı motosikletinin təmir etmək üçün bəzi rəng və müxtəlif ehtiyyat hissələri üçün təqribən 400 manat dəyərində özünün ehtiyyat hissələri alaraq ona verdiyini bildirmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayında Qarabağ döyüşlərinə getdiyini bildirərək, motosikleti təmir edə bilmədiyini, motosikletin və ona aid ehtiyyat hissələrinin öz həyətində olduğunu bildirərək, yaxın 1 ay müddətində İddiaçı aid motosikleti təmir edib ona qaytaracağını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus “Parvaz GS 200” markalı, 99 B7 42 dövlət qeydiyyat nişanlı motosikleti təmir etmək məqsədi ilə 200 manat təmir etmək üçün əl haqqı aldığını və iddiaçının motosikletinin təmir etmək üçün bəzi rəng və müxtəlif ehtiyyat hissələri üçün təqribən 400 manat dəyərində ehtiyyat hissələrinin ona verdiyini etiraf etmişdir. Belə olan məhkəmə hesab edir ki, Cavabdeh 600 (altı yüz) (400+200) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “2200 manat məbləğində kompensasiyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar