Məhkəmə qərarları › İş №2(006)-669/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-669/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-669/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əsassız yazılmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız yazılmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun adına əsassız olaraq yazılmış 9678,75 manat kredit borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 2010-cu il tarixdə "xxxx" ASC ilə 006ap11 saylı kredit müqaviləsi bağlayaraq, X4 markalı avtomobil almaq üçün 31 ay müddətinə 17450 manat kredit götürmüşdür. Maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit məbləğini tam ödəyə bilmədiyindən aldığı X4 markalı 90KX322 qeydiyyat nişanlı avtomaşını 2012-ci ilin aprel ayının 20-də banka təhvil vermişdir. Avtomobili ondan təhvil alarkən ona bildirilmişdir ki, avtomobilin qiyməti onun banka olan kredit borcundan çoxdur. Kredit müqaviləsi üzrə banka ödədiyi pul nəzərə alınmaqla ona avtomobilin satışından əldə edilən puldan müəyyən hissə qaytarılacaqdır. Avtomobilin satışı üçün banka tərəfindən etibarnamə verilmişdir. Bundan sonra bankdan bildirilmişdir ki, onun bankdan götürdüyü kredit bağlanmış və kredit müqaviləsinə xitam verilmişdir. Bu ilin əvvəlində (fevral ayı) kredit üçün banka müraciət edəndə ona məlum olmuşdur ki, adına bankda 9678.75 manat kredit borcu vardır. Bir neçə dələ şifahi olaraq banka müraciət edib həmin borcun adından silinməsi üçün müraciət etmişdir. Ona bildirilmişdir ki, “Unibank KB" ASC ilə olan kredit müqavilələri üzrə borc işlərinə "BOA Agency” ASC tərəfindən baxılır. O, əsassız borcla bağlı "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin ona ünvanladığı 23 fevral 2024-cü il tarixli BOA-2296 saylı maliyyə arayışı ilə bildirilmişdir ki, hal-hazırda “Unibank KB" ASC ilə bağlanmış 006ap11 saylı kredit müqaviləsi üzrə 9678.75 manat kredit borcu vardır. Bununla əlaqədar o, "xxxx" ASC-nin kredit müqavilələri üzrə borc işlərinə baxan "xxxx" ASC-yə pretenziya ilə 04 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Pretenziyada bildirilmişdir ki, onun banka hər hansı bir borcu yoxdur. 12 ildən sonra bankın həmin əsassız yazılmış borcu ondan tələb etməsi qanunaziddir və silinməlidir. Göstərilən məbləğin adından silinməməsi onun üçün müəyyən bank əməliyyatlarında (ipoteka, kredit, kredit kartı) maneələr yaradır. Onun adına əsassız olaraq yazılmış 9678,75 manat kredit borcunun (“Unibank KB“ ASC) 10 iş günü müdətində silinməsini təklif etmişdir. Əgər təklifdən imtina edilərsə və 10 gün müddətində təklifə cavab verilməzsə, onda o, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Keçən müddət ərzində verdiyi pretenziyaya cavab verilməyib. Bu səbəbdən də o, məhkəməyə müraciət edir. Bildirir ki, cavabdehin hərəkətində hüquqdan sui-islifadə mövcuddur. Qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir. Sonradan, "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlanaraq bildirilmişdir ki, məhkəmənin icraatında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası üzrə 2(006)-5032/2024 nömrəli mülki iş vardır. İddianın aid olduğu 006ap11 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları xx.xx.2021-ci il tarixli 01/21UB №li müqavilə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə (o zaman "xxxx" MMC (VÖEN **********)) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər "xxxx" ASC-yə yönəldilir. Bu səbəbdən də məhkəmənin icraatında olan mülki işdə "xxxx" ASC-nin prosesdə iştiraka cəlb edilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-in 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, məhkəmənin icraatında olan 2(006)-5032/2024 nömrəli mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin "xxxx" ASC (VÖEN **********) ilə əvəz edilməsi və ya bu məsələyə baxılanadək "xxxx" ASC-nin üçüncü şəxs kimi prosesdə iştiraka cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 daha öncədən məhkəməyə ünvanlamış olduqları etiraz ərizəsini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız borcun silinməsi tələbi ilə verdiyi iddia ərizəsi əsassızdır. Mülki Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iddia ərizəsində sadalanan hallar eyni tərəflərin iştirak etdiyi Xəzər Rayon Məhkəməsinin 2(003)- 2001/2012 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-415/2014 saylı qətnamələrində müəyyən edilmişdir. İddiaçı ərizəsində bildirir ki, “X4” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2012-ci il 20 aprel ayında banka təhvil vermişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli sözügedən qətnamələrinin hər ikisində də qeyd olunub ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli bildirişindən müəyyən olunur ki, cavabdeh İddiaçı bank qarşısında öhədliklərini lazımınca icra etməmiş və borc ödənilmədiyi halda ipotekaya qoyulmuş “X4” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldiləcəkdir. Sözügedən mülki işlər üzrə iş materiallarına əlavə olunmuş 196902N-H nömrəli poçt qəbzindən görünür ki, cavabdeh bildirişi almaqdan imtina etmişdir. "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli ərizəsinə əsasən bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 415/2014 nömrəli qətnaməsinin 5-ci səhifəsinin 7-ci abzasına əsasən, məhkəmə kollegiyası avtomaşının satılması və əldə olunmuş pulun borcun ödənilməsinə yönəlməsi ilə əlaqədar qeyd edir ki, bu hal qətnamə qəbul edildikdən sonrakı hərəkətlərlə bağlıdır və qətnamənin icrası zamanı nəzərə alınacaq haldır. Burdan da görünür ki, bu hal icra icraatına aid məsələdir və bu Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda da təsbit olunmuşdur. İddiaçının ərizəsində qeyd etdiyi maşınının satılması, kreditin bağlanması, bununla da kredit müqaviləsinə xitam verilməsi barədə fikirlərini əsaslandıran heç bir sübut təqdim olunmamışdır. İddiaçı 006ap11 saylı kredit müqaviləsi üzrə borc öhdəliyini bu günədək icra etməmişdir və qoşmaya əlavə etdikləri qalıq borcun olması haqqında maliyyə arayışına əsasən, onun bugünki tarixə 9678.75 manat kredit borcu qalmaqdadır. Həmçinin hesab edirlər ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ipotekada olan əmlakın qiymətləndirilməsi, satılması və tələb məbləğinə hesablanması icra icraatında və icra qurumunun nəzarəti ilə həll edilir. Bu məsələlər Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu ilə tənzimlənir. Buna görə də, həmin əsaslara görə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə). İzahatının sonunda qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-2001/2012 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdeh İddiaçı 14079,87 manat məbləğində əsas borc, 1098,27 manat faiz borcu, 1000 manat dəbbə pulu (cərimə) və 16,7 manat dövlət rüsumu olmaqla, cəmi 16194,84 manat məbləğində borcun tutulması, tutmanın cavabdeh İddiaçı məxsus olan X4 markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, bu avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin İddiaçı banka olan borcunun qaytarılmasına yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-415/2014 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-2001/2012 saylı qətnaməsinin əsas borcun tutulması hissəsində dəyişdirilməsi, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdeh İddiaçı 13999,25 manat məbləğində əsas borc, 1098,27 manat faiz borcu, 1000 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 16194,84 manat məbləğində borcun və 16,7 manat dövlət rüsumu tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. - "xxxx" ASC ilə "xxxx" ASC (əvvəlki adı ilə "xxxx" MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/21 UB saylı tələb hüququnun satılması haqqında müqaviləyə əsasən "xxxx" ASC Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi pul tələbini "xxxx" ASC-yə satmışdır. Sözügedən siyahıda bankla İddiaçı arasında bağlanmış olan 006ap11 saylı müqavilə də yer almışdır. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı 006ap11 saylı kredit müqaviləsi üzrə 9678,75 manat borcu qalmışdır. - Ödəniş qəbzinə əsasən iddia ərizəsi ilə əlaqədar İddiaçı tərəfindən 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Hazırki iddia tələbinə nəzər yetirdikdə müəyyən etmək olar ki, tələb yazılmış borcun silinməsi barədədir. İddiaçı işin təfsilatı barədə məlumat verib qeyd edir ki, avtomobil almaq məqsədilə onunla bank arasında müqavilə bağlanmış, müqavilə əsasında ona kredit verilmiş, lakin maddi vəziyyətinin pisləşməsi səbəbilə krediti ödəyə bilmədiyi üçün nəqliyyat vasitəsini qaytarmaq qərarına gəlmiş, aldığı avtomobilin dəyərinin götürmüş olduğu kredit məbləğindən yüksək olmasına və bank tərəfindən ona əlavə vəsait qaytarılmalı olmasına baxmayaraq, bankın sistemində əsassız olaraq borcun göstərilməsi onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə irəli sürülmüş tələbə təbiəti etibarı ilə iddia icraatı qaydasında baxılıb həll edilməsini mümkün hesab etmir. Belə ki, iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı işin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsinin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri əmələ gəlmiş, lakin İddiaçı müqavilə üzrə üzərinə götürdüyü vəzifələri icra etməyincə mübahisə məhkəmənin həllinə verilmiş və nəticə etibarı ilə iddia tələbinə Xəzər Rayon Məhkəməsində baxılıb İddiaçı banka olan borcunu əks etdirən qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamə ilə razı olmayıb, İddiaçı apelyasiya şikayəti vermiş olsa da, yuxarı instansiya məhkəməsində yalnız əsas borca dair hissədə qətnaməyə dəyişiklik edilib, digər hissələrdə qüvvədə saxlanılmışdır. İddiaçı dəlillərindən biri məhz avtomobili banka qaytarması və bank tərəfindən satılması barədə olsa da, işə baxan məhkəmə İddiaçı istinad etdiyi halların qətnamənin icrası zamanı nəzərə alınmalı olduğunu diqqətinə çatdırmışdır. Baxmayaraq ki, qanuni qüvvəsini almış qətnamə ilə İddiaçı istinad etdiyi hallara və apelyasiya şikayətinin əsasını təşkil edən dəlillərinə daha öncədən qiymət verilib, iddia icraatı qaydasında baxılmalı olmaması barədə mövqe sərgilənmiş, iddiaçı yenidən eyni əsasla hazırki iddia tələbi ilə müraciət etmişdir. Halbuki, İddiaçı ilkin olaraq etməli olduğu icra sənədinin icrasının həvalə edildiyi icra məmuruna müraciət etmək, icra qaydasında istinad etdiyi halların nəzərə alınmasını tələb etmək, müraciətinin həllinə nail ola bilmədikdə yalnız bundan sonra məhkəməyə müraciət etmək olardı. Bu baxımdan məhkəmə qeyd edir ki, sadalanmış hallara görə iddiaçı tərəfindən irəli sürülmüş borcun silinməsinə dair tələbə müstəqil iddia kimi iddia icraatı qaydasında baxıla bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Belə olan halda məhkəmə hesab edir ki, hesablanmış borcun əsassız olması və silinməsi tələbi ilə ayrıca icraat çərçivəsində deyil, məhz bu vaxtadək borclu olduğu icra sənədi üzrə aparılmış icraat çərçivəsində səlahiyyətli icra məmuruna, müsbət nəticə əldə etmədikdə, icra icraatı çərçivəsində məhkəməyə müraciət etməli olması İddiaçı diqqətinə çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əsassız yazılmış borcun silinməsi" tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əsassız yazılmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 117 manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar