Məhkəmə qərarları › İş №2(006)-6727/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6727/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6727/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı "əmlakın yüklülükdən azad edilməklə hüquqmüəyyənedici sənədlərin qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı "əmlakın yüklülükdən azad edilməklə hüquqmüəyyənedici sənədlərin qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.09.2012-ci il tarixli girov (İpoteka) müqaviləsi üzrə 1-ci halda 12.000 (on iki min) manat məbləğ, 2-ci halda isə 4000 (dörd min) manat məbləğ kredit borc pulu "xxxx" ASC-dən götürməklə, Astara şəhərində olub, mərhum qaynatası X1 məxsus olan bir evi və özünə məxsus olan digər bir evi də ipoteka predmeti etmişdir. ünvan 1 ünvanda yerləşən "xxxx" MMC tərəfindən verilmiş 01.05.2019-cu il tarixli çıxarışdan bir daha aydın olur ki, İddiaçı hər hansı kredit öhdəliyi mövcud deyil. Səlahiyyətli bu təşkilatın 25.08.2021-ci il tarixli çıxarışdan isə o da məlum olur ki, kredit borc alan olaraq iddiaçı ilə bağlanmış öhdəliklər sırasında həm 12.000 AZN məbləğ, həm də 4000 AZN məbləğ kredit borc pulla bağlı artıq öhdəliklər bağlanmışdır. İddiaçının sabiq "xxxx" ASC-yə, indiki "xxxx" ASC-yə artıq heç bir kredit borcu ola bilməz və hazırki vəziyyətdə də kredit öhdəliyi mövcud deyildir. Bu gün "xxxx" ASC-nin 02.12.2019cu il tarixli Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasının Apelyasiya Komissiyasına ünvanlanmış 3603/PB məktubundan bir daha o məlum olur ki, 4000 manat məbləğində pul 27.09.2012-ci il tarixdə iddiaçıya verilməklə, kreditin bitmə müddəti 27.09.2015-ci il tarix, 12.000 (on iki min) AZN məbləğində pul 05.02.2013-cü il tarixdə iddiaçıya göndərilməklə, kreditin bitmə müddəti də 05.02.2016-cı il tarix qeyd edilmişdir. Həmin məktubda o da qeyd olunur ki, bu günə kreditin aktiv olmasına baxmayaraq, MKR-da əks olunmamış, kredit verilən zaman texniki səbəblərlə bağlı verilmiş məbləğ sistemdə əks olunmadığından mövcud qalıqla bağlı kredit borcun aktivləşdirilməsinə köməklik göstərilməsi Nəzarət Palatasının Apelyasiya Komissiyasından xahiş edilmişdir. 02 dekabr 2019-cu il tarixli məktubda iddiaçının krediti "xxxx" ASC-nin “Masallı” filialından götürdüyü əks olunur. Halbuki, bankdan kredit götürdüyü bu borc pullar iddiaçıya "xxxx" ASC-nin “Masallı” filialından yox, “Şirvan” filialından verilmişdir. İddiaçı bankdan götürdüyü kredit pulundan 13 may 2013-cü ildə 180 manat məbləğ, 15 iyul 2013-cü ildə 120 manat məbləğ, 10 sentyabr 2013-cü ildə 301,80 manat məbləğ, 30 sentyabr 2013-cü ildə 503 manat məbləğ və 15 oktyabr 2014-cü ildə 500 manat məbləğ ödənişlər etməklə, rəsmi çeklər əldə etmiş, qalan pulları da bank işçisi Pahaba vermiş, lakin çeklərini almamışdır. O, bütün halda ödənişi etdiyini iddiaçıya bildirməklə, bank çeklərinin də onda olduğunu iddiaçıya bildirmiş və narahatçılıq olmadığını ona demişdir. Göstərilənlərə əsasən bu gün iddiaçıya məxsus olub, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinin və iddiaçının mərhum qaynatası X1 məxsus olub, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli evin 9 saylı mənzilin sabiq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, indiki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girovundan (yüklülükdən) azad edilməsi və hüquqmüəyyənedici sənədlərin qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh BOKT ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, tərəflər arasında iki kredit müqaviləsi imzalanmışdır. 27.09.2012-ci il tarixli, 1149/12/PB saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT-a 3404,27 manat əsas, 3839,99 manat faiz olmaqla, 7245.06 manat kredit borcu mövcuddur. 05.02.2013-cü il tarixli, 1149/12/PB saylı kredit müqaviləsi üzrə isə 11 413,27 manat əsas, 2160 manat faiz borcu olmaqla, 13575,51 manat kredit borcu mövcuddur. İddiaçı tərəfindən 27.09.2012-ci il tarixli müqavilə üzrə 1896 manat, 05.02.2013-cü il tarixli müqavilə üzrə isə 3324 manat ödəniş edilmişdir. Ərizəyə əlavə edilən hesabdan çıxarış sənədləri və maliyyə arayışlarından da göründüyü kimi İddiaçı BOKT-a hər iki kredit müqavilələri üzrə borc qalığı qalmaqdadır. Odur ki, iddianın əsası olmadığı üçün təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı və X2 arasında bağlanmış 24 noyabr 2010-cu il tarixli, 762/10/PB saylı ipoteka (girov) müqaviləsinə əsasən X1 məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzili banka ipoteka qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı və X2 arasında bağlanmış 21 sentyabr 2012-ci il tarixli, 1149/12/PB saylı daşınar əmlakın girov müqaviləsindən görünür ki, X1 məxsus 480 (dörd yüz səksən) manat dəyərində əmlak banka girov qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, 26.09.2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan Astara şəhəri, Heydər Əliyev küçəsi, ev 22, mənzil 4 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrinin 2 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh BOKT ASC-nin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına ünvanladığı 02.12.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı 27.09.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3404,27 manat, 05.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə 11.413,27 manat borcu vardır. Bu günə kreditlərin aktiv olmasına baxmayaraq, MKR-da əks olunmamışdır. Belə ki, kredit verilən zaman texniki səbəblərlə bağlı verilmiş məbləğ sistemdə əks olunmamışdır. Bu səbəbdən mövcud qalıq borcun aktivləşdirilməsinə köməklik edilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh BOKT ASC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 27.09.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3440,27 manat əsas, 3839,99 manat faiz, 0,80 dəbbə, cəmi 7245,06 manat borcu vardır. İş materiallarında olan Cavabdeh BOKT ASC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 05.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə 11.413,27 manat əsas, 2160 manat faiz, 2,24 dəbbə, cəmi 13.575,51 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə İddiaçı və X2 arasında kredit və əmlakın girov (ipoteka) müqavilələri bağlanmış, hazırda İddiaçı borcunun olmaması səbəbindən ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı 27.09.2012-ci il tarixli, 05.02.2013-cü il tarixli kredit müqavilələri üzrə öhdəliyini tam olaraq yerinə yetirməmiş, həmin kredit müqavilələri üzrə banka öhdəliyinin qalması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASCyə qarşı "əmlakın yüklülükdən azad edilməklə hüquqmüəyyənedici sənədlərin qaytarılması tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı "əmlakın yüklülükdən azad edilməklə hüquqmüəyyənedici sənədlərin qaytarılması tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar