Məhkəmə qərarları › İş №2(006)-6731/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6731/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6731/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 31.08.2020ci il tarixli 017R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 795.02 manat məbləğində kredit borcu, 2206.16 manat məbləğində faiz borcu və 2464.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12621 manat 98 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC i lə bağladığı 04.10.2019-cu il tarixli 017L**********92 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31.08.2020-ci il tarixli 017R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.11.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2048.98 manat ödəmiş, onun 7951.02 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.09.2021 -ci il tarixə 310 gün üçün hesablanmış faiz borcu 2206.16 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə Ödəməlidir. 13.09.2021-ci il tarixə 310 gün üçün hesablanmış cərimə 2464.8 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhtəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli 017L**********92 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, kredit verən borc alana 120 ay müddətinə aylıq 2% ödəmək şərtilə 300000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 04.10.2019-cu il tarixli 017L**********92 saylı uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, kredit verən borc alana 24 ay müddətinə aylıq 2% ödəmək şərtilə 10000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2020-ci il tarixli 017R**********S saylı sazişdən görünür ki, cavabdehin tərəf olduğu razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC-nin X2 və Cavabdeh2 ünvanladığı 03.09.2021-ci il tarixli xəbərdarlıq məktubularından görünür ki, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. İddiaçı QSC-nin 21.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 04.10.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 13.09.2021-ci il tarixə İddiaçı QSC-yə 7951.02 manat əsas, 2206.16 manat faiz, 2464.8 manat əsas borc üzrə hesablanmış cərimə olmaqla, cəmi 12621 manat məbləğində borcu yaranmışdır. Ödəniş qəbzlərindən (№ ********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli 017L**********92 saylı uzunmüddətli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə bağlanmış 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən bank borc alan Cavabdeh1 10.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun İddiaçı QSC-yə tərəf olduğu kredit müqaviləsi üzrə 13.09.2021-ci il tarixinə 7951.02 manat əsas borc, 2206.16 manat faiz borcu, 2464.8 manat cərimə borcu, cəmi 12621,98 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1 və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və 100 manat məbləğinədək azaldılmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan 04.10.2019-cu il tarixli 017S**********02 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh - borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 31.08.2020-ci il tarixli 017R**********S saylı sazişin ləğvini də tələb etmişdir. MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, müqavilənin ləğvi barədə tələb təmin olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 31.08.2020-ci il tarixli 017R**********S saylı sazişin ləğv edilməli, əsas borc üzrə 7951.02 manat, faiz borcu üzrə 2206.16 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 10281.18 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 31.08.2020-ci il tarixli 017R**********S saylı saziş ləğv edilsin. Əsas borc üzrə 7951.02 manat, faiz borcu üzrə 2206.16 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 10281.18 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar