Məhkəmə qərarları › İş №2(006)-6753/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6753/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6753/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Hikmət qızının katibliyi, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron mobil nəzarət qurğusunun 2.277,40 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına keçirilməsi məsələsini həll edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək Nəsimi Rayon Məhkəməsinin 1(006)-227/2021 saylı 20 may 2021-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 18 iyun 2021-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Attenti markalı, 35628380 nömrəli), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE05148 nömrəli) iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 09 sentyabr 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Akvopark” çimərliyində skutor təmir etdiyi vaxt üzərində gəzdirdiyi elektron mobil qurğunun cibindən suya düşdüyünü bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi arayışda anadanlığın dəyərinin 2.277,40 manat təşkil etməsi göstərilmişdir. Cavabdehə bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, 04 avqust 2021-ci ildə günorta vaxtı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Akvopark” çimərliyində skutor təmin edirdi, birdən üzərində olan elektron nəzarət vasitəsimobil qurğu cibindən suya düşmüşdür. Sonra dərhal mobil qurğunu sudan götürmüşdür. Mobil qurğunun ekranında qaralma baş vermiş və yazılar silinmişdir, gösrənmirdi. O, bunu qəsdən etməmiş, bu onun ehtiyatsızlığından baş vermişdir. Sonda cavabdeh iddianın təmin edilməsinə etirazın olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(006)-227/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı Şəhər Probasiya İdarəsinə verilmiş iltizamda qeyd edilir: “Mən, Cavabdeh verirəm bu iltizamı Bakı Şəhər Probasiya İdarəsinə ondan ötrü ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-227/2021 saylı, 20 may 2021-ci il tarixli hökmü ilə mənə təhkim olunmuş- 01 dəst Attenti markalı elektron nəzarət vasitələrini qəbul etdim. Attenti markalı elektron nəzarət vasitələri zədələndikdə, itirildiyi və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin məndən tutulacağı barədə icra məmuru tərəfindən izah edildi”. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, probasiya xidmətinin qeydiyyatda olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və ya yararsız hala salınması hallarında sadə elektron qolbaq 01 ədədi 1930 manat dəyərindədir (daxildir: sadə elektron qolbaq -1, mobil nəzarət qurğusu-1, elektrik adapteri-1, proqram lisenziyası- 1); ƏDV-347,40, cəmi 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(006)-227/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmışdır. 18 iyun 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru tərəfindən cavabdehin iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Attenti markalı, 35628380 nömrəli), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE05148 nömrəli) iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Hətta cavabdehdən iltizam alınaraq Nəsimi Rayon Məhkəməsinin 1(006)-227/2021 saylı, 20 may 2021-ci il tarixli hökmü ilə ona təhkim olunmuş- 01 dəst Attenti markalı elektron nəzarət vasitələrini qəbul etməsini, Attenti markalı elektron nəzarət vasitələri zədələndikdə, itirildiyi və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə izah edilərək cavabdeh tərəfindən imza ilə təsdiq edilmişdir. Lakin 04 avqust 2021-ci ildə cavabdeh Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Akvopark” çimərliyində skutor təmin edirkən üzərində olan elektron nəzarət vasitəsi-mobil qurğu cibindən suya düşmüş və zədələnmişdir. Elektron nəzarət vasitəsi-mobil qurğuya dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" QSC tərəfindən araşdırma aparılmış və dəymiş ziyan 2277,40 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən elektron mobil nəzarət qurğusunun 2.277,40 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ödənilməsi tələbində haqlıdır. Bundan başqa məhkəmə cavabdeh tərəfindən verilmiş etirafı sübut kimi qəbul edərək, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Cavabdeh elektron mobil nəzarət qurğusunun 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaiti tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron mobil nəzarət qurğusunun 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaiti tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına M/H:AZ41NABZ**********0000003944 VÖİN: ********** Kod;210005, SWİFT: CTREAZ 22, Bakı şəhər maliyyə idarəsi H/H:AZ66CTRE********************, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142340 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar