Məhkəmə qərarları › İş №2(006)-680/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-680/2022

11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-680/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan 29.09.2004-cü il təvəllüdlü X3, 18.02.2011-ci il təvəllüdlü X2 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 233,33 (iki yüz otuz üç manat, otuz üç qəpik) manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat sabit pul məbləğinin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumunun yarısının, yəni 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli 2(011)-647/2020 saylı qətnaməsilə Cavabdeh birgə nikahdan doğulan yetkinlik yaşına çatmamış övladları-29.09.2014-cü il təvəllüdlü X3, 18.02.2011-ci il təvəllüdlü X2 və 03.01.2013-cü il təvəllüdlü X4 üçün onlar yetkinlik yaşına çatanadək hərəsinə 170 manat, cəmi 510 manat məbləğində aliment ödənilməsi öhdəliyi yaranmışdır. Elə həmin vaxtdan etibarən övladları onun himayəsindədir. Onların bütün gündəlik məişət xarakterli qayğılarını o çəkir, onların tələbatlarının ödənilməsini həyata keçirir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı onların gündəlik tələbatlarının, həmçinin təhsil xəcrlərinin qarşılanması onun üçün maddi baxımdan bir sıra çətinliklər törədir. Bu xərclərin ödənilməsi üçün Cavabdeh tərəfindən ödənilən aliment məbləği kifayət deyildir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəkil sorğusuna cavab olaraq təqdim etdiyi məlumata əsasən "xxxx" MMC-də böyük mütəxəssis vəzifəsində çalışır və əmək müqaviləsi məlumatına əsasən aylıq 1400 manat məbləğində əmək haqqı alır. Həmin məlumatları təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, onda olan məlumata görə Cavabdeh əmək haqqından əlavə olaraq pensiya müavinatı da vardır. Məhkəmədən öncə Mediasiya şurasına müraciət edilmişdir və ilkin mediasiya sessiyası keçirilsə də, Cavabdeh iştirak etməmişdir. Hesab edir ki, üç övladının saxlanması üçün yaşadığı maddi sıxıntıları və cavabdehin aldığı aylıq əmək haqqının miqdarını nəzərə alaraq aliment məbləği artırılmalıdır. Bu səbəbdən qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh 21.12.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, hər ay vaxtlı-vaxtında hər bir uşağa görə 170 manat olmaqla, ümumilikdə üç uşağa görə 510 manat ödənilir. İşə əlavə olunan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Dost İş Mərkəzi tərəfindən verilmiş 13.12.2021-ci il tarili, ********** nömrəli arayışdan da aydın olur ki, o, 19.07.2019-cu ildən bugünədək X10 çalışır və vəzifə maaşı 1400, ödənilən əmək haqqı isə 1141 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə, 3 uşağa görə alimentin miqdarı qazancın yarısını təşkil edir. Bu isə 570 manat təşkil edir. İşdən çıxdığı halda və ya daha əmək haqqısı aşağı olan vəzifəyə keçirildiyi halda alimentin miqdarı aşağı düşəcəkdir. Aylıq ödədiyi alimentin miqdarının 510 manatın sabit saxlanılmasını xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı uşaqların anası İddiaçı Azərbaycan Respublikası Xarici Dillər Universitetində yüksək məvacibli Landau Schoolda ingilis dili müəlliməsi olaraq çalışır. Onda olan məlumatlara əsasən əmək haqqı 2000 manatdan yuxarıdır. Bütün bu qeyd olunanları nəzərə alaraq, iddi tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Cavabdeh 09.03.2022-ci il tarixdə məhkəməyə əlavə sübutun işin sənədlərinə əlavə edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, alimentin tutulması tələbinə dair məhkəmə prosesləri 1 ilə yaxın vaxt apardığından, alimentin tutulmasına dair qətnamə icraya yönəldilərək uşaqlara ödənilən aliment miqdarı ümumilikdə 6000 manat təşkil etmiş, maddi imkanı olmadığından Bank Respublikadan 8000 manat miqdarında kredit götürərək, iddiaçıya birdəfəlik aliment ödənişi etmiş və hal-hazırda kredit borcuna görə aylıq 300 manat pul ödəyir. 1140 manat əmək haqqından 510 manat aliment, 300 manat isə kredit ödənişi tutulduğu halda ona yaşamaq üçün cəmi 340 manat pul qalır. Bu səbəbdən də məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsilə bağlı məhkəməyə ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan 29.09.2014cü il təvəllüdlü X3, 18.02.2011-ci il təvəllüdlü X2 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləği artırılaraq, cavabdehin hər ay əmək haqqının (vəzifə maaşının) və əmək haqqına (vəzifə maaşına) əlavə ödənişlərin (başqa gəlirlərin) yarısının tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə AR Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni mümkün hesab edir və icraata qəbul edir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxsin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-249/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmənin 01.06.2020-ci il tarixli 2(011)- 647/2020 saylı qətnaməsinə əsasən, birgə nikahdan doğulan uşaqların cavabdehin, yəni İddiaçı anasının yanında saxlanması və hər bir uşaq üçün ondan ayda 170 manat aliment tutulması qət edilmişdir. 31.12.2019-cu il tarixədək 160 manat, həmin tarixdən sonra isə 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, 01.11.2021-ci il tarixində saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 11 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Bundan başqa iş materiallarından aydın olur ki, iddiaçının nümayəndəsi cavabdehin əmək haqqı və digər gəlirləri barədə məlumat əldə olunması üçün müvafiq sorğunun göndərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan DOST İş Mərkəzi tərəfindən göndərilən məktublardan görünür ki, Cavabdeh vəzifə maaşı 1400 manat təşkil edir və onun vəzifə maaşına əlavə olaraq il ərzində əmək məzuniyyəti zamanı 1 dəfədən çox olmayaraq vəzifə maaşının 1 misli miqdarında sosial məişət müavinəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqın saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin, bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq, yetkinlik yaşına çatmayan 29.09.2004-cü il təvəllüdlü X3, 18.02.2011-ci il təvəllüdlü X2 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləği artırılaraq, hər ay hər bir uşaq üçün 193 manat, cəmi 579 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan 29.09.2004-cü il təvəllüdlü X3, 18.02.2011-ci il təvəllüdlü X2 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləği artırılaraq, Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar