Məhkəmə qərarları › İş №2(006)-682/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-682/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-682/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka heç bir borcu olmadığına görə onun banklar sistemindən çıxarılmasının Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, banka heç bir borcu olmadığına görə onun banklar sistemindən çıxarılmasının Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi və indiyə qədər zamin X2 əmək haqqısından tutulmuş vəsaitin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək bildirmişdir ki, onun banklar sistemindən çıxarılması və banka kredit borcu olmayan şəxs olması barədə arayış verilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu onun müraciətinə özünün **********235 saylı, 28 oktyabr 2021-ci il tarixli məktubu ilə cavab verərək bildirmişdir ki, “Sizin 04 oktyabr 2021-ci il tarixli ərizənizə ləğv prosesində olan “Dəmirbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 05.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Sizə bank tərəfindən 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit müqaviləsinin təminatı kimi, İddiaçı, X6 və X8 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyinizi vaxtında yerinə yetirmədiyiniz üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Yasamal Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(004)-1931/2018 saylı məhkəmə qətnaməsi ila cavabdehlar X7, X1 və X4 ”Dəmirbank" ASC-nin xeyrinə cəmi 8264.02 (səkkiz min iki yüz altmış dörd dollar, 02 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2(103)-137/19 saylı qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(004)-1931/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra X10, X6 və X8 banka 488.47 (dörd yüz səksən səkkiz dollar, 47 sent) ABŞ dolları ödəniş həyata keçirmiş, 06.10.2021-ci il tarixə sözügedən məhkəmə qətnəməsi üzrə "xxxx" ASC qarşısında 7775.55 (yeddi min yeddi yüz yetmiş beş dollar, 55 sent) ABS dolları va 20 (iyirmi) manat dövlət rüsumu məbləğində borc öhdəliyiniz mövcuddur. Qeyd olunan borcun ödənilməsinin təmin olunması Sizə tövsiyyə edilir.” Cavabdehin ona verdiyi cavab tam əsassızdır. Belə ki, problemli kreditlərin kompensasiyasına əsasən ona təqdim olunmuş sənədlərdə göstərilmişdir ki, onun ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur. Devalvasiya nəticəsində ona dəymiş ziyanın ödənilməsini dövlətimiz müvafiq qərarla təmin etmişdir. Borclu olmadığı halda ona zaminlik edən şəxslərin artıq üç ay olar ki, əmək haqqından 160 manat məbləğində pul bankın xeyrinə tutulur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın əsas məqsədi devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Lakin cavabdeh təşkilat qanunların tələblərinə əməl etmir və onun borcu olmadığı halda onu borclu kimi banklar sistemində göstərir. Lakin onun cavabdehə heç bir borcu yoxdur. Məhkəmə tərəfindən cavabdehin üzərinə öhdəlik qoyulmalıdır ki, borcu olmadığına görə onu banklar sistemindən çıxarsın. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ona 3.643,58 manat kompensasiya məbləği hesablanmışdır. Qeyd edilən məbləğdən 300,23 manat və 510,39 manat olmaqla, cəmi 810,62 manat pul vəsaiti onun müqavilə üzrə borcunun ödənilməsinə yönəlmişdir. Qalan 2.832,95 manat pul vəsaiti isə onun adına açılmış karta yüklənmiş və həmin məbləğ onun tərəfindən istifadə olunmuşdur. Onun banka hər hansı bir borcu movcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı borcun olmamasına dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, onun tərəfindən borc məbləği tam ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, e-2(004)-1931/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada 6072,63 ABŞ dolları əsas borc, 2161,39 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8264,02 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması) borcun tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(103)-137/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, e-2(004)-1931/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, İddiaçı 3.643,58 manat kompensasiya məbləği hesablanmış, 2.832,95 manat isə ona çatası məbləğ olmuşdur. İş materiallarına əlavə edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, İddiaçı kompensasiya olaraq hesablanmış pul vəsaitindən 510,39 manat və 300,23 manat olmaqla, ümumilikdə 810,62 manat pul vəsaiti kredit borcunun ödənilməsinə yönəldilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı 3.643,58 manat kompensasiya məbləği hesablanmış, ondan 810,62 manat kredit borcunun ödənilməsinə yönəldilmiş, qalan 2.832,95 manat pul vəsaiti iddiaçının təqdim etdiyi kart hesabına yüklənmişdir. Qeyd edilən pul vəsaiti isə iddiaçının məhkəmə iclasında verdiyi izahatına əsasən onun tərəfindən istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 18 oktyabr 2021-ci il tarixli, **********235 saylı müraciətə cavab məktubundan görünür ki, İddiaçı məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra onun, X6 və X8 tərəfindən 488,47 ABŞ dolları ödənişin həyata keçirildiyi, 06.10.2021-ci il tarixə sözügedən məhkəmə qətnaməsi üzrə "xxxx" ASC qarşısında 7775,55 ABŞ dolları və 20 manat dövlət rüsumu məbləğində öhdəliklərinin mövcud olduğu bildirilmiş, ona borcun ödənilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (borcun tam ödənilməsi və hər hansı bir borcun olmaması və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən borc tam şəkildə ödənilməmiş və hazırda onun müqavilə üzrə icra edilməmiş öhdəliyi mövcuddur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Bundan əlavə məhkəmə iddia tələbinin “indiyə qədər zamin X2 əmək haqqısından tutulmuş vəsaitin ona geri qaytarılması” hissəsinə münasibət bildirməyə davam edərək qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, qanunun tələbləri baxımından iddianın “indiyə qədər zamin X2 əmək haqqısından tutulmuş vəsaitin ona geri qaytarılması” hissəsi üzrə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olan şəxs iddiaçı deyil, Etibar Cabbarovdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə də göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarından görünür ki, iddiaçının yuxarıda qeyd edilən tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar