Məhkəmə qərarları › İş №2(006)-690/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-690/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-690/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndələri X2 və X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, mənzil 306-nın sahibidir. Mənzil xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən iddiaçıya məxsusdur. Uzun müddətdir ki, iddiaçının mənzilinə bir mərtəbə yuxarıda yerləşən 310-cu mənzildən mütəmadi olaraq su axıdılır. Nəticədə mənzilin dəhlizinin, hamam otağının və sanitar qovşağının tavanları, işıq və havalandırma sistemləri, dəhlizin divar kağızları yararsız vəziyyətə düşmüş, işıq sistemində qısa qapanmalar yaranmışdır. İddiaçının mənzilindən bir mərtəbə yuxarıdakı 310-cu mənzildə Cavabdeh və onun oğlu yaşayır. Mənzil Cavabdeh məxsusdur. Baş verənlərin səbəbi üst mərtəbədə yerləşən 310-cu mənzilin daxilində bağlama qurğularının sıradan çıxması və su sisteminin bütövlüyünün pozulmasıdır. İddiaçının yaşadığı bina “Komfort" MTK tərəfindən tikilmiş, hər hansı mənzil istismar sahəsinə tabe deyil, binanı tikən MTK-nın rəsmi nümayəndəsi binada fəaliyyət göstərmir, bu vaxta qədər də kommunal pulu adı ilə ayrı-ayrı fiziki şəxslər tərəfindən mənzillərdən pul yığılmışdır. Sonuncu olaraq da 2019-cu ilin yanvar ayından bu günə qədər, Mənzil Məcəlləsinin müddəalarına zidd olaraq, fiziki şəxs kimi X6 tərəfindən kommunal pulu adı ilə mənzillərdən pul yığılır. X6 yığdığı pulların müqabilində mənzilin yerləşdiyi bloka xidmət göstərməməsi (bloku və mərtəbəni baxımsız saxlaması) səbəbindən uzun müddətdir ki, ona pul vermir. Bu səbəbi əsas gətirərək, X6 310-cu mənzildən iddiaçının mənzilinə su axıntısı faktı ilə bağlı akt tərtib etməkdən imtina edir. İddiaçı su axıntısı faktının aktlaşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə və "xxxx" ASC-nin 955 qaynar xəttinə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi Elnur Babayevə müraciət etmiş, lakin onlar da bu halın aktlaşdırılmasının və bununla bağlı X4 qarşı hər hansı tədbir görülməsinin səlahiyyətlərinə aid olmadığını bildirmişlər. Eyni zamanda, qonşuluqda yaşayan şəxslər də məhkəməyə gedib-gəlmək istəmədikləri üçün faktın birlikdə aktlaşdırılmasından imtina edirlər. İddiaçı ondan asılı olmayan yuxarıda qeyd edilən səbəblərdən su axıntısı ilə bağlı müvafiq aktı məhkəməyə təqdim edə bilmir. Zəruri hesab edildiyi halda, məhkəmə nümayəndəsi, mənzillərə baxış keçirməklə faktın təsdiqini görə bilər. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu foto şəkillərlə təsdiq olunur. Su axıntısı hazırda da dayanmadan davam etməkdədir, hətta o səviyyəyə çatmışdır ki, mənzildə axıntıların altına qablar düzürlər. İddiaçı cavabdehin özünü də dəfələrlə mənzilinə dəvət edib, su axıntılarını göstərir, o, su axıntısı faktını qəbul edir, lakin maddi imkanının olmamasını əsas gətirərək, bununla bağlı tədbir görə bilmədiyini deyir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mənzilinin dəhlizinin, hamam otağının və sanitar qovşağının tavanları, işıq və havalandırma sistemləri, dəhlizin divar kağızları yararsız vəziyyətə düşmüş, işıq sistemində qısa qapanmalar yaranmışdır. Göstərilənlərə əsasən iddiaçının mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia təmin edildiyi halda ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndələri X5 və X7 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, mənzil 306 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə 2262 saylı reyestr kitabının 210468 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/655 nömrəli, 18 aprel 2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiqat planını, yəni iddiaçıya məxsus 306 saylı mənzilin binanın 11-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 12-ci mərtəbəsində, həmin mənzilin üstündə yerləşdiyini, İddiaçı məxsus 306 saylı mənzilin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən 10 saylı evin, 306 saylı mənzilinə Cavabdeh məxsus mənzildən su axması və nəticədə iddiaçıya məxsus mənzilə ziyan vurulması mümkündür. Lakin, cavabdehə məxsus mənzildə təmir işləri aparıldığı və su kanalizasiya xətlərinin gizli olduğundan 306 saylı mənzilə su sızmasının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsində yerləşən 10 saylı evin, 306 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1519 manat məbləğində olduğu müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, mənzil 306-a Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, mənzil 310-dan su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsində yerləşən 10 saylı evin, 306 saylı mənzilinə 1519 manat ziyan vurulması göstərilsə də, iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 1500 manat tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə zərərin əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar