Məhkəmə qərarları › İş №2(006)-697/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-697/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-697/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçılar İddiaçı1 nümayəndəsi və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gələrkən, X10 Hava Limanında baqaj olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil verdiyi mənəvi dəyəri 10.000 (on min) manat, öz dəyəri isə 25.500 (iyirmi beş min beş yüz) manat, ümumi dəyəri 35.500 (otuz beş min beş yüz) manat olan baqajının qırılaraq yararsız hala düşməsi ilə əlaqədar ona vurulan zərərin Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 (Pasport nömrəsi: U********) çalışdığı "MGM X11 Malzemeleri Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialının fəaliyyəti ilə bağlı 03 oktyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirdiyi, uçuş kodu J29106 olan İstanbul-Bakı aviareysi ilə sərnişin olaraq gələrkən, işlədiyi şirkət üçün alınmış və Bakı şəhərinə gətirilməsi üçün ona verilmiş suvenir xarakterli vazanı Türkiyənin İstanbul şəhərində X18 Limanında baqaj olaraq “Azərbaycan Hava Yolları'’ Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil verilmişdir. Biletin və baqajın qeydiyyatı zamanı aviadaşıyıcının nümayəndəsinə (qeydiyyatçıya) qeyd olunan əşyanın tezqırılan əşya olduğu bildirilmiş və daşıma zamanı qırılmanın qarşısını almaq üçün həmin qablaşdırılmış baqajın üzərinə qeydiyyatçı tərəfindən qırmızı rəngli, üzərində “şüşə qədəh” şəkli, onun alt hissəsində isə ingilis dilində "Fragile" (tezqırılan) və aviadaşıyıcının adı, habelə loqosu olan stiker yapışdırılmış və baqaj ona hər hansı xəbərdarlıq edilmədən (belə baqajın daşınması təhlükəlidir, sına bilər, sınarsa aviadaşıyıcı cavabdehlik daşımır və sairə) daşıma üçün qəbul edilmişdir. Həmin gün o, Bakı şəhərinin "Heydər Əliyev” Hava Limanına çatdıqdan sonra baqajı ona təhvil verilərkən, baqajın qırılaraq tamamilə yararsız hala düşdüyünü görmüş, dərhal bu barədə daşıyıcının nümayəndəsinə məlumat vermiş və həmin tarixdə də, hava limanında onun iştirakı ilə sınmış baqaja müvafiq qaydada baxış keçirilərək fotoşəkillər çəkilməklə rəsmiləşdirilmə aparıldı. Bundan sonra ümumi dəyəri 15.000 (on beş min) ABŞ dolları olan baqajın qırılaraq yararsız hala düşməsi ilə əlaqədar vurulan zərərin tam şəkildə ödənilməsi barədə Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti cənab Eldar Hacıyevin adına xx.xx.2023-cü il tarixdə pretenziya göndərmişdir. Onun pretenziyasına üzun müddət cavab verilmədi və ona vurulan ziyan ödənilmədi. 2023-cü ildə etibarnamə verdiyi vəkilin (Vəkil) bu məsələyə müdaxiləsindən sonra ona xx.xx.2023cü il tarixdə “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən guya xx.xx.2022-ci il tarixdə göndərildiyi ehtimal edilən (əslində isə istər ona, istərsə də işlədiyi şirkətin Bakı ofisinə heç bir məktub göndərilməyib) həmin tarixli, İ-1163 nömrəli məktub göndərilmiş və qeyd olunan məktubun məzmununda göstərilmişdir ki, onların pretenziyası “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Pretenziya Komissiyası tərəfindən əsassız sayılmışdır. Qeyd edir ki, o, baqajını aviadaşıcıya daşınması üçün tam şəkildə vermişdir. Həmçinin, tezsınan baqaj olduğunu bildirmiş, baqajın üzərinə tezsınan baqaj olmasını bildirən stiker vurulmuş və ona bu kateqoriya baqajın daşınması zamanı qırıldığı təqdirdə bütün məsuliyyətin (maddi və sairə) onun üzərinə düşməsi ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. Müvafiq qaydalara görə baqajın üzərinə tezsınan əşya olduğunu bildirən stiker vurulduğu təqdirdə, həmin baqaj istər hava gəmisinə yüklənərkən, istərsə də hava gəmisindən boşaldılardən əl ilə və digər baqajlardan ayrı daşınmalıdır. Dünyanın hər yerində bu qaydalar tətbiq olunur. Bununla bağlı bildirir ki, onun qeyd olunan baqajı həmin qaydalara zidd olaraq digər sərnişinlərin baqajları ilə birgə daşınmışdır ki, nəticədə də baqajın sınaraq tamamilə yararsız hala düşməsinə səbəb olmuşdur. Daha sonra İddiaçı1 nümayəndəsi (vəkili) X5 xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, vazanın tamamilə sınaraq yararsız hala düşməsinə görə cavabdehdən maddi zərərin əvəzi olaraq 10.000,50 ABŞ dolları (manat məzənnəsi ilə 17.000,85 manat), mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat, ümumilikdə 27.000,85 manat 85 qəpik manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, təmsil etdiyi iddiaçı, Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 03 oktyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirdiyi, uçuş kodu J29106 olan İstanbul- Bakı aviareysi ilə Bakı şəhərinə gələrkən, Bakı şəhərində işlədiyi MGM GROUP-un rəhbəri İddiaçı2 tərəfindən alınmış suvenir xarakterli keramik materialdan olan X19 vazanı Türkiyənin İstanbul şəhərində X18 Limanında baqaj olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil vermişdir. Biletin və baqajın qeydiyyatı zamanı aviadaşıyıcının nümayəndəsinə (qeydiyyatçıya) qeyd olunan əşyanın tezqırılan əşya olduğu bildirilmiş və daşıma zamanı qırılmanın qarşısını almaq üçün həmin qablaşdırılmış baqajın üzərinə qeydiyyatçı tərəfindən qırmızı rəngli, üzərində “şüşə qədəh” şəkli, onun alt hissəsində isə ingilis dilində “Fragile” (tezqırılan) və aviadaşıyıcınm adı, habelə loqosu olan stiker yapışdırılmış və baqaj ona hər hansı xəbərdarlıq edilmədən (belə baqajın daşınması təhlükəlidir, sına bilər, sınarsa aviadaşıyıcı cavabdehlik daşımır və sairə bu kimi xəbərdarlıq olunmadan) daşıma üçün qəbul edilmişdir. Həmin gün o, Bakı şəhərinin “Heydər Əliyev” Hava Limanına çatdıqdan sonra baqaj ona təhvil verilərkən, baqajın qırılaraq tamamilə yararsız hala düşdüyünü görmüş, dərhal bu barədə daşıyıcının nümayəndəsinə məlumat vermiş və həmin tarixdə də, hava limanında onun iştirakı ilə sınmış baqaja müvafiq qaydada baxış keçirilərək, fotoşəkillər çəkilməklə rəsmiləşdirilmə aparılmış, habelə izahatı alınmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, tərəflərindən həmin baqajın dəyərinin 10.000 ABŞ dolları, yəni 17.000 manat olduğu müəyyənləşdirilmiş və bununla bağlı ilkin olaraq vurulan zərərin tam şəkildə ödənilməsi barədə Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 10 oktyabr 2023cü il tarixdə Pretenziya göndərilmiş, lakin pretenziya "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Pretenziya Komissiyası tərəfindən əsassız sayılaraq vurulan maddi ziyan ödənilməmişdir. Bundan sonra tərəflərindən cavabdehə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 10.000,50 ABŞ dolları, AZN məzənnəsi ilə 17.000,85 manat, mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat alınıb iddiaçıya ödənilməsi xahiş edilmiş və məhkəməyə iddia məbləğini təsdiq edən müvafiq sübutlar təqdim olunmuşdur. Lakin cavabdeh əmlakın tələb olunan dəyəri ilə razılaşmadığından, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunsa da, ekspert tədqiqata təqdim olunan vazanın əl işi olduğunu, bu sahədə mütəxəssisin olmadığını və bu səbəbdən də qiymətləndirmənin mümkün olmadığını bildirmişdir. Bundan sonra məhkəmə tərəfindən müvafiq arayışın alınması məqsədilə X1 sorğu ünvanlanmış və həmin sorğuya qeyd olunan Mərkəzdən verilən xx.xx.2024-cü il tarixli 134 saylı məktubda göstərilmişdir ki, qiymətləndirilməsi xahiş edilən predmetin (vazanın) Azərbaycan Respublikasının ərazisində topdan və ya pərakəndə satılmadığını və bu səbəbdən də satış qiyməti barədə məlumat əldə etməyin mümkün olmadığını bildirməklə yanaşı, malın qiymətinin tərəflərindən təqdim olunan hesab-fakturaya əsasən xx.xx.2022-ci il tarixə 17000,85 manat təşkil etdiyi qeyd olunmuşdur. Başqa sözlə, mütəxəssis də qeyd olunan məbləğin, məhz malın mümkün dəyəri olduğunu bir daha təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfin malın qiyməti ilə bağlı etirazı, habelə məhkəməyə təqdim etdiyi sənədlər qəbul edilən deyildir. Belə ki, cavabdeh tərəf, məhkəməyə tərəflərindən həmin malın bilavasitə əl işi olduğunu göstərən sübut və rəsmi sənəd təqdim etmələrinə baxmayaraq, özlərinin təqdim etdikləri qeyri-rəsmi şəkillərdə olan malın guya qiymətinin çox aşağı olduğunu bildirmiş və özlərinin sənədlərindəki malın əl işi olması barədə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin, hazırda İstanbul şəhərində mağazalarda orijinal olmamaqla çox aşağı qiymətə əl işi olmayan həmin maldan almaq olar. Bir daha qeyd edir ki, onlara aid sınan əşya Türkiyənin Kapadokiya bölgəsində yerləşən “Aldağ Seramik” adlı şirkət tərəfindən istehsal edilmiş tam əl işidir. Onu da bildirir ki, Türkiyənin Kapadokiya bölgəsi turistik bölgədir və bütün hallarda turistik bölgələrdə istehsal olunan və ya satılan əşyalar həmişə baha qiymətə satılır. Hələ bu mal əl işidirsə, daha baha satılır. Bu anlamda təqdim etdikləri qiymət yuxarıda göstərilən şərtlərə cavab verdiyindən tam qəbul ediləndir. Malın qiyməti ilə bağlı qeyd edilənlər ümumiləşdirilsə, cavabdehin qiymətlə bağlı təqdim etdiyi malın əl işi olmadığını, qiymətlərin turistik bölgəyə aid olmadığını nəzərə alaraq, tərəflərindən təqdim edilən malın qiymətinin məhkəmə tərəfindən əsas götürülməsi qanuni və əsaslı hesab ediləcəkdir. Bundan başqa, cavabdeh bir tərəfdən iddia tələbini tamamilə rədd etsə də, digər tərəfdən də öz fikirlərini təkzib edərək, iddianın məbləğinin daha az olduğuna istinad edir. Məsələyə məntiqlə yanaşılsa, bu fakt da dolayısıyla cavabdehin iddianın qanuni və əsaslı olduğunu qəbul etdiyini, lakin məbləği ilə razılaşmadığını deməyə əsas verir. Belə olmasa idi, malın qiyməti barədə məhkəməyə sənəd təqdim etməzdi. Başqa bir məsələ isə cavabdehin, guya malın sərnişin tərəfindən düzgün qablaşdırılmaması nəticəsində tamamilə yararsız hala düşməsi və buna görə daşıyıcının məsuliyyət daşımadığına istinad etməsidir. Lakin cavabdehin məsuliyyət daşımadığına dair gətirdiyi dəlillərin hüquqi əsası yoxdur. Belə ki, əvvəla Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişinlərin, baqajın və yüklərin daşınması Qaydalarının 15.2-ci bəndində Aviadaşıyıcının baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ təsbit edilmişdir. Həmin bəndin 3cü abzasında göstərilib ki, baqajın qablaşdırılması nizamlı və təhlükəsiz daşınmaya imkan vermədiyi halda baqaj daşınmaya qəbul olunmur. Həmçinin, həmin bəndin 10-cu abzasında göstərilib ki, Aviaşirkət baqaj qismində daşımaya qəbul edilməsindən imtina etdiyi malları və ya əşyaları öz nəzarəti altına götürməyə borclu deyil və onlara görə məsuliyyət daşımır. Nəzərə alaraq ki, işin hallarına görə Aviadaşıyıcı tərəfindən baqajın düzgün qablaşdırılmaması ilə bağlı sərnişinə hər hansı irad bildirilməyib və hətta qablaşdırma düzgün aparılmamışdırsa belə aviadaşıyıcı qeyd olunan Qaydaların 15.2-ci bəndində təsbit edilmiş imtina hüququndan istifadə etməyib, Aviadaşıyıcı həmin baqajı daşımağı öz öhdəsinə götürüb. Bu isə o deməkdir ki, həmin baqajın təhlükəsiz daşınmasına görə cavabdeh məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müddəaların rəsmiləşdirilməsi və Sənədlərin tərtib edilməsi Qaydası’nın 4.3.1-ci bəndinə görə daşıyıcı baqajı daşınma üçün qəbul etdiyi andan lazımi şəxsə və ya digər təşkilata təhvil verənə qədər onun qorunub saxlanmasına görə müəyyən edilmiş qaydalara uyğun məsuliyyət daşıyır. Bundan başqa, qeyd olunan Qaydaların 15.4.2-ci bəndndə göstərilib ki, Sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Qaydaların 15.4.3-cü bəndində göstərilib ki, Baqajın təhlükəsiz daşınması və mexaniki vasitələrdən istifadə etməklə emal olunmasını təmin edən qıfıllı çamadanlara və ya digər müvafiq konteynerlərə yığılmadığı halda Aviaşirkət həmin baqajın qeydiyyatdan keçmiş baqaj kimi qəbul olunmasından imtina etmək hüququna malikdir. Bu müddəadan da göründüyü kimi bu halda da Aviadaşıyıcı baqajın lazımi qaydada qablaşdırılmadığını aşkar etdiyi hallarda həmin baqajın daşınmasından imtina etməli idi. Bundan başqa, qeyd edilməlidir ki, mübahisə predmeti olan vaza Türkiyə Respublikasında fəaliyyət göstərən “MGM GROUP” şirkətinin adından, həmin şirkətin iştirakı ilə Bakı şəhərində keçirilən bir tədbirdə təqdim edilməsi üçün alınmış və tədbirin təşkilatçıları bu barədə əvvəlcədən məlumatlandırılmışdır. Bu isə vazanın mənəvi dəyərinin də çox yüksək olduğuna dəlalət edir. Lakin son anda vazanın aviadaşıyıcının təqsiri ucbatından sınması və tədbirdə təqdim edilə bilməməsi hüquqlarını təmsil etdiyi İddiaçı2 baş vermiş hadisə nəticəsində keçirdiyi psixoloji sarsıntı nəzərə alınmaqla, əlavə olaraq 10.000 (on min) manat məbləğində mənəvi ziyanın da ödənilməsini həm qanuni, həm də ədalətli hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qırılan vazaya dair tərəflərindən təqdim edilən qəbz məhz qarşı tərəfin əşyanın dəyərini təhrif etməsinə görə təqdim edilmişdir. İddiaçının təqdim edilən qəbzində QR kod yoxdur. Bu səbəbdən qəbzin saxta olub-olmaması müəyyən edilmir. Son olaraq, vazanın alındığı dükan araşdırılmış və müəyyən edilmişdir ki, kiçik dükandır və orada əl işləri satılmır.Ümumiyyətlə isə onlar bu məsələdə hər hansı cavabdehlik daşımırlar. İddiaçı sərnişinin bileti üzrə yük həcminə nəzər salınsa, onun həmin vazanı təyyarəyə əl yükü kimi götürmək imkanı olmuş, lakin o, bunu etməmiş, vazanı baqaja daşınmaya vermişdir. Aviaşirkət heç bir məsuliyyət daşımır. İş materialları: “ASG Ground Handling” tərəfindən tərtib edilmiş “property irregularity report” (əmlak pozuntusu hesabatı) adlı sənədindən görünür ki, J29106/03oct reysi ilə X18 X6 Aeroportuna (SAW-GYD) uçan sərnişin İddiaçı1 məxsus J2890792 birkalı vaza zədələnmişdir (vase was damaged). “Azərbaycan Hava Yolları" QSC-nin SDTD-nin böyük dispetçeri Elvin Məhərrəmli və STDT-nin agenti Rauf Rüstəmov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, J29106/03oct reysinin (saw-gyd) sərnişini İddiaçı1 məxsus J2890792 birkalı MC99 tipli (vaza) 5,35 kq çəkidə baqaj qırılması sənədləşdirilmişdir. İddiaçı1 tərəfindən “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitseprezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı1 “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən 15000 ABŞ dolları məbləğində dəymiş zərərin əvəzinin hamısının ödənilməsini xahiş etmişdir. “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Pretenziya Komissiyasının xx.xx.2022-ci il tarixli, 724 saylı protokolundan görünür ki, “Azərbaycan Hava Yolları" QSC-nin xx.xx.2013-cü il tarixli 120 saylı Əmri ilə təsdiq olunmuş “Azərbaycan Hava Yolları" QSC-nin “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları"nın 15-ci maddəsinin 15.4.6-ci bəndinə əsasən (Aviaşirkət tezsınan, kövrək və ya tezkorlanan əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür. Sərnişin bu tövsiyəni yerinə yetirmədiyi təqdirdə Aviaşirkət həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və qorunması üçün məsuliyyət daşımadığından) İddiaçı1 J2890797 saylı birka ilə baqajının (güldan) qırılması ilə bağlı iddiasının əsassız sayılması qərara alınmışdır. “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, İ-1163 nömrəli məktubdan görünür ki, Pretenziya Komissiyası “Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Hava Yolları" QSC-nin xx.xx.2013-cü il tarixli 120 saylı Əmri ilə təsdiq olunmuş “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları"nın 15-ci maddəsinin 15.4.6-cı bəndini rəhbər tutaraq (Aviaşirkət tezsınan, kövrək və ya tezkorlanan əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür. Sərnişin bu tövsiyəni yerinə yetirmədiyi təqdirdə Aviaşirkət həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və qorunması üçün məsuliyyət daşımır) iddianı əsassız saymışdır. Bununla əlaqədar iddianın təmin edilməsi qeyri-mümkündür. "xxxx" Məhdud Şirkətinin xx.xx.2022-ci il tarixli, 018201 nömrəli qəbzdən görünür ki, "xxxx" Məhdud Şirkəti “çini seramik zırh” adlı əşya almış və həmin əşya üçün 10.000 ABŞ dolları (16.995 manat) ödəmişdir. "xxxx" Məhdud Şirkətinin xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 “eski çin seramik zırh” adlı vaza almış və həmin vaza üçün 8.475 ABŞ dolları, ƏDV üçün 1.525 ABŞ dolları, cəmi 10.000,50 ABŞ dolları (16.995,85 manat) ödəmişdir. Cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinə xx.xx.2023-cü il tarixdə etirazında bildirmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçının “İstanbul-Bakı” istiqamətində J2 9106 nömrəli reyslə uçuşu yerinə yetirən hava gəmisində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Hava gəmisinin qalxma və enmə məntəqələri iki müxtəlif dövlətin ərazisində olduğundan beynəlxalq hava daşımasıdır. Bu səbəbdən iddiaya baxılarkən yerli qanunvericilik, həmçinin cavabdehin “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”ilə (bundan sonra-Qaydalar) yanaşı 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın (bundan sonra-Konvensiya) (Azərbaycan Respublikasının 30 sentyabr 2014-cü il 1022- İVQ nömrəli Qanunu ilə təsdiq edilib) normaları da tətbiq edilməlidir (Konvensiyanın 1-ci maddəsi), hüquqi aktlar arasında ziddiyət yarandığı təqdirdə Konvensiyanın normaları milli qanunvericiliyə və Qaydalara münasibətdə üstünlüyə malikdir. İddiaçı aviabileti aldığı andan cavabdeh və iddiaçı arasında daşıma müqaviləsi bağlamış hesab edilir və axırıncı bu müqavilənin bütün şərtləri ilə razılaşmış hesab edilir. İddiaçı ilə bağlanmış daşıma müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.7-ci maddəsinin müddəalarına əsasən ümumi oferta hesab edilir. Cavabdehin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təsdiq edilmiş və mülki aviasiya sahəsində dövlət idarəetmə (İcra hakimiyyəti) orqanı olan Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmış Qaydaları (cavabdehin www.azal.az saytında dərc edilmişdir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 418.1-ci maddəsinə müvafiq olaraq tərəflər arasında bağlanmış daşıma müqaviləsinin tərkib hissəsidir. Cavabdehin Qaydalarına əsasən onun məsuliyyəti real vurulan ziyan məbləğindən artıq olmamalıdır (bənd 22.5.1.), ona qarşı irəli sürülən hər bir iddiada onun irəli sürülmə səbəbləri, vurulan ziyan, itirilmiş və ya zədələnmiş baqajın içindəki əşyalar, vurulan ziyanın xarakteri və məbləği təsvir edilməlidir, maraqlı tərəf ziyan məbləğini sübut etməlidir (bənd 23.1.3.), ziyanın ödənilməsini tələb etmək hüququnu sübut edən bütün zəruri sənədləri–bileti, normadan artıq baqaja görə ödəniş qəbzini (və ya onların surətini), baqaj birkasının qopardılmış talonunu, çəkilən məsrəfləri göstərən çekləri, qəbzləri iddiaya əlavə etməlidir (23.1.4.). İddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübut daşıma zamanı zədə almış (sınmış) vazanın fotoşəkilidir ki, oradan açıq-aydın görünür ki, iddiaçı onu müvafiq materialdan düzəldilmiş kənar təsirə davamlı qutuya (taraya) və ya bərk divarlı çamadana deyil, yumşaq materiala bükərək polietelen torbaya yerləşdirmişdir ki, baqajın bu şəkildə qablaşdırılması şübhəsiz ki, hava gəmisinin qalxması və enməsi, həmçinin hava gəmisinin müvafiq hündürlükdə (eşalonda) uçuşu yerinə yetirdiyi zaman, əlaxüsus güclü turbolentlik şəraitində, baş verə biləcək kəskin silkələnmələr zamanı kövrək materialdan hazırlanmış saxsı qabın müxtəlif səbəblərdən zədələnməməsinə təminat verə bilməzdi. Məhz bu kimi hallar nəzərə alınaraq Qaydaların 15.4.7-ci bəndində qeydiyyata alınmış baqaja tezsınan, kövrək və tezkorlanan əşyalar daxil edilməməsini sərnişinlərin xüsusi olaraq diqqətinə çatdırılır ki, bu da gələcəkdə baş verə biləcək hər hansı bir hadisəyə görə cavabdehin belə zərər üçün məsuliyyət daşımadığını ehtiva edir. İddiçının baqajın üzərinə yapışdırılmış “Şüşə qədəh” əks etdirən stikerə və ingilis dilində “Fragile” (Tezqırılan) yazısına gəldikdə isə bütün bunlar bağajın hava gəmisinə/gəmisindən yüklənməsi/boşaldılmasını həyata keçirən yerüstü xidmətin işçilər üçün məlumat xarakteri daşısa da, baş vermiş halla heç bir səbəb əlaqəsi yoxdur. Konvensiyanın 17-ci maddəsinin (Sərnişinlərin ölümü və bədən xəsarəti almaları. Baqajın zədələnməsi) 2-ci bəndinə görə məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər müəyyən dərəcədə baqaja xas olan nöqsan, keyfiyyət və ya qüsurun nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır. Artıq, yuxarıda qeyd edildiyi kimi, iddiaçı baqajı Qaydaların (bax Qaydaların 15.4.7-ci bəndi) müvafiq tələbini pozmuş, həmçinin, keyfiyyətinə görə daşımanın istənilən mərhələsində sınması riskinin mümkünlüyü açıq-aşkar istisna edilməsə də, onu şəxsi istəyi ilə cavabdeh hava gəmisinin baqaj bölməsində daşımaya təqdim etmişdir, baxmayaraq ki, vaza öz ölçü və qabaritinə görə əl yükü kimi hava gəmisinin salonuna daşına bilərdi. Cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə 2(006)-697/2024 nömrəli mülki iş üzrə əsl olmayan tərəfin əvəz edilməsi və sübutun xaric edilməsi haqqında ərizə göndərərək bildirmişdir ki, X4 və İddiaçı2 Ürüsanın birgə iddiaları əlaqədar AZAL QSC-nin İstanbul nümayəndəliyindən təqdim edilmiş sərnişin manifestindən məlum olur ki, xx.xx.2022-ci il tarixində “İstanbul-Bakı” istiqamətində J2 9106 nömrəli reysi yerinə yetirmiş hava gəmisində sərnişin kimi iddiaçılardan yalnız X7 qeydə alınaraq uçmuşdur. İddiaçı2 adlı şəxs xx.xx.2022-ci il tarixində “İstanbulBakı” istiqamətində J2 9106 nömrəli reysi yerinə yetirmiş hava gəmisinə sərnişin kimi qeydə alınmamış və uçmamışdır. Yaranmış şərait İddiaçı2 AZAL QSC-nin qeyd edilən reysində uçuş üçün bilet almaması (daşıma müqaviləsi bağlamaması) onun məhkəmədə iddia qaldırmaq və hər hansı bir sübut təqdim etmək hüququnun olmadığını ehtiva edir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı2 əsl olmayan iddiaçı kimi əvəz edilməsi və “Capella” DİŞ TİCARET A.Ş.-nin “Prohorma İnvoce”nun sübutlardan xaric edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" QSC-nin X8 Aeroportundakı nümayəndəsi Rüstəm Hüseynov xx.xx.2024-cü il tarixdə AZAL QSC-nin Hüquq İdarəsinin Hüquq şöbəsinin rəis müavini Sahib Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş sorğuya cavab olaraq bildirmişdir ki, sərnişinlər vazanı qabaqcadan əməkdaşlara göstərib, tez sınan əşya olduğundan əl yükü kimi təyyarənin bortuna aparmaq istəklərini bəyan etməmiş və onu öz seçimləri ilə qeydiyyata alınmış baqaj kimi daşınmaya təhvil vemişlər. Qeyd edir ki, əgər sərnişinlərdən belə bir müraciət daxil olsa idi, əməkdaşlar birmənalı şəkildə AZAL QSC-nin "Sərnişinlərin, baqajın və yükün daşınması qaydalarfna (sonradan-Qaydalar) uyğun olaraq tezsınan əşyanın təyyarənin sərnişin salonunda qeydə alınmamış bağaj (əl yükü) kimi daşınmasına icazə vərərdilər. Bildirir ki, sərnişinlər ümümiyyətlə əməkdaşlara qeydiyyata alınmış baqajın dəyərini bəyan etməmişlər, əks təqdirdə vaza Qaydaların 15.6-cı bəndində nəzərdə tutulmuş şərtlərlə daşımaya qəbul edilərdi. Əlavə olaraq qeyd edir ki, sərnişin manefestindən göründüyü kimi xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində uçuşu yerinə yetirmiş J29106 nömrəli reysə X12 sərnişin kimi qeydə alınmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində üzərində “Special Hand made Nor Collection" yazıları olan vaza əl işi olduğundan və respublikada yerləşən ticarət şəbəkələrində, mağazalarda, internet saytlarında satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə tərəfindən mübahisə predmeti olan qırılmış vazanın dəyərini müəyyən etmək məqsədi ilə, “Alternativ Ekspertiza” Mərkəzinə vazanın xx.xx.2022-ci il tarixinə olan satış qiyməti barədə mütəxəssis arayışının təqdim edilməsi barədə müraciət olunmuş və “Alternativ Ekspertiza” Mərkəzinin xx.xx.2024-cü il tarixli, 134 nömrəli mütəxəssis arayışı ilə bildirilmişdir ki, mərkəzin qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən olunmuşdur ki, sözügedən vazanın Azərbaycan Respublikası ərazisində topdan və pərakəndə satış qiymətləri barədə məlumatı əldə etmək mümkün olmamışdır. Lakin, təqdim olunmuş xx.xx.2022-ci il tarixli hesab-faktura sənədinə (“Capella Dis Ticaret’ proforma invoice) əsasən, "X16 Collection" yazıları olan vazanın ilkin satış qiyməti 10.000,50 ABŞ dolları məbləğində təşkil etmişdir. 2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi 1,70 manat olduğunu nəzərə alaraq, “X16 Collection” yazıları olan vazanın xx.xx.2022-ci il tarixinə sənəd üzrə satış qiyməti manat ilə 17.000,85 (10.000,50 x 1.70) manat təşkil edir. “X17 Sanayi ve Ticaret” Məhdud Şirkətinin GİB**********026 e-Arxiv faktura qəbzindən görünür ki, “çini miferli kaftan” (kaftan dəblək kaftan) adlı əşyanın dəyəri 13.500 TL, ƏDV məbləği 2700 TL əlavə edilməklə 16200 TL təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 842.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 11 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın: 4.1.1-ci bəndinə əsasən Aviaşirkət (daşıyıcı) nəqliyyat əməliyyatlarını yerinə yetirərkən sərnişinlər, yükgöndərənlər və yükalanlar ilə hüquq münasibətlərini yaradır və Azərbaycan Respublikasının qanunvericiliyinə, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və hava daşımalarının təşkilinə dair sənədlərin tərtib edilməsi və müqavilələrin rəsmiləşdirilməsi Qaydasına, habelə “Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üçün” Konvensiyaya (1929-cu ildə imzalanmış Varşava Konvensiyası), “Beynəlxalq daşımalara aid olan bəzi qaydaların unifikasiyası üçün Konvensiyaya düzəlişlər haqqında Protokol”a (1955-ci ildə imzalanmış Haaqa protokolu), qeyd edilən Konvensiyaya aid olan digər protokol və əlavələrə uyğun olaraq əmlak məsuliyyəti daşıyır. 4.3.2-ci bəndinə əsasən, dəyəri bəyan edilərək daşınma üçün qəbul edilmiş baqaj itdikdə və ya tam çatdırılmadıqda, daşıyıcı baqaj üçün bəyan edilmiş dəyər həcmində məsuliyyət daşıyır. Əgər daşıyıcı bəyan edilmiş dəyərin həqiqi dəyərdən artıq olduğunu sübut edərsə, o, baqajın həqiqi dəyəri həcmində məsuliyyət daşayacaq. 4.3.7-ci bəndinə əsasən, daşıyıcı qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan hallarda, xüsusilə aşağıdakı hallarda baqajın itdiyini, tam çatdırılmadığını və ya zədələndiyini sübut edərsə, məsuliyyətdən azad olunur: baqajı təhvil verən və ya alan şəxsin günahı olduqda; daşınan əşyaların təbii xassələri ilə əlaqədar; qəbul edilən baqaja zahiri baxış zamanı bağlamada nəzərə çarpmayan nöqsanlar olduqda; baqajda olan, daşınması və saxlanması zamanı xüsusi şərtlər və ehtiyat tədbirləri tələb edilən əşya və ya maddələrin xüsusi xassələrinə görə. 4.3.8-ci bəndinə əsasən, daşıyıcı aşağıdakılara görə məsuliyyət daşımır: iddia irəli sürən şəxs və ya şikayətçi baqajın daşıyıcının günahı üzündən tam çatdırılmadığını sübut etməzsə, daşınan baqajın nöqsansız bağlamada, içində olan əşyalara toxunulmadan və zədələnmə izləri olmadan gətirildiyi və sərnişinə təhvil verildiyi halda onun çəkisinin çatışmamasına görə; daşıyıcıdan asılı olmayan səbəblərə görə, xüsusilə əlverişsiz meteoroloji şərait nəticəsində baqajın gec çatdırılmasına görə; baqaja qoyulmuş pul və qiymətli kağızların, sənədlərin, qiymətli daşların və daşınma zamanı xüsusi saxlanma tədbirləri tələb edən digər oxşar əşyaların itməsinə görə. 4.4.1-ci bəndinə əsasən daşıyıcı zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri gördüyünü və ya belə tədbirlərin görülməsinin mümkün olmadığını sübut etməzsə, yükün daşınma üçün qəbul edildiyi andan yükalana və ya digər təşkilata təhvil verilənə qədər itməsi, çatışmaması və ya zədələnməsinə görə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət daşıyır. Daşıyıcı digər halı sübut edənə qədər yükün daşınma zamanı itdiyi, çatışmadığı və ya zədələndiyi güman edilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2013-cü il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yüklərin daşınması” qaydalarının: 15.4.2-ci bəndinə əsasən, sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq Aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və Sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir. 15.4.6-cı bəndinə əsasən, aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür: tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar; pullar, açarlar; zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar; təbii xəz; elektron avadanlıq; kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar; audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar; eynəklər, binokllar və digər optik cihazlar; texniki, tibbi və digər sənədlər; işgüzar və şəxsi sənədlər; qiymətli kağızlar və əşyalar; istehsal avadanlığı və nümunələr/ şablonlar;video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları; tibb preparatları, avadanlıqlar; fotoşəkillər, əntiq mallar; əvəz edilməsi mümkün olmayan əşyalar; mayelər, ətriyyat, alkoqollu içkilər; alətlər. Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır. 15.6.1-ci bəndinə əsasən, sərnişin qeydiyyata alınmış baqajının dəyərini elan etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı1 Türkiyə Respublikasının Sabiha X13 Azərbaycan Respublikasına səfər edərkən ona digər İddiaçı2 tərəfindən tapşırıq şəklində Azərbaycana gətirilməsi həvalə edilmiş vazanı daşıyıcının baqajına təhvil vermişdir. Bakı şəhərinə çatdıqdan sonra baqaj yükünün, yəni vazanın qırıldığını görmüş, cavabdehə pretenziya göndərmiş və pretenziyası əsassız hesab edildikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, ona tezsınan əşyanın baqaja yükləndikdən sonra qırılması halında aviadaşıyıcının məsuliyyət daşımaması izah edilməmişdir. Bu səbəbdən, vazanın dəyərinin ona ödənilməsini və baş verən hadisəyə görə ona dəymiş mənəvi zərərin ödənilməsini istəyir. Məhkəmə araşdırması zamanı bir neçə hal mübahisələndirilmişdir. Bunlar cavabdehin qeyd edilən halda məsuliyyətinin istisna edilməsi, məhv olmuş baqajın dəyəri və İddiaçı2 hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun olması ilə bağlı məsələlərdir. Məhkəmə ilk növbədə iddiaçıların belə bir iddia tələbi ilə müraciət etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisə olunan vaza ilkin olaraq İddiaçı2 tərəfindən dəyəri ödənilməklə əldə edilmiş, onun mülkiyyətində olmuş və o, həmin əşyanın Bakıya gətirilməsini İddiaçı1 tapşırmışdır. Vazanın dəyərini ödəyən şəxsin İddiaçı2 olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 münasibətdə əsaslıdır, digər İddiaçı1 isə cavabdehin daşıma xidmətindən istifadə edən sərnişin olmasına baxmayaraq zərər ona deyil, vazanın dəyərini ödəməklə maddi vəsait sərf etmiş digər İddiaçı2 dəydiyi üçün bu iddia tələbi üzrə yalnız X14 subyektiv hüquqa malikdir. İkinci mübahisə edilən hal cavabdehin daşıyıcı kimi məsuliyyəti ilə bağlı məsələdir ki, məhkəmə bununla bağlı vurğulayır ki, iddiaçı cavabdeh aviaşirkətdən müvafiq daşıma xidməti üçün bilet aldığı zaman, iddiaçının aviadaşıyıcı şirkət tərəfindən müəyyənləşdirilmiş qaydaları qəbul etməklə, tərəflər arasında müqavilə bağlanmış hesab edilir. Cavabdeh aviaşirkətin daxili qaydalarından görünür ki, sərnişinin baqajı rəsmiləşdirildikdən sonra, aviaşirkət həmin baqajın tezsınan əşyalara aid olduğunu, bunu həmin baqajın üzərinə öz loqosu ilə “Fragile” (tezsınan) yapışdırıcısını bərkitməklə bilməsini təsdiqləməklə, həmin əşyanı daşımağa qəbuldan imtina etməmiş, bunun məsuliyyətinin sərnişinə aid edilməsi barədə sərnişini xəbərdar etməsini rəsmiləşdirməmişdir. Bununla da daşıyıcı həmin əşyanı daşımağa qəbul etdiyi andan onun qorunması və daşınmasına görə məsuliyyəti öz üzərinə götürmüş hesab edilməlidir. Odur ki, cavabdehin onun tezqırılan əşyanın daşınmasına görə məsuliyyətinin istisna edilməsinə dair dəlili tamamilə əsassızdır. Digər mübahisəli hal isə, dəymiş zərərin miqdarının müəyyən edilməsidir ki, iddiaçı qırılan əşyanın dəyərinin 10.000,05 ABŞ dolları olduğunu bildirdiyi halda, cavabdeh bunu təkzib edərək əşyanın dəyərinin 13.500 türk lirəsi olduğunu bildirir. Hər iki tərəf öz mülahizəsini müvafiq ödəniş qəbzləri ilə əsaslandırır. Məhkəmə hər iki ödəniş qəbzini müqayisə edərək bu qənaətə gəlir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzi daha mötəbər hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübut yalnız fotoşəkil formasında olduğundan etibarlılığı müəyyən edilmədiyi halda, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzindəki QR kod vasitəsi ilə qəbzin həqiqiliyini yoxlamaq mümkün olur. Həmçinin məhkəmə bir məqamı da vurğulamağı zəruri hesab edir ki, həqiqətən də dəyəri 10.000 ABŞ dolları olan vazanın yalnız kağız örtüklə örtülərək daşınması üçün ağır çəkili yüklərin də verildiyi ümumi baqaja verilməsi adi məntiqə uyğun deyildir. Əgər, həqiqətən də vaza iddiaçının iddia etdiyi kimi müstəsna əhəmiyyətli əl işi məhsulu olmaqla kifayət qədər yüksək dəyərə malik olmuş olsa idi, nə ona 10.000 ABŞ dolları ödəmiş İddiaçı2, nə də vazanın Bakıya gətirilməsi həvalə edilmiş İddiaçı1 onu bu şəkildə daşınması üçün baqaja təhvil verməzdi. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, həmin vazanın dəyəri heç də iddiaçıların iddia etdiyi kimi 10.000 ABŞ dolları dəyərində deyil, cavabdehin təqdim etdiyi qəbzə uyğun dəyərdə olması daha qəbulediləndir. Beləliklə məhkəmə qeyd edir ki, şəxsə dəymiş maddi ziyanın ödənilməsi tələbinin təmin edilməsi üçün ziyan faktı, dəymiş ziyanın məbləği və ziyan vurulmasında təqsirli olan subyektlər və onların ziyan vuran əməlləri müəyyən edilməli olduğundan, hazırki iş üzrə məhkəmə araşdırması zamanı hər bir hal tam şəkildə öz təsdiqini tapmışdır. İddiaçı2 dəyərini ödədiyi vazaya görə həmin vazanı daşımağa qəbul etmiş aviadaşıyıcının təqsirli hərəkətləri nəticəsində vazanın dəyəri məbləğində ziyan dəyməsi sübuta yetirilir. Bununla yanaşı məhkəmə iddiçıya qeyd edilən halla bağlı mənəvi zərər dəyməsini də qəbul edir və bildirir ki, iddiaçıya bu faktla əlaqədar dəymiş mənəvi zərərə görə də kompensasiya ağlabatan həddə cavabdehdən tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən dəymiş maddi ziyana görə 16200 türk lirəsinin qətnamə qəbul edilən günə Azərbaycan manatı məzənnəsinə (1 türk lirəsi=0,0497 manat) uyğun olaraq (16200x0,0497) 805,14 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat olmaqla, cəmi 1.136,14 manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı bildirir ki, iddiaçı tərəfindən qiymətləndirilən iddianın verilməsinə görə 195 manat ödənilsə də, həmin məbləğ tələbin təmin edilmiş hissəsinə uyğun olaraq (31 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (164 manat) iddiaçının özünə aid edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən dəymiş maddi ziyana görə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat olmaqla, cəmi 1.136,14 (min yüz otuz dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 164 (yüz altmış dörd) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar