Məhkəmə qərarları › İş №2(006)-727/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-727/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-727/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Dadaşov Mübariz Qəribəli oğlunun, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyev Mətanət Əbülfət oğlunun iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən 22.06.2015-ci il tarixli 465 saylı kredit müqaviləsinə əsasən İddiaçı 18 ay müddətinə, illik 24% olmaqla, 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə uyğun ödənişlər vaxtlı-vaxtında həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə borclarına nəzarət orqanının 27.03.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na əsasən restrukturizasiya əməliyyatının həyata keçirilməsi təmin edilir. Lakin iddiaçının xarici valyuta ilə götürdüyü kreditə Prezidentin Fərmanı tətbiq olunmamışdır. İddiaçı tərəfindən kredit borcunun 40-45% ödənilməsinə baxmayaraq, Bank iddiaçıdan cəmi 2449,35 ABŞ dolları məbləğində pul vəsaitinin manatla 4163,89 manat ödənilməsini qanunsuz olaraq tələb edir. Bank Prezidentin məlum Fərmanının icrasından boyun qaçırır. Həmçinin, Bank tərəfindən ona restrukturizasiyanın olunması təklifi barəsində göndərdiyi bildirişi almamışdır. Göstərilənlərə əsasən Prezidentin məlum Fərmanının icra olunmasına dair ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi M.Q.Dadaşov iddianın dəqiqləşdirilməsi haqqında ərizəni məhkəməyə təqdim edərək 22.06.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Fərmana uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Dadaşov Mübariz Qəribəli oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyev Mətanət Əbülfət oğlu iddia tələbinə etiraz edərək, bildirmişdir ki, tərəflərindən iddiaçıya 18.11.2019-cu il tarixdə bildiriş göndərilərək, 22.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədi ilə LPO "xxxx" ASC-nin “Əməliyyat İdarəsi” filialına yaxınlaşa biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na əsasən yeni güzəştli kredit müqavilələrinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İddiaçı isə göstərilən müddətdə Banka müraciət etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” haqqında 12.12.2021ci il tarixli çıxarışdan görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə 22.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 3490,66 manat borcu vardır. Həmin kredit müqaviləsi ilə bağlı 1354,54 manat məbləğində kompensasiya hesablanmış, kreditin qalan 2136,13 manat hissəsi isə restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmüşdür. Həmçinin, işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanına göndərilmiş bildirişdən görünür ki, iddiaçının adına olan kreditin restrukturizasiya olunması üçün sonuncuya müvafiq Banka müraciət etməsi təklif olunmuşdur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən həmin Fərman baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul olunmuşdur. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 10-cu bəndi ilə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh ASC ilə bağladığı kredit öhdəliyi restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşdüyünə görə, həmçinin Bankın ləğvedicisi tərəfindən iddiaçıya onun adına olan kreditin restrukturizasiya olunması üçün müvafiq Banka müraciət etməsi təklif olunması barədə bildirişin göndərilməsinə baxmayaraq, həmin bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığına, iddiaçı isə bildirişi almadığını bildirdiyinə görə iddia tələbi əsaslı hesab olunaraq təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı "xxxx" ASC ilə bağladığı 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC ilə bağladığı 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar