Məhkəmə qərarları › İş №2(006)-741/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-741/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-741/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 aprel 2018-ci il tarixli CMK4626149 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 303 (üç yüz üç) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 533 (beş yüz otuz üç) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 ay müddətinə bağlanmış 22 aprel 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 772 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 303 (üç yüz üç) manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2909 (iki min doqquz yüz doqquz) manat faiz borcu yaranmışdır (303 manat x 960 gün x 1% = 2909 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğu qeyd edilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iş üzrə iddia müddəti bitdiyindən iddia müddətinin tətbiq olunmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, iş üzrə əlavə sübutlarının və vəsatətlərinin olmamasını bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara iddia ərizəsi ilə birlikdə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 22 aprel 2018-ci il tarixli ******* saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 772 (yeddi yüz yetmiş iki) AZN məbləğində məişət avadanlığı əldə etmiş, 40 (qırx) AZN ilkin ödəniş etmiş və qalan 732 (yeddi yüz otuz iki) AZN məbləği 12 ay müddətinə aylıq 61 (altmış bir) AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 1757 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 22 aprel 2018-ci il tarixli CMK4626149 saylı müqavilə üzrə ödənilməmiş 303 AZN əsas (qalıq) borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə ******* saylı müqavilə bağlanmış və müqaviləyə əsasən, cavabdeh 772 manat dəyərində olan məişət avadanlığını 40 manat ilkin ödəniş etməklə əldə etmişdir. Müqavilə üzrə qalan 732 manat isə tərəflərin razılığına əsasən aylıq 61 manat olmaqla 12 ay müddətində cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixə iddiaçıya 303 manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 303 manat əsas borc, 200 manat faiz borcu, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçının iddia ərizəsini iddia müddətini ötürməklə məhkəməyə verdiyindən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması nəticəsində öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən və həmin ərizə əsaslı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 12 ay müddətinə müqavilə bağlanmışdır. Müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə başa çatmasına baxmayaraq, iddiaçı müvafiq iddia tələbi ilə yalnız müqavilə müddəti bitəndən 3 il 7 ay 16 gün sonra, yəni xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. İddia müddəti ərzində iddiaçı tərəfindən cavabdehə qarşı müvafiq tələblə məhkəməyə müraciət edilməsi və ya cavabdehin həmin müqavilə üzrə ödəniş edərək borcunun olmasını etiraf etməsi halı məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı tərəfindən buna dair sübutlar məhkəməyə təqdim edilməmiş, bundan əvvəl keçirilmiş hazırlıq iclaslarında iddiaçının nümayəndəsi hər dəfə eyni məzmunlu ərizə təqdim edərək, iş üzrə bütün sübutları təqdim etdiyini, əlavə sübutları və vəsatətləri olmadığını bildirərək, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə başlayan iddia müddətinin axımı kəsilməmiş və hazırki tələb üzrə iddia müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə yalnız iddia müddəti bitdikdən sonra müraciət etmiş, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, iddiaçı tərəfindən iddia müddətinin hansı səbəbdən buraxılması və yaxud buraxılmış müddətin üzrlü hesab edilməsinə dair səbəblər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi əsas borcun ödənilməsi hissəsində qanunvericilikdə bu cür tələblər üzrə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən təmin edilməməlidir. Faiz borcuna gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsində “müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1 % məbləğində faiz borcu ödənilməlidir” göstərilsə də, tərəflərin razılığı ilə imzalanmış müqavilədə belə bir bənd və ya qeyd yoxdur, yəni tərəflər müqavilə üzrə öhdəliklərini müəyyənləşdirərkən belə öhdəliyin olmasına dair razılığa gəlməmişlər. Məhkəmə tərəflər arasında olan müqaviləyə nisyə alqı-satqı müqaviləsi kimi qiymət verdiyindən, həmin müqavilə üzrə iddiaçının Mülki Məcəllənin 449-cu maddəsi ilə müəyyən edilmiş faizlərin ödənilməsini tələb etmək hüququ vardır, lakin qeyd edilməlidir ki, bu zaman iddiaçı cavabdehin ona ödəməli olduğu pul vəsaitini qanunsuz saxlamaqla həmin vəsaitdən faydalandığını müvafiq qaydada sübuta yetirməlidir. Buna görə də, iddiaçının cavabdehdən faiz borcunu tələb etməyə əsası olmadığından və faiz borcu tələbini müvafiq qaydada sübuta yetirmədiyindən, tələb faiz borcu hissəsində əsassızdır və təmin edilməməlidir. Qeyd edilməlidir ki, tələb bu hissədə əsassız olduğundan, iddia müddətinin tətbiqinə zərurət qalmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sözügedən Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Müvafiq olaraq Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi əsas borcun ödənilməsi hissəsində əsaslı olmasına baxmayaraq, iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, faiz borcunun ödənilməsi hissəsində isə əsassız olduğundan, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə dövlət rüsumunun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Müki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Müki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar