Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-774/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət üzrə kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət üzrə kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 23- 138997-16 saylı bank əmanəti müqaviləsinə müvafiq olaraq banka illik faiz dərəcəsi 3% olmaqla, 12 ay müddətinə 10000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Əmanət müqaviləsinin tarixi bitdiyi gün banka yaxınlaşıb əmanəti və ona hesablanmış faiz məbləğini götürmək istədikdə ona bildirildi ki, bankda pul vəsaiti yoxdur. Bankda pul olan kimi məlumat veriləcək. Mərkəzi Bankın 2020-ci il 29 aprel tarixli məktubuna əsasən,”xxxx” Açıq Səhmdar Cəmiyyətində sığorta hadisəsi baş vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli qərarına əsasən “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu həmin bankın ləğvedicisi təyin edilmişdir Sonradan onlara məlumat verilmişdir ki, bank tərəfindən müqaviləsinin müddəti birtərəfli qaydada həmin günə dəyişdirilmiş şərtlərlə yenidən uzadılmışdır. İddiaçı bununla əlaqədar olaraq “xxxx” ASC-nin baş ofisinə yaxınlaşaraq baş verənlərin səbəbini soruşanda ona əmanət müqaviləsinin müddətinin 2019-cu ilin noyabr ayında bitdiyindən bank özbaşına illik faiz dərəcəsini 3%-dən yuxarı qaldırmış buna görə əmanətlərinin sığortalı olmadığı bildirilmişdir. Bununla bağlı olaraq, Əmanətlərin Sığortalanması Fonduna yazılı müraciət etmiş, lakin bu günə qədər də əmanətçiyə heç bir rəsmi cavab verilməmişdir. Əmanətlərin Sığortalanması Fondunun iddiaçının əmanətinin ödənilməməsi ilə bağlı qərarı əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə əmanətin müddətinin bitdiyi gündə əmanət geri götürülməzsə, müqavilə eyni şərtlərlə, lakin həmin günə bankda qüvvədə olan olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. “xxxx” ASC-də bu maddəni tətbiqində bilərəkdən ciddi yanlışlığa yol vermişdir. Belə ki, burada bank qanunveriliyində banka belə bir hüquq verilməsi əmanətin tələbli əmanət statusuna daxil olması səbəbindən bank üçün risk daşığından müştəriyə ödənilməli olan faiz dərəcəsinin azaldılmasından irəli gəlir. Bank isə çox şübhəli şəkildə maddənin mahiyyətindən kənara çıxaraq faiz dərəcəsini artmaqla (öz ziyanına) əmanətin sığortalanmış statusunda çıxmasına səbəb olmuşdur. Bu hal isə iddiaçı üçün bütün məbləğin itirilməsi riski yaratmışdır. Göstərilənlərə əsasən “xxxx” ASC-yə xx xxxxxx 2018-ci il tarixli, 23-138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının yerləşdirdiyi əmanətə görə 10000 (on min) ABŞ dolları məbləğində əmanət qoyulmuş pul və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 ABŞ dolları kompensasiya məbləğinin (günün məzənəssinə uyğun olaraq) Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23-138997-16 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 10.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.4-cü maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 3 % ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu günədək əmanət “əmanətçi” tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, bu şərtlə ki, “Bank” müqavilənin müddətinin uzadılmasına razı olsun. “Bank” müqavilənin müddətinin uzadılmasına razı olmadıqda müqaviləyə xitam verilir və müqavilənin 4.2-ci bəndi ilə müəyyən olunan qaydada əmanət “əmanətçi”yə qaytarılmaqla əmanət hesabı bağlanılır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2018-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 3% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan «xxxx» ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında illik 3% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2018-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmanət müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmış və müddətin sonunda uzadılmışdır. İddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə, müddəti uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Lakin X2 xx.xx.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olmuş və bu müqavilədə öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2018-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Eyni zamanda, məhkəmə hesab edir ki, əmanət müqaviləsinin şərtlərinin iddiaçının xəbəri olmadan dəyişdirilməsi və qorunmayan əmanət hesab edilməsi Mülki Məcəllənin və depozit müqaviləsinin şərtlərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli, 23-138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının "xxxx" ASC-yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 (üç yüz) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.300 (on min üç yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli, 23-138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının "xxxx" ASC-yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 (üç yüz) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.300 (on min üç yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-774/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-774/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver