Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-781/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc hesabının silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona hesablanan 2479 (iki min dörd yüz yetmiş doqquz) manat 52 (əlli iki) qəpik borc hesabının cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinməsi və dövlət rüsumuna görə ödədiyi 100 (yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1017/2021 saylı qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ona qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamədə iddia ərizəsinin rədd edilməsinə səbəb kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrinə istinad edilərək iddia müddətinin ötürülməsi əsas gətirilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin, qətnamə qanuni qüvvəsini almasına baxmayaraq cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona hesablanan 2479,52 manat borc məbləği silinməmişdir. Həmin borcun silinməsi barədə o, cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Lakin, ondan ona ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1017/2021 saylı qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ona qarşı xx.xx.2016-c il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsə də, lakin məhkəmə tərəfindən borcun silinməsi barədə Əmanətlərin Sığortalanması Fondunun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Hesab edir ki, cavabdehin məktubu əsassızdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1017/2021 saylı qətnaməsinə əsasən cavabdeh onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzeə yaranmış borcu artıq tələb edə bilməz. Bu hal isə onun tərəfindən mübahisəsiz qaydada borcun silinməsi üçün əsasdır. Lakin, cavabdeh borcun silinməsi vəzifəsini öz boynundan ataraq bunu məhkəmənin üzərinə qoyur. Onun bu qanunsuz hərəkətsizliyi nəticəsində o, maddi vəziyyətinin çətin olduğu bir vaxtda 100 manat dövlət rüsumu ödəyib hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, hazırki iddia ərizəsi ilə cavabdehin faktiki ünvanı üzrə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6365/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə etdiyi sənədlər geri qaytarılaraq buna səbəb kimi cavabdehin hüquqi ünvanı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu əsas gətirilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)- 1017/2021 saylı, 10 fevral 2021-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı LPO "xxxx" ASCnin cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən cavabdehin borc öhdəliyini təsdiq edən müqavilə məhkəməyə təqdim edilmədiyinə və iddia verilməsi üçün müddət ötürüldüyünə görə təmin edilməmişdir. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 30 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli KM021T10160002S01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 1294,30 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 1017/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki işin materiallarında olan 16 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə həmin tarixə 892,70 manat məbləğində əsas borc, 897,19 manat məbləğində faiz borcu, 1135,39 manat məbləğində cərimə borcu, 231 manat məbləğində faiz məbləği, ümumilikdə 3156,28 manat məbləğində borcu mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Məhkəmə onu da qeyd edir ki, hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc hesabının silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-781/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-781/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver