Məhkəmə qərarları › İş №2(006)-785/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-785/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-785/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) – Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 16.200 manat məbləğində ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdə 2010-cu il buraxılışlı, qara rəngli, BAN N9WDD2120031A316015 seriyalı, "Mercedes Benz E250" markalı avtonobili Almaniyadan gətizdərərək adına rəsmiləşdirmişdir. Həmin maşın o dövrdə və hazırda da bazar satış qiyməti 20.000-21.000 dollar arası təşkil etmiş, eləcə də həmin avtomobilin üzərində olan 90-TV -010 dövlət qeydiyyat nişanlı nömrənin qiyməti isə 5000-10000 manat arası olmaqla, ona məxsus avtomaşının nömrə ilə birlikdə ümuni dəyəri 40.000 manat təşkil edir. xx.xx.2018-ci il tarixdə pula ehtiyacı olduğundan Bakı şəhəri, 9-cu mikrorayon ərazisində "Tərlan" şadlıq sarayının yaxınlığında yerləşən lombarda pul götürmək üçün müraciət etmişdir. Lombardın sahibi kimi özünü təqdim edən Xəyal adlı şəxs bildirmişdir ki, 13.000 dolları yuxarıda qeyd etdiyi avtomaşını girov qoyacağı təqdirdə verə biləcək. Daha sonra Xəyal işçisi olduğu Cavabdeh2 adlı şəxslə onu tanış etmiş və aralarında olan razılığa əsasən alacağı pulun təminatı kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis İdarəsinə gedərək sözügedən avtomobili həmin şəxsin adına keçirmişdir. Bundan sonra, lomarda gələrək Xəyal adlı şəxsdən 13.000 ABŞ dolları götürmüş və tərtib olunmuş cədvələ uyğun olaraq aylıq əsas və faiz ödənişlər vaxtında ödənilmiş və lombarda olan borcu 7350 dollar təşkil etmişdir. Bundan sonra həmin borcdan əlavə lombarddan xx.xx.2019-cu il tarixində 4500 ABŞ dolları pul götürmüş və ümumi borcu 12.000 ABŞ dollar təşkil etmişdir. Buna baxmayaraq lombard tərəfindən 14000 ABŞ dolları borc hesablanmışdır. Lombardın sahibi Xəyala Respublikada tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar işləmədiyini nəzərə almasını, faiz hesablanmasını dayandırılmasını xahiş etsə də, o, qalıq borcu faizlərlə birlikdə ondan tələb etmişdir. Bundan sonra lombardın sahibi Xəyal Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları ilə birlikdə ona məxsus avtomobilini Badamdar qəsəbəsi ərazisində yerləşən cərimə meydançasına aparmış, bir müddətdən sonra isə lombardın sahibi Xəyal həmin avtomobili cərimə meydançasından çıxartdıraraq, lombardın Sərəncamına salmışdır. Avtomobilini geri almaq üçün lombardın rəhbəri Xəyal ilə görüşüb, ona borc qalığını yaxın günlərdə ödyəcəyini bildirərkən, o həmin avtomaşının lombarda olan borcunun bağlanılması məqsədilə həmin maşını tanışı olan X1 adlı şəxsə satdığını bildirmişdir. Lombardla onun arasında hər hansı kredit müqaviləsinin bağlandığı dəqiq yadında deyil və hesab edir ki, belə müqavilə olsaydı hesablanmış borc məbləğinin ödənilməsinə dair yazılı xəbərdarlıq edilməli idi, eləcə də borc məbləğlərini ödəməyəcəyi təqdirdə girov şəkildə lombardın işçisi Cavabdeh2 adına sənədləşdirdiyi avtomaşının üçüncü şəxsə satılacağı barədə Xəyal tərəfindən ona rəsmi məlumatlar verilməli idi. Belə bir məlumat isə ona verilməmişdir. Bundan sonra Xəyaldan avtomobilin Cavabdeh2 adına sənədləşdirilməsi barədə sənədi istədikdə, o bildirmişdir ki, heç bir sənəd yoxdur və təqdim etdiyi ödəniş cədvəli isə heç bir yerdə qeydiyyatdan keçməyən əsassız bir sənəddir. Bundan sonra lombard tərəfindən törədilən qanunsuz hərəkətlər barədə Nəsimi Rayon Polis İdarəsinə yazılı şəkildə müraciət edilmiş, ona məxsus olan **-TV-*** qeydiyyat nişanlı, "'Mercedes Benz E250" markalı minik avtomşaının ona qaytarılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Lakin araşdırma aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi ərizəsi əsasında ilkin araşdırma aparmış, lakin işin mülki xarakterdə olduğunu müəyyən edərək cinayət işinin başlarılmasının rədd edilməsi haqqında Qərar çxarmışdır. Cavabdeh1 yuxarıda qeyd edilən araşdırma zamanı izahatında göstərmişdir ki, ödənişlər vaxtında həyata keçirilmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq avtomaşını satışa çıxarmışdır. Göstərilən izahatda Cavabdeh1 onun ödənişləri etmədiyini bildirsə də, kredit götürdüyü müddətdən xx.xx.2019-cu ilə qədər 9759 dollar lombarda ödənişlər aparılmış və həmin ödənişlər ödənildikdən sonra cavabdehin qardaşı X2 tərəfindən ödəniş qəbzi verilmədən cədvələ hər ay aparılmış ödənişin qarşısında imzalar atılmışdır. Beləliklə, hesab edilsə ki, belə bir müqavilə mövcud olmuşdur, həmin müqavilənin şərtlərinə əsasən, ona borc tələbi və borcun ödənilməyəcəyi təqdirdə avtomobilin satılacağı barədə hər hansı yazılı xəbərdarlıq etmədən ona məxsus olan avtomaşını üçüncü bir şəxsə satılması qanunsuz və əsassız olmaqla, onun əmlak hüquqlarını kobud şəkildə pozmuşdur. Eləcə də, cavabdehlər tərəfindən üçüncü şəxsə satış həyata keçirilən zaman ona məxsus maşının dəyəri onun üzərində olan dövlət nömrə nişanı ilə birlikdə 40.000 manat təşkil etmişdir. Göründüyü kimi cavabdehlər heç bir rəsmi məlumat vermədən ona məxsus avtomaşını üçüncü bir şəxsə onun real bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla real ziyan vurmuşlar. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayon prokurorluğundan ünvan 1 ünvanında yaşayan İddiaçı şikayət ərizəsi icraatıma daxil olmuşdur. Ərizədə vət. İddiaçı 2018-ci ildə pula ehtiyacı olduğu üçün özünə məxsus olan «Mersedes» markalı avtomaşını Lombartda girov qoyaraq 13000 ABŞ dolları götürdüyünü, avtomaşın isə Lombartda işçi olmuş Cavabdeh2 adlı şəxsin adına sənədləşdirildiyini, bir müddət ödəniş etdikdən sonra əlavə 4.500 ABŞ dolları da əlavə olaraq lombartdan götürdüyünü, lakin karantin müddətində ödəniş etmədiyi üçün ona məlumat verilmədən avtomaşının satıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə faktla bağlı təkrar olaraq Lombart təşkilatının rəhbəri- 1983-cü il təvəllüdlü Cavabdeh1 Nəsimi RPİ-nin 19-cu PŞ-ə dəvət olunaraq izahatı alınmışdır. Vət. Cavabdeh1 göstərilən pul miqdarını izahatında təsdiq edərək İddiaçı tərəfindən ödənişlər aparılmadığı üçün müqavilənin şərtlərinə uyğun olaraq avtomaşının çatışa çıxarıldığını bildirmişdir. Əlavə olaraq Cavabdeh1 proses zamanı vət. R.Əbdürohimovla aralarında heç bir ədavətin olmadığını izahatına əlavə etmişdir. Toplanmış materialdan göründüyü kimi həmin zaman heç bir cinayət hadisəsi baş verməmiş, baş verənlər mülki xarakter daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən ona ziyan vurulmasını qeyd etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən tələbin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar