Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-787/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Asim Kərim oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Əliheydər qızının nümayəndəsi Vəkil2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30030 (otuz min otuz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 30.000 (otuz min) manat, X5 10.000 (on min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat iddianın təmin olunan hissəsinə nisbətdə cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16.08.2019-cu ildə X4 ilə (bundan sonra cavabdeh) Bakı şəhəri, A.D.Qurbanov küçəsində yerləşən cavabdehə məxsus 43 saylı evin ilkin alqı-satqısına dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən ilkin olaraq 15000 (on beş min) manat ödəmiş, 16.08.2019-cu il tarixdə isə 5000 (beş min) manat ödəmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən alqı-satqı bir ay ərzində rəsmiləşdirilməli imiş. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Müqavilənin 4.3-cü maddəsinə əsasən müqavilənin rəsmiləşdirilmədiyi halda cavabdeh aldığı pulu geri qaytarmaqla yanaşı 10000 manat kompensasiya ödəməlidir. 16.09.2019-cu ildə ilkin müqavilənin 2.2-ci maddəsinə əlavə edilmişdir. Əlavədə 15000 manatın satıcının depozit hesabına ödənildiyi göstərilmişdir. Artıq bir ildir ki, cavabdeh müqavilə şərtlərinə əməl etmir və ödədiyi 20000 manat puldan qanunsuz olaraq faydalanır. Eyni zamanda evi satmaqdan imtina edir. Başqa sözlə müqavilənin şərtlərinə əməl etmir. Cavabdeh evi başqasına artıq qiymətə satdıqdan sonra onun pulunu qaytaracağını bildirir. Hansı ki, evin nə vaxt satılacağı məlum deyil. Digər tərəfdən cavabdehin pulu qaytaracağı ehtimaldır. Göstərilənlərə əsasən 30030 (otuz min otuz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-1942 nömrəsi ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin və 16 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-2213 nömrəsi ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinə Əlavə Sazişin etibarsız hesab edilməsi, ilkin iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43 paylı mülkiyyət hüququ əsasında Cavabdeh, X17, X13, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və X10 məxsusdur. Həmin evdə onların hərəsinin 1/60 hissə payı vardır. İddiaçılara məxsus ev ayrıca hasar daxilində yerləşmişdir. Sənəd üzrə bir həyət göstərilsə də, faktiki olaraq qonşuların evi bölünmüşdür və hərə ayrıca olaraq öz həyətinə və evinə malikdir. Belə olan halda ayrı-ayrı şəxslərə mənsub evlər bir ünvan kimi qeyd olunur. Hansı ki, bu da, bütün mülkiyyətçilər üçün problem yaradır. Göründüyü kimi həmin ev köhnə həyət evi olduğu üçün, ünvanı birdir, ona görə də, qonşular da, evin ümumi payçılarıdır. Yəni evin çıxarışında hamı, istər qohumlar, istərsə də, qonşular evin payçılarıdır. Cavabdeh, X17, X13, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və X10 məxsus ev qonşulara məxsus evlərdən ayrıca hasar və giriş qapısı ilə tam təcrid olunmuşdur. Cavabdeh və övladları evi satmaq qərarına gəldikdə, həmin ərəfədə ev alqısatqısı ilə məşğul olan X20 bildirmişdir ki, evin satışı ilə məşğul olacaq, hətta alıcı da var. Qısa müddət sonra X28 adlı şəxslə gəlmiş və bildirmişdir ki, bu şəxs (yəni Bəylər) evi almaq istəyir. Cavabdeh oğlu Fuad Ələkbərov bildirmişdir ki, onlar evi mövcud vəziyyətdə 165000 manata satırlar. Vaqif İmanov ona bildirmişdir ki, çıxarışda evin ünvanları bir olduğu üçün sənədləşmə işlərində problem çıxacaq. Belə ki, evin ünvanı ayrılmadan iddiaçılara ayrıca çıxarış alına bilməz. Bunun üçün isə müvafiq sənədləşmə işləri aparılmalıdır. Lakin, evin sənədləşdirilməsi ilə özü məşğul olacaq və noyabr ayında rəsmi alqı-satqı rəsmiləşəcək. Razılıq əldə olunduqdan sonra, Vaqif İmanov 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində Cavabdeh adından öz adına işlərin aparılması üçün etibarnamə almışdır. Aylar keçməsinə baxmayaraq, sənədləşmədən xəbər çıxmadığından X20 ilə əlaqə saxlanılmış, o da, arxayın olmalarını, heç bir narahatçılığa əsas olmadığını bildirərək, alıcının artıq beh verdiyini, yalnız sənədləşmə işlərinin davam etməsini bildirərək, Cavabdehnm oğlu X10 beh olaraq 5000 manat pul vermişdir. Daha sonra danışıqlar Vaqif İmanovun birlikdə işlədiyi Salman adlı şəxsin vasitəsilə olmuşdur. Alıcı tərəfdən isə İlqar adlı şəxs danışıqlar aparırdı. X20 xəstələnib, yataq xəstəsi olduğundan (bu yaxınlarda vəfat etmişdir) İddiaçı adlı şəxs onlarla əlaqə saxlayıb ev üçün beh verdiyini, evin alqı-satqısının nə vaxt baş tutacağını maraqlandıqda Fuad Ələkbərov ona bildirmişdir ki, artıq çox vaxt keçib, aylardır ki evi almır. O, artıq evi 180.000 manata satır. İddiaçı isə ona bildirmişdir ki, evə görə Vaqif İmanova 20.000 manat beh verib və ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bunu eşidən Fuad Ələkbərov ona bildirmişdir ki, onlar Vaqif İmanova evi satmaq üçün yox, sənədləşmə işlərinin aparılması üçün səlahiyyət veriblər və Vaqif İmanov cəmi 5000 manat beh vermişdir, 15000 manatdan xəbəri yoxdur. Aralarında olan söhbətdən narazı qalan İddiaçı məlum olduğu kimi məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, nə Cavabdeh nədə ki, övladlarının sözügedən ilkin alqı-satqı müqaviləsindən xəbərləri olmayıb. Həmin müqavilənin bağlanması üçün heç Vaqif İmanova səlahiyyət belə verilməmişdir. Digər tərəfdən digər payçılar ola-ola evə dair alqısatqı necə bir nəfərin adından bağlana bilərdi. Göründüyü kimi açıq-aydın şəkildə qanunsuz olaraq ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən X18 verilmiş etibarnamədə yalnız təmsilçilik və sənədləşmə işlərinin aparılması səlahiyyəti verilsə də, notarius verilməyən səlahiyyət əsasında ilkin alqı-satqını həyata keçirmişdir. Yuxarıda qeyd olunanlardan da. görünür ki, İddiaçı pul məbləğlərini məhz Vaqif İmanova vermişdir. Vaqif İmanov tərəfindən isə beh olaraq, cəmi 5000 manat ev sahiblərinə çatdırılmışdır. İddiaçı bu günkü gün pul vermədiyi, danışıq aparmadığı şəxsdən 30030 manat məbləğində pul tələb edir, hansı ki, həmin məbləğin cavabdehə heç bir aidiyyatı yoxdur. Həmin məbləğ S.Ələkbərovuya deyil, müqavilə bağlamağa və müqavilə üzrə pul almağa səlahiyyəti olmayan şəxs Vaqif İmanova verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq 16 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-1942 nömrəsi ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin və 16 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-2213 nömrəsi ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinə Əlavə Sazişin etibarsız hesab edilməsi, ilkin iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, X11 qarşı 10.000 (on min) manat pul tələbi ilə əlaqədar bildirmişdir ki, Fuad Ələkbərovdan 5.000 (beş min) manat almış və bu tələbdən də, 10.000 manat tələbindən də imtina etmişdir. İddiadan imtinanın hüquqi nəticələri ona aydındır. Göstərilənlərə əsasən X11 qarşı olan iddianın həmin hissəsində mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-787/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraata cavabdeh X11 münasibətdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd olunan məzmunda izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili və nümayəndəsi Vəkil2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin, qarşılıqlı iddia təmin edilməlidir. Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən 09.08.2019-cu il tarixdə 7E-4849 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ seriyalı, 841115 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə onu bütün idarə, təşkilatlarda təmsil etməyi, adından ərizə ilə müraciət etməyi, əvəzinə bütün növ sənədləşdirmə işlərini aparmağı, lazımi sənədləri imzalamağı, sənədləri toplamağı, təqdim etməyi, ona çatası sənədləri, arayışları, dublikatları almağı, buna dair imza etməyi, bütün növ daşınmaz əmlaklarla əlaqədar özəlləşdirmə işlərini aparmağı, torpaq sahəsi üzərində tikinti işləri aparmağı, tikintini müvafiq dövlət orqanları ilə aparmağı, layihələndirməyi, texniki şərtin alınmasını, torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi, müvafiq icra, bələdiyyə, məhkəmə orqanlarını torpaq şöbələrindən ərazi və inzibati nümayəndəlikləri, Milli Arxivdən, digər arxiv orqanlarından, qeydiyyat şöbələrindən ona çatası arayışları, dublikatları, şəhadətnamələri, təkrar şəhadətnamələri, akt qeydlərindən çıxarışları, aktları, qərarları, sərəncamları, “Torpaq sahəsinin planı və ölçüsü"nü, şəhadətnamələri, akt qeydlərindən çıxarışları və digər lazımi sənədləri almağı, buna dair imza etməyi, bütün ASAN Xidmət Mərkəzlərində, Notariat ofislərində əvəzindən iştirak etməyi, adından ərizələr verməyi, bölgü sxemlərini imzalamağı, vərəsəlik işini icra etməyi, miras payın qəbuluna dair vərəsəlik ərizəsini, o cümlədən vərəsəlik işi ilə əlaqədar bütün növ sənədləri imzalamağı, lazımi sənədləri notariat ofisinə təqdim etməyi, ona çatası vərəsəlik şəhadətnaməsini almağı, buna dair imza etməyi toplanmış sənədləri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in müvafiq Əİ-nə təqdim edib ona çatası çıxarışları (və ya vahid çıxarışları), texniki pasportları, yüklülük arayışları almağı, buna dair imza etməyi, bütün polis, prokurorluq, istintaq orqanlarında, icra və probasiya şöbələrində təmsil etməyi, adından ərizə verməyi, sənədləri təqdim etməyi və almağı, lazımi sənədləri imzalamağı, vəkillə müqavilə bağlamağı, o cümlədən qaz, işıq, su və rabitə (telefon) xətlərinin çəkilməsi, lahiyələndirilməsi, texniki şərtin alınması, bununla əlaqədar müqavilələr bağlanması, adından ərizələr verilməsi, lazımi sənədlərin imzalanması, qaz, su, işıq sayğaclarının və rabitə avadanlıqlarının quraşdırılması, rüsumların ödənilməsi, ona çatası müqavilələrin, qaz, su, işıq kartlarının, abonent (abunə) kodlarının, telefon nömrələrinin alınması, buna dair imza edilməsi, əvəzinə bütün növ kommunal ödənişlərin ödənilməsi ilə əlaqədar Asan Kommunal Mərkəzlərində, İşıq, Qaz, Su İdarələrində, Telefon və Rabitə qovşaqlarında, “xxxx” ASC-də, Azərbaycan Dövlət Neft Şirkətinin “X9”ndə, “xxxx” ASC-də, “X6”-ndə təmsil etməyi və digər bütün hərəkətləri yerinə yetirməyi əlaqədar digər hərəkətləri etməyi X18 1 il müddətinə, 09.08.2020-ci il tarixədək etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi nəzərdə tutulmamışdır. Cavabdeh (X20) ilə İddiaçı arasında bağlanılmış 16.08.2019-cu il tarixli İlkin alqısatqı müqaviləsinə əsasən alıcı əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 15.000 (on beş min) manatını “Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan pul məbləğini isə bir ay ərzində rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi zamanı ödəməyi, “Satıcı” istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində birinci tərəfin istifadəsində olan 120 kv.m.-dən ibarət torpaq sahəsini və üzərində inşa edilmiş 16.7 kv.m.-dən ibarət evi bu müqavilə bağlandığı andan İddiaçı 1 ay müddətinə təhvil verməyi, həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. Əmlakın qiyməti 175.000 (yüz yetmiş beş min) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa “Satıcı” “Alıcı”dan aldıqları vəsaiti və bundan başqa əlavə olaraq 10000 kompensasiyanı geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. 16.08.2019-cu il tarixli İlkin alqı-satqı müqaviləsinə Əlavə Sazişdən görünür ki, tərəflər arasında əmlak ilə əlaqədar hesablaşma qaydası “Alıcı” əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 15.000 (on beş min) manatını “Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, Alıcı qalan pul məbləğini isə 16.10.2019-cu il tarixinə qədər rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi zamanı ödəməyi öz öhdəsinə götürmüşdür” kimi müəyyən edilmişdir. 16.08.2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən AZ89MUGA**********00001AZM38 hesabına 15.000 manat məbləğində pul (16.08.2019cu il tarixli alqı-satqı müqaviləsi üzrə) köçürülmüşdür. 16.08.2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən AZ89MUGA**********00001AZM38 hesabına 5.000 manat məbləğində pul (16.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə) köçürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən X14 bildirmişdir ki, o, əvvəllər Bəylərlə bir yerdə işləyirdi. Vaqif ona bir ev təklif etmiş, o, həmin evi Bəylərə təklif etmişdir. Ev 160.000 manata təklif olunurdu. Evi bəyəndikdən sonra 14 saylı notarisuda Vaqiflə Bəylər arasında müqavilə bağlanmışdır. Bəylərlə Vaqifi söhbət edərkən görmüşdür. 5000 manatın Fuada çatdırılmasını bilirdi. Noyabra kimi evin pulunu çatdırmasına dair söz vermişdi. Müqaviləyə görə ödənilmiş 15.000 manatı Vaqif götürmüş, bu pula görə sənədləşmə işlərini aparmağa söz vermişdi. 5.000 manatın Fuada ilkin olaraq verildiyini bilirdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən X15 bildirmişdir ki, Vaqifin kubinkadakı evlərin satışı ilə məşğul olduğunu, bu evin 160.000 manata satıldığını da bilirdi. Vaqif ilə Bəylər arasında ev ilə bağlı danışıqlar oldu. Vaqif səndələşmə işlərini 15.000 manata həll edəcəyinə vəd vermişdi. 5.000 manatın Fuada ilkin olaraq verildiyini bilirdi. Notariusda olmamışdır. 15.000 manat məbləğində pulun sənədləşmə işlərinə görə Vaqifə verildiyi barədə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, ilkin iddianın araşdırılmasına keçməmişdən əvvəl tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış sazişin etibarlı olub-olmamasına dair qarşılıqlı iddiada qeyd olunan hüquqi dəlillərə qiymət verilməlidir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsaslanaraq qeyd olunan müqavilələrdən məlumatlı olmadıqları üçün etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Cavabdeh mövqeyinə görə,o, mülkiyyətində olan evə dair müvafiq sənədləşmə işlərini həyata keçirməyi X18 tapşırmış və həmin hərəkətlərin yerinə yetirilməsi üçün 09.08.2019-cu il tarixdə etibarnamə verərək müvafiq səlahiyyətləri ona etibar etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı sənədləşmə işlərindən xəbər çıxmadığndan evin hüquqi vəziyyəti ilə maraqlanmış, özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 16.08.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə cavabdehə satıldığı ona məlum olmuşdur. Belə ki, X20 verilən etibarnamədən istifadə etməklə həmin alqı-satqı müqaviləsinə onun əvəzinə imza etmişdir. Məhkəmə AR-İ seriyalı, 841115 nömrəli etibarnaməni nəzərdən keçirərək qeyd etməyi zəruri sayır ki, həqiqətən də Cavabdeh X18 verdiyi etibarnamədə etibar edənə məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq səlahiyyətlərinin etibar edilənə verilməsi göstərilmir. Həmin etibarnamə ilə qarşılıqlı iddia üzrə iddiaçı etibar edilənə yalnız onun mülkiyyətində olan əmlak ilə əlaqədar bütün növ sənədləşmə işlərini həyata keçirməklə bağlı səlahiyyət vermişdir. Etibarnamədə göstərilən səlahiyyətlərdən hər hansı biri X18 Cavabdeh adından alqı-satqı müqaviləsini bağlaması və ya digər şəkildə ona məxsus əmlaka dair sərəncam verməsini mümkün etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X20 faktiki olaraq iddiaçının adından müqavilə bağlayan zaman ona verilmiş səlahiyyətlərdən kənara çıxmışdır. Digər tərəfdən işin hər hansı bir halı ilə təsdiq olunmur ki, Cavabdeh müqavilənin bağlanmasından məlumatı olmuş, şəxsən müqavilənin bağlanmasında iştirak etmiş və əgər belə müqavilənin bağlanması zəruri idisə, şəxsən özü belə müqaviləni bağlamaq və müqavilənin şərtlərini razılaşdırmaq imkanından məhrum olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, mərhum X20 pis niyyətlə, iddiaçının vermiş olduğu səlahiyyətdən kənara çıxmaqla alqı-satqı müqaviləsini bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Göstərilən maddələrin mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə səlahiyyətlər əks olunmamışdırsa, bu təmsil olunanın iradə və maraqlarına uyğun olmayan hesab olunur. Hazırkı işin halları baxımında qeyd edilməlidir ki, ilkin alqı-satqı müqaviləsinin və Əlavə sazişin bağlanması iddiaçının iradəsi və marağı daxilində olmamışdır. Həmçinin işin hər hansı bir halı ilə həmin müqavilənin bağlanması barədə iddiaçını məlumatlı olması görünmür. X20 Cavabdeh adından alqı-satqı müqaviləsini bağlamaqla onun üçün faktiki olaraq mülkiyyətindən məhrum olmaq təhlükəsini yaratmış, İddiaçı isə artıq zərərə düşməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, tərəflər arasında 16 avqust 2019-cu il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi və 16 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə Əlavə Saziş etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin qaytarılmasını ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10 bəndində göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Həmin Plenum qərarında daha sonra göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli evə dair alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında İddiaçı ödənilmiş 15000 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh tərəfindən qaytarılmalıdır. Çünki işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə cəmi 20000 manat məbləğində pul ödənilmişdir. İddiaçı müqavilə üzrə ödənilmiş məbləğin 5000 manatı ilkin iddia üzrə cavabdeh X5 aldığını, bununla da həmin cavabdehə münasibətdə iddiadan imtina etdiyini və hal-hazırda iddia tələbinin yalnız Cavabdeh 30000 manat məbləğində pulun tutulub ona qaytarılmasından ibarət olduğunu məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 787/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı cavabdeh X11 aid hissədə iddiadan imtinası təsdiq edilmiş, mülki iş üzrə icraata ona münasibətdə xitam verilməsi qərara alınmışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının hazırki iddia tələbi 30.000 manat məbləğində pulun Cavabdeh tutulub ona qaytarılmasından ibarətdir. İş materiallarında olan 16.08.2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 16.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə həqiqətən də 15.000 manat məbləğində pul notariusun depozitinə köçürülmüşdür. Qalan 15.000 manat məbləğinin yaranma əsaslarına nəzər salsaq görərik ki, bu məbləğ tərəflərin ilkin alqı-satqı müqaviləsinin bağlaması ilə üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyi halında hesablanmalı olan kompensasiya məbləğidir. Məhkəmə tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyini vurğulayaraq hesab edir ki, həmin müqaviləyə əsasən yaranmış təzminatlar hüquqi əsasını itirdiyindən iddia bu hissədə qismən təmin olunmalı, Cavabdeh real ödənilmiş 15000 manat məbləğində pul tutulmalıdır. Qeyd olunmalıdır ki, Cavabdeh X18 etibarnamə verməklə onunla birlikdə tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişdir. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinin tələblərinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Bu Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, X20 ona etibar edilən səlahiyyətləri aşmaqla ilkin alqı-satqı müqaviləsini bağlamışdır. Yəni vicdanla həyata keçirməli olduğu vəkalət verənin tapşırığını müvafiq şərtlərə uyğun icra etməmişdir. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə (Cavabdeh) dəymiş zərər üçün o, məsuliyyət daşıyır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh düşdüyü zərərin X16 vərəsələrindən tələb etmək hüququna malik olduğunu izah edir. Məhkəmə həmçinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edilməlidir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Lakin Mülki Məcəllənin 354.1-ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı bir illik kəsici müddətin ötürülməsi məsələsini həll etmək üçün məhkəmə ilk öncə sözügedən əqdin bilavasitə icrasına başlanıldığı günü müəyyən etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X20 xəstələnib, yataq xəstəsi olduğundan sonra ilkin iddia üzrə iddiaçının müqavilə üzrə qarşı tərəf ilə əlaqə saxladığı, ev üçün beh verdiyini xatırladığı, evin alqı-satqısının nə vaxt baş tutacağı barədə maraqlandığı müəyyən edilmişdir. Məhkəmə X16 08.11.2020-ci il tarixdə vəfat etdiyini, qarşılıqlı iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına 02.03.2021-ci il tarixdə qəbul edildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh əqdin etibarsız sayılması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ilkin iddia tələbinin 50%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "pul" tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh 15000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia digər hissədə rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsinə əsasən bağlanmış 16 avqust 2019-cu il tarixli Əlavə saziş etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-787/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-787/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver