Məhkəmə qərarları › İş №2(006)-79/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-79/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-79/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Kərı̇ mova Həmı̇ də Məmməd qızının cavabdeh "xxxx" MMC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərı̇ mova Həmı̇ də Məmməd qızının cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3 200 (üç min iki yüz) manatın və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat və 52 (əlli iki) manat məhkəmə üçün dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası 1949-cu il təvəllüdlü təqaüdçü İddiaçı 5 ildir ki, diz oynağında olan ağrılardan əziyyət çəkir. Rentgen müayinə olunduqdan sonra hər iki diz oynağında zədəli artroz aşkar olundu. Özəl xəstəxanaların birində müalicə aldı, 8 ay ağrılardan azad olundu. Bir müddətdən sonra ayaqlarında təkrar ağrılar başladı. Ağrılardan azad olunması üçün bir çox həkimlərdən müalicəsi ilə bağlı maraqlanırdım. Əldə etdiyi məlumatlar əsasında xəstəlikdən azad olunmaq üçün təxminən 6 000-9 000 manat maddi vəsaitə ehtiyac olunduğu nəticəsinə gəldi. Çox təəssüf olaraq maddi durumun bu cür tibbi əməliyyatın həyata keçirilməsinə gücü çatmırdı. Araşdırmaları zamanı instaqram səhifəsində doktor Sevinc Heydərovanı gördü. O, öz səhifəsində kök hüceyrəsi ilə qığırdağın 8 aya əmələ gəlməsini deyirdi. Bütün səhifələrini izlədi və çox inandı ki, anasının da ayağı düzələcək. xx.xx.2021 -ci il tarixdə bu səhifəyə yazdı. Əməliyyatın ödənişini və ünvanını soruşdu, əməliyyatın qiymətini 3 200 azn olduğunu dedilər. Yaxın qohumlarından borc edib xx.xx.2021-ci il tarixdə cavabdehin ünvanında oldular. Sevinc doktor rentgen müayinəsinə baxdıqdan sonra zədəli artrozun olduğunu dedi. Onlar soruşdular ki, kök hüceyrəsi oluna bilər diz oynağına. O da belə dedi əməliyyat oluna bilər qiyməti 6 000 -7 000 manat aralığındadır. Maddi durumu çatmırsa kök hüceyrəsi edə bilərlər və müalicəsi 1 aydan 8 ayadək xəstənin diz oynağında qığırdaq əmələ gələcək və bütün ağrılardan azad olunacaq. Onları müayinələrə göndərdilər vs sonra 3 200 manat pulu cavabdehə ödənildi. Daha sonra kök hüceyrəsi əməliyyatı etmək fıkrindən daşındılar. Anası ilə o, kök hüceyrəsi olunması fikrindən daşındılar. Tibb bacısı onlara yaxınlaşaraq dedi ki, xəstəni əməliyyata aparırlar. Onlar da dedilər ki, əməliyyat istəmirlər və tibb bacısı dedi ki, xəstə özü həkimin yanına qalxsın və əməliyyat olunmamasını desin. Anası həkim yanına qalxdı, amma qayıtmadı 30 dəqiqə sonra tibb bacısını gördü, soruşdu ki, anası niyə qayıtmadı dedi ki, anası həkimlə razılaşdı. Ondan qızı olaraq heç bir razılıq ərizəsi alınmadı. Saat 11:00-dən - 18:00-dək həmin xəstəxanda oldular. Əməliyyatdan çıxandan sonra anasından soruşdu ki, niyə əməliyyatın olunmasına razılaşdı, anası ona dedi ki, o, həkimə inandığından əməliyyata razı oldu. Əməliyyat bitdikdən sonra həkim onlara adi kağızda xəstənin ağrısı olarsa, müəyyən məsləhətlər verdi və ağrılar olduğu halda parasetamol dərmanı verilməsini tövsiyyə etdi. Bir neçə saatdan sonra evə getdilər, anasında titrətmə, qızdırma dizində şiddətli ağrı oldu. Bununla bağlı cavabdehlə əlaqə saxlasalar da, cavabdeh ona bu cür ağrıların olmasının normal olduğunu bildirdi və bir müddət keçdikdən sonra ağrıların kəsiləcəyini bildirdi. Bir müddət sonra ağrıların daha kəskin formada olduğundan o, cavabdehlə bir daha əlaqə saxladı müəyyən dərmanların qəbul edilməsini məsləhət gördülər və gözləmələrini tövsiyyə etdilər. Beləcə anası ağrı, titrətmə qızdırma içində qalaraq İ ay 16 gündən sonra yenidən həkimin qəbuluna düşdülər. xx.xx.2021-ci ildə onlar xəstəxanaya getdilər. Sevinc doktor anasının ayağını görən kimi sanki qorxuya düşdü, belə dedi “deyəsən tromp var ayağında təcili dopler müayinəsi olunmalıdır”. Onlar bir daha cavabdehə etibar edərək digər özəl klinikaların birində anasına dopler müayinəsi eldilər və nəticədə ayağında tromp olmadığı bildirildi, bir sm-ə qədər maye olduğu bildirildi. O, müayinənin nəticəsini cavabdehə bildirdi, cavabdeh 7 günlük müəlicə təyin etdi. Xüsusi olaraq qeyd edir ki, cavabdehin təyin etdiyi 7 günlük müalicə ilə bağlı təyin etdiyi dərmanların adları reseptdə düzgün yazılmadığından bir daha cavabdehə yaxınlaşaraq dərmanın adının düzgün qeyd edilməsini xahiş etdi. Nəticədə cavabdeh tərəfindən təyin edilmiş 7 günlük müəlicənin heç bir müsbət təsiri olmadı. Təyin edilmiş müalicə müddəti bitdikdən sonra onlar cavabdehə yaxınlaşaraq öz kəskin iradlarını bildirərək cavabdehə ödənilmiş 3 200 manat pulun geri qaytarılması xahiş etsələr də, cavabdeh onların müraciətlərinə kobudcasına mənfi cavab verdi və digər həkim travmatoloq Əli doktoru çağırdı və o da anasının ayağına baxaraq, anasının ayağında “artrid” olduğunu bildirdi və Sevinc doktoru tərifləsə də, 100 xəstədən birində belə olur, yəni Sevinc doktor kök hüceyrəsini səhv vurduğu üçün artrid əmələ gəlməsini bildirdi və növbəti gün Bakı şəhərində yerləşən 5 №-li Xəstəxanaya anasını çağırdı, nəticədə anasının ayağına müəyyən tibbi müdaxilələr edildi və ayaqdan cavabdeh tərəfindən anasının ayağına yeridilmiş kök hüceyrəsi ayağından çıxarıldı. Hüceyrənin çıxarılması zamanı çox kəskin dözülməz ağrılarla hüceyrə anasının ayağından çıxarıldı. Sonda cavabdeh tərəfindən anasına göstərilmiş tibbi əməliyyat heç bir müsbət təsirini göstərməmiş, hətta bu uğursuz əməliyyat zamanı ikinci xəstəlik yaranmışdır. Bir xəstəliyi var idi, səhv əməliyyat əsasında, ikinci də yarandı. Yaranmış bu probləmlə bağlı onlar cavabdehə müraciət etsələr də, cavabdeh bir mənalı formada müraciətlərinə mənfi cavab verdi. Onlar aidiyyəti üzrə müxtəlif tarixlərində Prokurorluq orqanlara şikayət etsələr də, nəticədə prokurorluq orqanları şikayətin mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməyini rəsmi formada bildirdi. Həmçinin AR-sı, Səhiyyə Nazirliyinə cavabdehin hərəkətləri barədə 2021-ci ildən şikayət etsələr də, müraciətlərinə ümumiyyətlə cavab verilməyib. Cavabdehin hərəkətləri nəticəsində ona 3 200 (üç min iki yüz) manat dəyərində maddi ziyan dəymişdir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Həmçinin göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 50 (əlli) manat və 52 (əlli iki) manat məhkəmə üçün dövlət rüsumu pul xərclənmişdir. Buna görə də hüquqi yardım üçün ödədiyi 50 (əlli) manat və 52 (əlli iki) manat məhkəmə üçün dövlət rüsumunu da cavabdeh tərəfindən tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər Prokurorluğundan Nəsimi Rayon Prokurorluğuna daxil olmuş şikayət ərizəsinə cavab olaraq bildirilmişdir ki, “X1 1” klinikasının həkimi Sevinc Heydərova tərəfindən anası İddiaçı diz oynaqlarına kök hüceyrə köçürülməsinin heç bir müsbət təsirinin olmaması və həmin prosedura görə klinikaya ödənilmiş 3200 manat pulun qaytarılmaması barədə xüsusatlar mülki xarakterli olduğundan, həmin xüsusatların araşdırılması qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Ona görə də müraciətinizdə qeyd olunan xüsusatlarla bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət edilə bilər. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rentgen müayinənin protokolundan görünür ki, döş qəfəsi orqanlarının obzor rentgen müayinəsində ağciyər sahələrində patoloji kölgəliklər müəyyən edilmir. İnfiltrativ kölgəlik və plevral bitişmə əlamətləri izlənilmir. Hər iki ağ ciyər kökündə bronx damar şəkli güclənib. Ürək, aorta və ağciyər arteriya kötüyü normaldır hər iki qabırğa, diafraqma və kardio-diafraqmal sinuslar sərbəstdir. Qabırğalar, görünən döş fəqərələri və diafraqma patologiyasızdır. Hər iki ağ ciyər kökündə bronx damar şəkli güclənib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X2” X3 tərəfindən verilmiş 03/KEŞ saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə “X1-1” Klinikasına “Kök/hüceyrə diz artrozu” diaqnozu ilə daxil olmuşdur. İddiaçı adına tərtib edilmiş “ Ambulator kitabça”dan görünür ki, xx.xx.2021-ci il tarixdə ona döş qəfəsi orqanlarının obzor R-qramması, qanın ümumi analizi, Hepatitlərin, EKQ. Qanda şəkərin miqdarının və infeksiyaların təyini kimi müayinələri aparılmışdır. Digər hər hansı bir müalicə və əməliyyat haqqında qeydiyyat yoxdur. Tibbi sənədlərdə müalicə haqqında qeydiyyat olmadığından İddiaçı təyin edilmiş “Diz artrozu” diaqnozuna uyğun hər hansı tibbi müdaxilələri haqqında fikir söyləmək mümkün olmadı. İddiaçı mövcud olan “Diz artrozu” xəstəliyi uzun sürən xroniki prosesin nəticəsidir və həmin patoloji vəziyyətlə əlaqədar ona ixtisaslı müalicənin aparılmasına ehtiyac vardır. Müalicələrin təyini məhkəmə-tibb ekspetrizasının səlahiyyətlərinə aid deyil. AZS-025-003-İ/U saylı ambulator xəstənin tibbi kartasına əsasən, pasient İddiaçı xx.xx.2021-ci il tarixdə xəstəxanaya kök/hüceyrə, diz artrozu diaqnozu ilə daxil olmuş və eyni tarixdə çıxmışdır. Kartada pasientin əməliyyat edilməsi ilə bağlı hər hansı qeyd mövcud deyil. xx.xx.2021-ci il tarixli qəbzdin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin balansına 3200 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, İddiaçı kök/hüceyrə diz artrozu diaqnozu ilə Cavabdeh MMC-yə daxil olmuş və daxil olduğu gün də çıxış etmişdir. Ondan sadəcə bir neçə analiz götürülmüş, əməliyyat üçün 3200 manat məbləğ ödəsə də, ambulator xəstənin tibbi kartasına əsasən pasient əməliyyat edilməmişdir. Belə olan halda ödənilmiş 3200 manatın təyinatını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən hüquqi yardım üçün 50 manat, məhkəmədə iddia qaldırılması üçün isə 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 3200 (üç min iki yüz) manat maddi ziyan, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 52 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3200 (üç min iki yüz) manat maddi ziyan, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 52 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar