Məhkəmə qərarları › İş №2(006)-804/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-804/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-804/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Vəkil2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X19 qarşı «mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X16 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına onun yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 1987-ci ildə Cəlilov Faiq Ziyafəddin oğlu ilə ailə həyatı qurduqdan sonra o, gəlin gələrkən qaynatasının 22 il müddətində yaşadığı ünvan 2 ünvanına köçmüşdür. Cehiz əmlaklarını da bu ünvana gətirmişdir. Hazırda da cehiz əmlakları uzun illər keçsə də hamısı bu mənzildə yerləşir. Oğlu xx.xx.1988-ci il təvəllüdlü Cəlilov Rövşən Faiq oğlu da bu evdə dünyaya göz açıb, hal-hazırda da bu mənzildə o, onun həyat yoldaşı, nəvəsi və o birlikdə yaşayırlar. Həyat yoldaşı Cəlilov Faiq Ziyafəddin oğlu da onunla birlikdə 2018-ci ilə kimi bu mənzildə yaşamışdır. Sonradan spirtli içki alüdəçisi olduğu üçün faktiki olaraq ondan ayrılaraq başqa ünvanda yaşayır. Qayınatası ilə münasibətləri daima yaxşı olub, bir gəlini kimi həmişə ona hörmət bəsləyib, tibb elmləri namizədi idi, Texniki Universitetdə çalışıb. Sayılıb seçilən bir insan olub. 1988ci ildə onu hazırda da yaşadığı ünvana yaxın ərazidə yerləşən 21 saylı Uşaq Poliklinikasına tibb bacısı vəzifəsinə işə düzəltmişdir. Hətta toyları da 4 mkr. ərazisində yerləşən “Arzu” şadlıq sarayında olubdur. 1987-ci ildən bu günə kimi bu mənzildə yaşayır. Oğlu Rövşən 3 yaşından evin arxasındakı Uşaq Bağçasına, sonra yaxınlıqdakı 240 saylı orta məktəbə gedib. Daha sonra X15 Liseyi bitirib. Nəsimi rayonu, 12 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Hal-hazırda da hər ikisi Əcəmidəki 20 saylı böyüklərin poliklinikasında tibbi qeydiyyatdadırlar. 2003-cü ildə qaynatası rəhmətə gedəndən sonra qaynı Elman həyat yoldaşı Cəlilov Faiqi aparıb içirdirlər və ondan uzaqlaşdırmağa çalışırlar. Qaynatasının ölümündən sonra da qaynı Elman onu aldadır və vədlər verir ki, oğlu Rövşənin 18 yaşı olandan sonra evi onun adına keçirəcəkdir. Lakin sonradan xəbər tutur ki, bu mənzili öz qızı Cavabdeh adına keçirərək mənzilə onun adına çıxarış alınmışdır. Qızının isə 29 yaşı var. 9 ildir mənzil onun adına qeydiyyatda olsa da, bir gün də olsun bu mənzildə yaşamamışdır, bu vaxtadək heç evin yerinin harada yerləşməsini bilmir. Bir sözlə onu dəqiq deyə bilər ki, bu mübahisəli mənzil 1987-ci ildən onun istifadəsindədir. Həyat yoldaşı da evi tərk edəndən sonra bu mənzildə oğlu, gəlini, nəvəsi və ondan başqa heç kim yaşamayıbdır. Bunu təkcə o yox bir çox şahidlər, sənədlər, subutlar təstiq edə bilər. Bu 33 ildə yaşadıqları müddətdə heç bir kəs bu ev ilə maraqlanmamışdır. 1987-ci il tarixdən bu günədək mənzilin bütün kommunal xərclərini, telefon, qaz, işıq və s.i. ödənişlərini o ödəyir. Bu halı təsdiq edən kifayət qədər yazılı sübutlar mövcuddur. 2018-ci ilin iyul ayında isə mənzilə 10.000 (on min) manatdan çox pul xərcləyərək evi kapital təmir etdirmişlər. Bütün təmir işləri oğlunun vəsaiti hesabına olub. Aşağıdakı əsaslara görə və qanunun normalarına əsasən hesab edir ki, iddia tələbində haqlıdır, əsaslı və qanuni olduğuna görə təmin edilməlidir. Belə ki, 1987-ci ildə bu mənzilə gəlin köçdüyü üçün məhkəmə hazırkı mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zamana uyğun olaraq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarını tədbiq etməklə mübahisə üzrə həmin vaxt qüvvədə olmuş qanunun normalarını tətbiq etməlidir. Onlar həmin evə (evin bir hissəsinə) başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Bu halda da mülkiyyətçinin ailə üzvlərinin deyil, digər şəxslərin köçməsinə icazə vermək hüququnun olmasını özündə ehtiva edir. İşin hallarından da məlum olur ki, evin mülkiyyətçisi qayınatası hələ sağlığında evinə onu gəlin köçürərək buna razılıq vermiş, qayınatası, qayınanası, əri ilə o bu mənzildə yaşamışlar, onun orada yaşamağına qayınatası və qayınanası heç vaxt etiraz etməmiş, əksinə razılıq vermiş və onlar əri ilə birgə qayınatası Cəlilov Ziyafəddinlə birgə təsərrüfat işləri aparmışlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 yuxarıda göstərilən məzmunda izahat vermiş və ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X27 ilkin iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzil onun - Ağayeva (Cəlilova) Aygün Elman qızının xüsusi mülkiyyətindədir. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1426 nömrəli reyestr kitabının 130574 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də MA seriyalı ******* nömrəli Çıxarışla iddiaçı Ağayeva (Cəlilova) Aygün Elman qızının mülkiyyət hüququ təsdiq edilmişdir. AR DİN Asan-1-in yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışına əsasən X14 başqa Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildə heç kəs qeydiyyatda yoxdur. O, heç kimə mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi üçün notarial razılıq verməmişdir. İddiaçı gəlin köçdüyü mərhum babasının (qaynatasının) evində - ünvan 3 ünvanında yerləşən 5 otaqlı evdə qeydiyyatdadır. Atası evin sahibi kimi iradəsini soruşmadan onun mülkiyyətində olan mənzilin açarını qardaşının ailə münaqişəsinin qarşısını almaq üçün qardaşı yoldaşı İddiaçı vermiş və o, mülkiyyətçi kimi ona hər hansı ödəniş etmədən ona məxsus mənzilə girib və hazırda da çıxmır. Sonuncu dəfə qeyd olunan mənzilə baş çəkilərkən o, müliyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzili başqa şəxslərə kirayəyə verərək özlərinə yeni əmlak aldığını şifahi olaraq öyrənmiş və həmin mənzilin başqalarına kirayəyə verilməsi İddiaçı ilə aralarında məsələnin hüquq müstəvisində gətirib çıxarmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən mülkiyyətində olan mənzilin kirayə verilməsi ona insan kimi pis təsir etmiş və Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının qorunması üçün məhkəmə orqanına müraciət etmək qərarına gəlmişdir. Müvafiq materiallar toplanmaqla Xətai rayon Məhkəməsində "mülkiyyətində olan ünvan 4 ünvanından cavabdehlər İddiaçı və qeyrilərinin ailə üzvləri ilə birlikdə çıxarılmaqla, həmin mənzilin boşaldılması" tələbinə dair iddia qaldırılmışdır. Həmin iddia hazırda Xətai rayon Məhkəməsinin 2(011)-6458/2020 sayla hakim Aygün Həsənovanın icraatındadır. Nəsimi rayon Məhkəməsində baxılan iş üzrə mübahisə predmeti əsasən hazırkı iş üzrə istifadə hüququnun yaranmış hesab edilməsini tələb edir. Halbuki, Xətai rayon Məhkəməsində olan onun iddia tələbinin predmetini mənzilin boşaldılması təşkil edir. Məhkəmə müstəvisində mübahisə belə başlamışdır və hazırda da məhkəmənin icraatında da baxılaraq davam etməkdədir. Aşağıda qeyd olunan səbəblərdən İddiaçı iddiasını əsassız və qanunsuz hesab edir. Tərtib olunan iddia ərizəsində faktlar kobud şəkildə təhrif olunur. Belə ki, İddiaçı müraciət edərək ona məxsus ünvan 4 ünvanında yerləşən əmlakına ailə üzvləri ilə birlikdə qeydiyyata düşmək istədiyini bildirmiş və o, ona qəti şəkildə etirazını bildirmişdir. Sonuncu dəfə qeyd olunan mənzilə baş çəkilərkən o, müliyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzili başqa şəxslərə kirayəyə verərək özlərinə yeni əmlak aldığını şifahi olaraq öyrənmiş və həmin mənzilinin başqalarına kirayəyə verilməsi İddiaçı ilə aralarında məsələnin hüquq müstəvisində gətirib çıxarmışdır. Bu tamamilə kobud şəkildə təhrif olunmuş iddiadır. Çünki İddiaçı iddia edir ki, güya onun mülkiyyətində olan mənzilə gəlin gəlib. Əslində isə İddiaçı gəlin köçdüyü mərhum babasının (qaynatasının) evində - ünvan 3 ünvanında yerləşən 5 otaqlı evdə qeydiyyatdadır. Sadəcə orada tez-tez ailə münaqişələri yaratdığı üçün atası müvəqqəti ona məxsus mənzildə onun iradəsi olmadan sığınacaq vermişdir. Həmin mənzillə bağlı da onun digər qohumlarına qarşı məhkəmə iddiaları və həmin iddialar da əsassız olduğundan təmin olunmamışdır. Qarşı tərəfə 2011ci ildən bu yana dəfələrlə onun mənzilindən çıxması üçün xəbərdarlıqlar etsə də məhəl qoymayıb. Qohumluq münasibətinə görə məsələnin məhkəmə müstəvisində həll olunmamasını istəsə də, qarşı tərəf sui-istifadə hallarına yol verdiyi üçün artıq məcbur olmuşdur. Hətta arsızlıq o, həddə çatıb ki, onun razılığı olmadan mənzilinə yaşayış hüququ tanıtdırmaq istəyir. Məhkəməyə təqdim etmiş olduğu sənədlərlə tanış olduğu zaman müəyyən olunur, notariat qaydasında təsdiq olunmamuş, əsli olmayan kserolardır. Qanunun tələbi ilə həmin sənədlər lazımi sübut hesab olunmur. Yuxarıdakıları nəzərə alaraq İddiaçı iddia tələbinin əsassız və qanunsuz olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X27 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qanunsuz pozulması nəticəsində ona dəymiş 31580 (otuz bir min beş yüz səksən) manat məbləğində maddi ziyanın, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosuna hüquqi yardım üçün ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı X19 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzili onun - Ağayeva (Cəlilova) Aygün Elman qızının xüsusi mülkiyyətindədir. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1426 nömrəli reyestr kitabının 130574 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də MA seriyalı ******* nömrəli Çıxarışla iddiaçı Ağayeva (Cəlilova) Aygün Elman qızının mülkiyyət hüququ təsdiq edilmişdir. AR DİN Asan-1-in yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışına əsasən X14 başqa Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildə heç kəs qeydiyyatda yoxdur. Bildirir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı və ailə üzvləri hal-hazırda ünvan 5 ünvanında yaşayırlar. Göründüyü kimi, cavabdeh olan İddiaçı və onun ailə üzvlərinin Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi, ev 10, mənzil 165 ünvanında yaşaması iddiaçı Ağayeva (Cəlilova) Aygün Elman qızının mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. Lakin, qeyd olunan mənzilin mülkiyyətçisi olan Ağayeva (Cəlilova) Aygün Elman qızı ilə orada faktiki yaşayan İddiaçı və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər İddiaçı və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən İddiaçı və onun ailə üzvlərinin Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. 2011-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzilindən nə istifadə edə bilir, nə də gəlir əldə edə bilir. Buna səbəb İddiaçı onun mülkiyyət hüquqlarını pozmasıdır. Nəticədə ona ziyan vurulub və bu gün də bu ziyanın vurulması davam etməkdədir. O, uzun müddət, yəni 2011-ci ilin iyun ayından 2020-ci ilin noyabr ayınadək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzilindən öz iradəsi ilə istifadə etmiş olsaydı 31580 (otuz bir min beş yüz səksən) manatdan çox gəliri olardı. Məhkəməyə sübut kimi 31580 (otuz bir min beş yüz səksən) manatdan çox gəliri olacağını o xx xxxxxx 2020-ci il tarixli ekspert arayışına əsasən təsdiq edir. Lakin xx xxxx 2011-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzilini nə istifadə edə bilir, nə də həmin mülkiyyətindən istifadə eədərək gəlir əldə bilmişdi. Bununla da, cavabdeh tərəfindən ona külli miqdarda maddi zərər vurulmuşdur. O, mülkiyyətindəki mənzildən istifadə etsəydi hər ay ən azı 260 manat olmaqla, 2020-ci ilədək 31580 (otuz bir min beş yüz səksən) manat gəlir əldə etmiş olardı ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Qarşı tərəfə 2011-ci ildən bu yana dəfələrlə onun mənzilindən çıxması üçün xəbərdarlıqlar etsə də məhəl qoymayıb. Qohumluq münasibətinə görə məsələnin məhkəmə müstəvisində həll olunmamasını istəsə də, qarşı tərəf sui-istifadə hallarına yol verdiyi üçün artıq məcbur olmuşdur. Hətta arsızlıq o, həddə çatıb ki, onun razılığı olmadan onun mənzilinə yaşayış hüququ tanıtdırmaq istəyir. Onunla əvvəlcədən razılaşdırılmadan, 2011-ci ilin iyul ayında mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzilindən zorla qanunsuz istifadə nəticəsində ona ümumilikdə 31580 (otuz bir min beş yüz səksən) manat həcmində zərər vurulmuşdur. Onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzilini qanunsuz istifadə edən İddiaçı və onun ailə üzvlərinə qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin 2(011)-6458/2020 saylı iş Xətai rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatındadır. Həmin prosesin məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə saat 14:45-ə təyin olunub. O, qeyd edilənlərlə bağlı cavabdehə müraciət etmişdir və ona vurulmuş zərərin əvəzinin ödənilməsi üçün lazımi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X16 vəkili Vəkil2 yuxarıda göstərilən məzmunda izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Quba rayonu, Giləzi kənd soveti tərəfindən xx.xx.1987-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cəlilov Faiq Ziyafəddin oğlu X6 ilə xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar. Ərə Cəlilov, arvada Cəlilova soyadı verilmişdir. Nəsimi rayon X28 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 100/11 nömrəli “Mənzil kirayəsi müqaviləsinin yenidən bağlanması haqqında” qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilinin kirayəsi haqqında müqavilə X12 ilə yenidən bağlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ÖM seriyalı 058295 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir- Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1126 nömrəli reyestr kitabının 169200 nömrəli vərəqində xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Nəsimi rayon MKTB-nin 77 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 564 saylı arayışından görünür ki, İddiaçı Mir Cəlal küçəsi, 10 saylı evin 165 saylı mənzilində qonşuların aktına əsasən 1987-ci ildən hal-hazıradək ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. Həmin tarixdən hal-hazıradək mənzilin bütün kommunal xərclərini özü ödəyir. xx.xx.2007-ci il tarixli “Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə” müqavilədən görünür ki, Rabitə müəssisəsi ilə Cəlilov Rövşən Faiq oğlu arasında telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. xx.xx.2008-ci il tarixli, 03/555 saylı “Təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında əhali üçün” müqavilədən görünür ki, “Azəriqaz” İB ilə Cəlilov Rövşən Faiq oğlu arasında təbii qazın alqı-satqısına, istifadə və istismarına dair müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli, 01/30236 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, “Azəriqaz” İB ilə Cəlilov Rövşən Faiq oğlu arasında təbii qazın alqı-satqısına, istifadə və istismarına dair müqavilə bağlanmışdır. X23, X24, X7 və X25 tərəfindən imzalanmaqla tərtib edilmiş xx.xx.2020-ci ildə notarial qaydada təsdiq edilmiş aktdan görünür ki, İddiaçı Cəlilov Faiq Ziyafəddin oğlu ilə xx.xx.1987-ci ildə ailə həyatı quraraq 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzilə gəlin köçmüşdür və 33 ildir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin dam örtüyünü və şaxtanın təmirə ehtiyacı olduğu üçün təmir etdirmişlər. Mənzil uzun müddət təmirsiz olduğu üçün Cəlilov Rövşən öz vəsaiti ilə mənzili yüksək səviyyədə etdirmişdir. Bütün kommunal xərcləri və mənzil pulunu özləri ödəmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1426 nömrəli reyestr kitabının 130574 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, X27 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzildə qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 5, 78 saylı mənzildə qeydiyyatdadır. X30 tərəfindən daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 6 ünvanı və yaxın ətraf ərazidə yerləşən orta təmirli, 2 otaqlı, ümumi sahəsi 38,63 kv.metr təşkil edən mənzillərin 2011-ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək orta aylıq kirayə haqqının məbləği yekun olaraq 31580.0 (otuz bir min beş yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzil Nəsimi rayon X28 İcrayyə Komitəsinin 100/11 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına, 49844 nömrəli, xx.xx.1966-cı il tarixli orderə, 1469 nömrəli,xx.xx.2000-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il tarixində X4 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-464 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlak üzərində yüklülüyün qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlu və Cəlilov Rövşən Faiq oğlunun cavabdehlər X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat Kontoruna qarşı - Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X1 adına xx.xx.2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəli mənzilə dair X3 adına xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 18 saylı DNK-da 2V-0M54 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən X3 adma aparılmış qeydiyyatın ləğv edilməsi və iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlunun və Cəlilov Rövşən Faiq oğlunun Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinə köçürülmələri barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsi iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlu və Cəlilov Rövşən Faiq oğlunun Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli, 2(102)- 2757/2018 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlu və Cəlilov Rövşən Faiq oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10320/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci i! tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X23 ifadə verərək bildirmişdir ki, Ayna onların binasının 5-ci mərtəbəsində yaşayır. Özü isə 2003-cü ildən həmin binanın 4cü mərtəbəsində yaşayır və orada qeydiyyatdadır. Daimi olaraq onu həmin mənzildə görmüşdür. Gediş-gəlişləri olmuşdur. Hal-hazırda yoldaşı ilə birgə yaşamır. Aynanın yoldaşının qohumlarını həmin mənzildə görməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X24 ifadə verərək bildirmişdir ki, əvvəl o binada kirayə qalmışdır. 23 ildir ki, onların Ayna ilə yaxın münasibətləri vardır. O onunla neçə ildir ki, qonşudurlar. O, onu tibb bacısı kimi tanıyır. Onun evində dəfələrlə olmuşdur. Evdə Aynanın öz əşyaları var. Yoldaşı həmişə sərxoş vəziyyətdə olmuşdur. Ondan qabaq orada kimisə görməmişdir. Aynanı təxmini 90-cı illərdən tanıyır. İradə adlı gəlini həmin mənzilə gəlin gəlmişdir. Qayınanasını tanımır. Məhkəmə iclasında şahid qismində iştirak edən X29 ifadə verərək bildirmişdir ki, o, 2 il bundan qabaq təxmini 2018-ci ildə həmin evdə olmuşdur. Təmir işlərinə görə həmin evə Aynanın sifarişi ilə mebel ustası kimi getmişdir. Evi təmir etmiş, Aynanın özü və oğlunu həmin evdə görürdü. Aynanı qonşular da tanıyırdı. Evin təmirinə təxmini 10.000 manat xərc çəkilmişdir. Həmin evdə tək usta o, olmadığına görə pulun miqdarı yadında deyil. Həmin ev tam təmir olunmamışdır. Gördüyü işin pulunu ona Ayna verirdi. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki İddiaçı Cəlilov Faiq Ziyafəddin oğlu ilə xx.xx.1987-ci ildə ailə quraraq, Bakı şəhəri, Nəsimi rayonu, 4 mk., Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzilə gəlin köçmüş və hal-hazıradək həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. İddiaçı mübahisəli mənzilə gəlin köçərkən mənzil Nəsimi rayon X28 İcraiyyə Komitəsinin 49844 nömrəli, xx.xx.1966-cı il tarixli orderi əsasında iddiaçının qayınatası olmuş mərhum X1 istifadəsinə verilmiş və o, həmin mənzilin icarədarı olmuşdur. Daha sonra mübahisəli mənzil xx.xx.2000-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il tarixində icarədarın oğlu X4 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-464 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində X4 qızı olan Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarından həmçinin məlum olmuşdur ki, mübahisəli mənzilin icarədarı xx.xx.2003-cü ildə vəfat etmişdir. İlkin iddia tələbinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı mübahisəli mənzilə gəlin kimi köçdüyü andan orada yaşamaqla həmin mənzilə istifadə hüququ əldə etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillərin qiymətləndirilməsinə keçməmişdən əvvəl ilkin iddia ərizəsində öz əksini tapmış xüsusatlara diqqət yetirməyi zəruri sayır. İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti xx xxxxxxx 2009-cu il tarixədək (1987-ci ildə) yarandığıdan və iddiaçının mübahisəli yaşayış sahəsinə gəlin köçdüyü zaman mənzil dövlət mənzil fonduna aid edildiyindən hazırki mübahisə köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 saylı qərarının 7–ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-cü hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ xx xxxxx 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən “.... hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.” Beləliklə iş materiallarından göründüyü kimi, ilkin iddia üzrə iddiaçı dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı X2 ailə üzvü (oğlu X9) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4 mk., Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. Bu faktlar həmçinin tərəflərin tərəf olduqları digər mülki iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən öz təsdiqini tapmışdır. Belə ki, iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, hazırki ilkin iddia üzrə iddiaçı ünvan 9 ünvanına yox, məhz Nəsimi rayonunda yerləşən mənzilə gəlin gəlmişdir və yaşamaqda davam edir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzildə icarədarın oğlu və onunla birgə nikahdan doğulmuş oğlan övladı ilə birlikdə birgə təsərrüfat apararaq yaşamaqla, mənzil qanunvericiliyində nəzərdə tutulmuş “digər şəxs” kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X27 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qanunsuz pozulması nəticəsində ona dəymiş 31580 (otuz bir min beş yüz səksən) manat məbləğində maddi ziyanın, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosuna hüquqi yardım üçün ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı X19 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, qarşılıqlı iddia təmin oluna bilməz. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X19 qarşı «mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, Mir Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilindən İddiaçı istifadə hüququ tanınsın. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X16 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş maddi zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar