Məhkəmə qərarları › İş №2(006)-814/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-814/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-814/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı BANK "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BANK "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK- 00213-16/20A saylı kredit müqaviləsi ləğv edilsin, həmin kredit müqaviləsindən irəli gələn 18.11.2021-ci il tarixə ödənilməmiş 5854 (beş min səkkiz yüz əlli dörd) manat 99 (doxsan doqquz) qəpik əsas borc, 428 (dörd yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 598 (beş yüz doxsan səkkiz) manat 44 (qırx dörd) qəpik dəbbə pulu, iddia qaldırılması üçün 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu, ümumilikdə 6882 (altı min səkkiz yüz səksən iki) manat 19 (on doqquz) qəpik, 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu və 0 (sıfır) manat 40 (qırx) qəpik bank xidməti haqqı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00213-16/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Cavabdeh2 Əli oğlu 23.01.2020-ci il tarixdə iddiaçıyla MKZ-00213-16/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 23.01.2020-ci il tarixdə iddiaçıyla MKZ2-00213-16/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 23.01.2020-ci il tarixdə iddiaçıyla MKYG-00213-16/19A saylı girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ev əşyalarını girova qoymuşdur. İddiaçı Bank BTB ASC ilə cavabdehlər arasında 24 noyabr 2020-ci il tarixində 23 yanvar 2020-ci il tarixli MK-00213- 16/20A saylı kredit müqaviləsinə, 23 yanvar 2020-ci il tarixli MKZ-00213-16/20A saylı zaminlik müqaviləsinə, 23 yanvar 2020-ci il tarixli MKZ2-00213-16/20A saylı zaminlik müqaviləsinə əlavə saziş imzalanmışdır. Cavabdehin 18.11.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 5854.99 manat, faiz borcu 428.76 manat, dəbbə pulu 598.44 manat, cəmi 6882.19 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1 və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə Bank "xxxx" arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00213-16/20A nömrəli kredit müqaviləsindən görünür ki, bank borcluya 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit vermişdir. İş materiallarında olan 23.01.2020-ci il tarixli, MKZ-00213-16/20A nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Əli oğlu 23.01.2020-ci il tarixdə Bank "xxxx" ASC ilə MKZ- 00213-16/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur İş materiallarında olan 23.01.2020-ci il tarixli, MKZ2-00213-16/20A nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 23.01.2020-ci il tarixdə Bank "xxxx" ASC ilə MKZ2-00213- 16/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. İş materiallarında olan 23.01.2020-ci il tarixli MKYG-00213-16/20A nömrəli Girov müqaviləsindən görünür ki, kreditin təminatı qismində Cavabdeh1 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ev əşyalarını girova qoymuşdur. İş materiallarında olan 04.10.2021-ci il tarixli şəxsə ünvanlanan bildirişdən görünür ki, cavabdeh tərəfindən borcun ödənilməsi 101 gün gecikdirilərək 04.10.2021-ci il tarixə cavabdehin 1293.61 manat əsas, 256.82 manat dəbbə borcu, 232.17 manat faiz borcu yaranmışdır. Həmçinin, iş materiallarında olan 18.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bank "xxxx" ASC-yə 5854.99 manat əsas borc, 428.76 manat faiz borcu və 598.44 manat məbləğində dəbbə borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3n üzərinə düşür. Lakin, mülki işdə cavabdehlərin öhdəliklərini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlıvaxtında aparmamışdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 427, 439, 442, 448, 470-475, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 23.01.2020-ci il tarixli krediti müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin dövlət rüsumu ilə bağlı olan hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 88.83 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88.83 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlə bağlanmış kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn 18.11.2021-ci il tarixə ödənilməmiş 5854 (beş min səkkiz yüz əlli dörd) manat 99 (doxsan doqquz) qəpik əsas borc, 428 (dörd yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 598 (beş yüz doxsan səkkiz) manat 44 (qırx dörd) qəpik dəbbə pulu, iddia qaldırılması üçün 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu, ümumilikdə 6882 (altı min səkkiz yüz səksən iki) manat 19 (on doqquz) qəpik, 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu və 0 (sıfır) manat 40 (qırx) qəpik bank xidməti haqqı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00213-16/20A saylı kredit müqaviləsi ləğv edilsin, həmin kredit müqaviləsindən irəli gələn 18.11.2021-ci il tarixə ödənilməmiş 5854 (beş min səkkiz yüz əlli dörd) manat 99 (doxsan doqquz) qəpik əsas borc, 428 (dörd yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 598 (beş yüz doxsan səkkiz) manat 44 (qırx dörd) qəpik dəbbə pulu, iddia qaldırılması üçün 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu, ümumilikdə 6882 (altı min səkkiz yüz səksən iki) manat 19 (on doqquz) qəpik, 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu və 0 (sıfır) manat 40 (qırx) qəpik bank xidməti haqqı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar