Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-817/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, “xxxx” ASC-yə 50000 dollar məbləğində əmanət qoymuşdur. Lakin “xxxx” ASC bağlandıqdan sonra qoyulmuş əmanətlərin qaytarılması səlahiyyətləri Əmanətlərin Sığortalanması Fonduna ötürülmüşdür. Müxtəlif vaxtlarda müraciətlər olunmasına baxmayaraq hər zaman eyni məzmunlu və vaxt udmaq xarakteri daşıyan cavablar verilmişdir. Ən sonuncu xx.xx.2020ci il tarixli vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, “Əmanətin geri qaytarılması barədə məktubunuza ləğv prosesində olan QSC “Bank Standar” KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bildiririk ki, vətəndaş İddiaçı kreditor tələbi Azərbaycan Respublikasının “Banklar haqqında ” Qanununun 76.1-ci maddəsinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixində 1207 nömrəsi ilə qeydiyyata alınmış və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik daxilində ödəniləcəkdir” Verilmiş cavabdan görünür ki, konkret olaraq növbə sırası bəlli deyildir və verilmiş cavab eyni məzmunlu , “şablon” xarakter daşıyır. “xxxx” ASC ilə bağlanmış müqaviləyə əsasən iddiaçıya qoyulmuş əmanəti sığortalamaq və ya götürmək təklif olunmuş, iddiaçıda əmanəti götürməyi seçsə də, bu günə qədər yaradılmış bürokratik əngəllərə görə götürə bilməmişdir. Göstərilənlərə əsasən cavabdehdən əmanət kimi qoyulmuş 50000 dolları (85000 manat) və 5 il ərzində toplanmış 42500 manat faizi, ümumilikdə 127500 manat məbləğində pul vəsaitinin tutularaq dərhal iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddiaçının əmanətinin qorunan əmanət statusunda olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “Standard” bank əmanəti müqaviləsinin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 50000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 36 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12,50 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı kreditor tələbi Azərbaycan Respublikasının “Banklar haqqında ” Qanununun 76.1-ci maddəsinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixində 1207 nömrəsi ilə qeydiyyata alınmış və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik daxilində ödəniləcəkdir. Beləliklə, işin materiallarından da göründüyü kimi, “xxxx” ASC ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli “Standard” bank əmanəti müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bank əmanətçi İddiaçı 50000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 36 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12,50 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxx” ASC müflis elan edilmiş və barəsində iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuş, cavabdeh tərəfindən iddiaçının əmanət qoyuduğu 50000 ABŞ dolları əmanətlə bağlı tələbi kreditor tələb kimi qeydə alınmışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). X3 tərəfindən xx xxxx 2010-cu il tarixdən xx xxxx 2016-cı il tarixədək banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 12 faiz, milli valyuta üzrə 15 faiz olmaqla sığortalanması müəyyən edilmişdir. Eyni zamanda, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiyanın maksimum həddi 30000 manat müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləği və faizi (12,50 faiz olduğundan) qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə də aid olmamışdır. Bundan əlavə, iddiaçının əmanəti xx xxxx 2016-cı il tarixdə qanuni qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun da təsir dairəsinə düşməmişdir. Belə ki, həmin Qanunun 4.1-ci bəndinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi qanunvericiliyə uyğun olaraq kreditor tələb kimi qeydə alınmış və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində həmin tələbin növbəlilik daxilində ödənilməsi nəzərdə tutulmuşdur. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-817/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-817/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver