Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-838/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X11 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «artıq ödənilmiş pul məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «artıq ödənilmiş pul məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 14 nəfər xx.xx.2009-cu il tarixdə cavabdeh «xxxx» (hazırda Cavabdeh ASC) İKB ASC-dən kəndlərində 14 nəfərdən ibarət yaradılmış Birgə Borclular qrupu arasında hər birinə 600 manat məbləğində kredit almaq üçün «Kredit müqaviləsi» bağlayaraq 12 ay müddətinə 30% olmaqla kredit götürmüşlər. O, həmin qrupun başçısı müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən digər 14 nəfər ödənişləri banka onun vasitəsi ilə ödəməli idilər və ödəyiblər. Yəni qrupun digər iştirakçıları pulu ona verirdilər, o, isə pulu banka ödəyirdi. Daha sonra müəyyən səbəblərdən pulu ödəyə bilmədiklərindən cavabdeh onları məhkəməyə verərək əvvəlcə 5064 manat pul vəsaiti tələb etmiş, onların etirazlardan və cavabdehə ödədikləri pul vəsaitini düzgün hesablandıqdan sonra cavabdeh 3535 manat pul qaldığını iddia edərək məhkəməyə müraciət etmişdir. Nəticədə Ağdaş rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(014)- 111/2010 saylı qətnaməsi ilə onlardan cavabdehə borcu olduqları 3535 manat və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3555 manat məbləğində borcun alnaraq cavabdehə verilməsini qət etmişdir. xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsindən sonra qrup üzvü Mayıl Məmmədov xx.xx.2010-cu il tarixdə cavabdehin hesabına qət olunmuş borcdan 400 manat ödəmişdir. Daha sonra xx.xx.2010-cu il tarixdə qrup iştirakçısı Qurban Osmanov qət olunmuş borcdan 125 manat cavabdehin hesabına ödəmişdir. Ağdaş rayon Təhsil Şöbəsinin xx.xx.2012-ci il tarixli arayışı ilə onun əmək haqqından 2714 manat məbləğində pul vəsaiti cavabdehin xeyrinə tutulmuşdur. xx.xx.2012-ci il tarixdə qrup iştirakçısı X24 cavabdehin hesabına 103,14 manat vəsait ödəmişdir. xx.xx.2012-ci il tarixdə qrup iştirakçısı X17 cavabdehin hesabına 29,81 manat vəsait ödəmişdir. Ağdaş rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli arayışı ilə onun əmək haqqından 840,70 manat məbləğində pul vəsaiti cavabdehin xeyrinə tutulmuşdur. Yuxarıda ödənilən məbləğlər qrupunun cavabdehə ödəmiş olduğu məbləğdən 657,95 manat artıq olmuşdur. Bu da o səbəbdən olmuşdur ki, müqavilə şərtinə görə banka olan borc yalnız onun vasitəsi ilə ödənilməli idi. Lakin bank onun xəbəri olmadan qrup üzvlərinin ödədiyi 657,95 manat məbləği qəbul edib və uzun müddət onlardan gizlədib. Ona görə də onun uzun müddətli müxtəlif ünvanlara yazılı və şifahi müraciətlərindən sonra 153 manat, 153 manat və 41,60 manat olmaqla 347,60 manat qrupa geri qaytarılmışdır. Cavabdeh onlara borclu qaldığı 347,60 manat məbləğində vəsaiti isə onlara geri qaytarmaq istəmirdi. Bundan 6 il sonra o, Bərdə rayon prokurorluğunun köməyi ilə 65,73 manat vəsaiti cavabdehin onlara borclu olduğu 347,60 manat məbləğdən geri ala bilmişdir. Hal-hazırda cavabdehin onların qrupa 281,86 manat borcu qalmışdır. Həmin borcun qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də, cavabdeh ondan haqsız olaraq götürüb saxladığı borcunu qaytarmaq istəmir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləliklə, cavabdeh onlara onlardan artıq saxladığı 347,60 manat vəsaiti 2013-2017-ci illər ərzində istifadə etdiyinə görə illik 30% olmaqla 521,4 manat, 281,86 manat vəsaiti 2018-2020-ci illər ərzində qanunsuz və əsassız saxlayıb istifadə etdiyinə görə illik 30% olmaqla 253,6 manat məbləğində vəsait olmaqla, cəmi 775 manat faiz borcunu və 281,86 manat əsas borcunu, dövlət rüsumu olaraq ödənilmiş 20 manat dövlət rüsumunu, cəmi 301,86 manat məbləğində pul vəsaitini onlara qaytarmalıdır. Cavabdehlə Birgə Borclular arasında bağlanmış kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-nin (Cavabdeh) hesabına ödəmiş olduqları artıq ödənişlər məhkəməyə təqdim etdiyi çıxarışlarda da öz əksini tapır. Odur ki, Birgə Borclular qrupunun üzvlərindən artıq qəbul edib saxladıqları və istifadə etdikləri 281,86 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 301,86 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyinin cavabdeh «xxxx» İKB ASC (Cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh «xxxx» (Cavabdeh) İKB ASC-nin hesabına artıq ödəmiş olduğu 281,86 manat əsas borcun və 20 manat dövlət rüsumu, cəmi 301,86 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh «xxxx» (Cavabdeh) İKB ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X19 iddiaçının hazırda banka borcunun olmadığından və iddiaçının bank tərəfindən ona xx xxx 2012-ci il tarixdə qəbzə imza etməklə 275,65 manat pul vəsaitinin qaytarıldığını, iddiaçının bu qəbzi məhkəməyə bildirmədiyindən hal-hazırda pul tələb edir. Lakin qəbz mövcuddur və iddia tələbinin tam əsassız olmasını əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Ağdaş rayon Məhkəməsinin 2(014)-111/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı, X22, X7, X3, X10, X15, X12, X16, X1, X5, X13, X8, X4 və X2 müştərək qaydada 2913,25 manat əsas kredit borcu, 450,53 manat faiz borcu, 171,22 manat dəbbə pulu və dövlət rüsumu hesabına ödənilmiş 20 manat, cəmi 3555 manat borcu alınaraq «xxxx» İKB ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, məhkəmə qərarına əsasən Cüvə kənd tam orta məktəbin müəllimi İddiaçı adına olan 3555 manat borc pul onun əmək haqqından hər ay 50%-i, 2010-cu ilin sentyabrdan xx.xx.2012-ci ilədək cəmi 2714,30 tutularaq aşağıdakı kimi «xxxx» İKB ASC Yevlax filialı, kod 502122, VÖEN: **********, hesab № 14-4509, S.W.İ.F.T.BİK: NİKBAZ22 hesaba köçürülmüşdür. İş materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, məhkəmə qərarına əsasən Cüvə kənd tam orta məktəbin müəllimi İddiaçı adına olan 3555 manat borc pul onun əmək haqqından hər ay 50%-i, 2012-ci il 01 fevral - xx xxxxxx 2012-ci ilədək cəmi 840,70 manat tutularaq aşağıdakı kimi «xxxx» İKB ASC Yevlax filialı, kod 502122, VÖEN: **********, hesab № 14- 4509, S.W.İ.F.T.BİK: NİKBAZ22 hesaba köçürülmüşdür. İş materiallarında olan «xxxx» İKB ASC-nin kassa məxaric orderlərin surətindən görünür ki, bank tərəfindən xx.xx.2012-ci il tarixdə 275,65 manat, xx.xx.2012-ci il tarixdə 153 manat, xx.xx.2012-ci il tarixdə 153 manat, xx.xx.2012-ci il tarixdə 41,6 manat, xx.xx.2018-ci il tarixdə 65,73 manat məbləğində pul İddiaçı qaytarılmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə artıq pul ödənilməmişdir. Həmçinin, cavabdeh tərəfindən əlavə ödənilmiş pul vəsaiti iddiaçıya ümumi qəbzlər əsasında ona geri qaytarılmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ondan artıq tutulan pulun qaytarılması ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. X28 Məhkəməsi "X6rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «artıq ödənilmiş pul məbləğinin qaytarılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «artıq ödənilmiş pul məbləğinin qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-838/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-838/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver