Məhkəmə qərarları › İş №2(006)-841/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-841/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-841/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3741/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 25 may 2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 may 2013-cü il tarixdə 320 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. X2 və X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat (ümumilikdə 320) pul məbləğində alimentin Cavabdeh tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək bildirmişdir ki, nikah pozulduqdan sonra qarşı tərəfdən satılmış evləri hesabına ona köməklik göstərilməsini xahiş etsə də, cavabdeh onu yaşayış sahəsi ilə təmin etməmiş, uşaqları ilə birlikdə kirayədə yaşayır, fərdi əməklə məşğul olur və iki uşağının maddi tələbatlarını, evin kirayəsini çətinliklə ödəməyə çalışır, özünün valideynləri tərəfindən də ona heç bir maddi dəstək göstərilmir. Uşaqların maddi ehtiyaclarını ödəmək üçün alimentin miqdarının artırılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, hazırda rəsmi olaraq işləmir, yalnız işəmuzd işlərdə çalışır, yenidən nikaha daxil olmuşdur, lakin yeni nikahından övladı yoxdur. Himayəsində birinci qrup əlil anası və ikinci qrup əlil atası vardır, onlara qulluq etdiyi üçün daimi işdə işləyə bilmir.Valideynləri əlilliyə görə pensiya, özü isə anasına qulluğa görə təqaüd alır. Mövcud alimenti ödəməyə onsuz da çətinlik çəkir, alimentin məbləği artırılarsa, ödəniş edə bilməyəcəkdir. Əgər hər hansı baxımdan qarşı tərəfə xeyiri olarsa, aliment 20-30 manat məbləğində artırıla bilər. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3741/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 may 2013-cü il tarixdə 320 nömrə ilə qeyd alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan X2 və X1 adlı yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 manat, cəmi 320 manat məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Tərəflərin əvvəllər rəsmi nikahda olması, onların birgə nikahdan iki övladının olması, nikahın pozulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hər uşağa 160 manat olmaqla, ayda cəmi 320 manat sabit pul məbləğində aliment tutulması işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı uşaqların tələbatlarının artmasını əsas gətirərək tutulan aliment məbləğinin hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. İddiaçı fərdi əməklə məşğul olmaqla, övladları ilə yaşadıqları evin kirayə haqqını və onların tələbatlarını təkbaşına ödəməsini bildirərək, aliment məbləğinin artırılması zərurətini bildimiş, cavabdeh isə öz növbəsində himayəsində birinci qrup əlil olan anasının olmasını və həmçinin yenidən ailə qurmasını əsas gətirərək alimentin artırılmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının hər bir uşağın saxlanması üçün 220 manat məbləğində olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasını tələbini və cavabdehin isə himayəsində olan əlil valideyninə, yenidən nikaha daxil olmasına və daimi işinin olmamasına görə alimentin yalnız 20-30 manat məbləğində artımının yolverilən olmasına istinad etməsini, ümumilikdə uşaqların saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətlərinə təsiri nəzərə alır. Məhkəmə həmçinin iddiaçının 2023-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğini nəzərə alaraq hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment tutulması barədə tələbini, hazırda 2024-cü ildə ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsini, bu faktın özünün də alimentin artımına təsirini nəzərə alır və hər bir halda alimentin miqdarının artırılmasını məqsədəuyğun hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (380-320=80 manat, 80 x 12 = 960 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar