Məhkəmə qərarları › İş №2(006)-855/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-855/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-855/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2003-cü il tarixli kredit müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində əsas, 1451,39 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 11.451,39 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq bankın xeyrinə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan “Opel-Omega” markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban WOLOVBFW1084640, yaşıl rəngli avtomaşına yönəldilməsi və həmin avtomaşının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(110)- 68/2015 saylı qətnaməsinə əsasən məhkəmə tərəfindən bankın iddia tələblərinə iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi baş tutmuşdur. Lakin “xxxx’' ASC yuxarıda qeyd edilən Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(110)-68/2015 saylı müvafiq qətnaməsi üzrə iddia tələbi rədd edilsə də, bank tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə iddiaçının öhdəliyinin mövcud və aktiv olması barədə kredit reyestrində yalnış məlumat yerləşdirməsi nəticəsində iddiaçıya dövlət tərəfindən ödənilməli olan 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(110)-68/2015 saylı qətnaməsinə əsasən məhkəmə tərəfindən bankın iddia tələblərinə iddia müddəti tətbiq edilərək rədd edilməsini və iddiaçının bank qarşısında hazırda və müvafiq kompensasiya ödənilən zaman heç bir aktiv öhdəliyi olmamışdır. Aktiv öhdəlik olmadığı halda və həmin iş üzrə məhkəmənin yekun qətnaməsi olmasını nəzərə alaraq iddiaçı bildirir ki, bankın müvafiq hərəkətləri əsassız varlanma halıdır ki, bu da kobud qanun pozuntusudur. Belə ki, həmin kompensasiya məbləğini mənimsənilməsi üçün bank tərəfindən kredit reyestrinə təhrif edilmiş məlumatlar yerləşdirilmişdir və bununla da əsassız varlanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, cavabdeh “xxxx” ASC-dən 8500 (səkkiz min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 17000 manat, borcun azaldılmasına yönəldilən məbləğ (manatla) 8500 manat, qalıq borcunun məbləği (manatla) 8500 manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(110)-68/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın girov qoyulmuş avtomobilə yönədilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, baxılan mülki iş üzrə iddiaçı nəinki müqavilə tələbi üzrə, hətta qanunvericiliklə nəzərdə tutulmuş ümumi iddia müddəti üzrə tələb hüququnu itirmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2808/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2003-cü il tarixli, 1193 saylı girov müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus olan “Opel-Omega” markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban WOLOVBFW1084640, yaşıl rəngli avtomobilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan şöbəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlərin aparılması, İddiaçı xx.xx.2003-cü il tarixli, 1993 saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə “xxxx” MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlərin aparılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə, 25%-lə, 10000 ABŞ dolları məbləğində kredit verilmiş, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, bununla əlaqədar bank tərəfindən məhkəməyə müraciət edilmiş, Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(110)-68/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın girov qoyulmuş avtomobilə yönədilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçının bildirməsinə görə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyinin mövcud və aktiv olması barədə kredit reyestrində yalnış məlumat yerləşdirməsi nəticəsində ona dövlət tərəfindən ödənilməli olan 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya "xxxx" ASC-yə ödənilmişdir. Bu səbəbdən bankın əsassız varlandığını iddia edərək, həmin pulu tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə verilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Göründüyü kimi sözügedən Fərman fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi güdür, lakin məhkəmə araşdırması zamanı iddiaçının hər hansı maliyyə itkisi ilə üzləşdiyi müəyyən edilməmişdir. Belə ki, İddiaçı özünün də məhkəmə iclasında bildirdiyi kimi, qeyd olunan kredit müqaviləsi üzrə o ümumiyyətlə heç bir ödəniş etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2003-cü il tarixli, 1993 saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması qanuni qüvvəsini almış məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə istinad edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsassız varlandığını iddia etsə də, məhkəmə hesab edir ki, həmin tələbi irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar