Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-875/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 məntəqəsinin sahibi X3 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyinin Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə korlanmış və yararsız vəziyyətə düşmüş əmlakının dəyəri kimi cəmi 1169 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Fransanın məşhur "Balenciaga" əmtəə nişanlı boz-bej-ağ rəngli parça ayaqqabı (krosovka) cütlüyünün mülkiyyətçisidir. xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 249B ünvanında yerləşən Cavabdeh2 məntəqəsinə həmin ayaqqabı cütlüyünü tozdan və ləkədən təmizləmək məqsədilə vermiş, ona həmçinin qəbz təqdim edilmişdir. xx.xx.2019-cu il tarixində kimyəvi təmizləmə məntəqəsinə gəlib, ayaqqablarını geriyə almaq istəyəndə, onların rəngin dəyişməsini görmüşdür. Kimyəvi təmizləmə məntəqəsinin işçiləri xidmətin qüsurla yerinə yetirilməsini etiraf etmiş və əlavə müddət təyin edərək, ayaqqabılarını ilkin hala qaytaracağını vəd etmişlər. Lakin xx.xx.2019-cu il tarixində kimyəvi təmizəmə məntəqəsinə yaxınlaşıb, ayaqqabıların yararsız hala düşdüyünü aşkar etmişdir. Belə ki, bej-boz-ağ rəngi yaşıla oxşar rəngə dəyişmiş, ümumi rənq çox tündləşmiş, qəbulolunmaz bir rəng əmələ gəlmişdir. Öz xidmətlərini qüsurla yerinə yetirdiyi üçün və rəngi gizlətmək üçün kimyəvi təmizləmə məntəqəsinin işçiləri ayaqqabılarının bəzi boz hissələrini ağ boya ilə rəngləmiş (şəkillərdə göy qələm ilə işarə etmişdir), amma əvvəlcədən ondan rənglənməyə razılıq alınmamışdır, həmçinin “kimyəvi təmizləmə” anlayışı rənglənməsini nəzərdə tutmur.Kimyəvi təmizləmə məntəqəsinin işçiləri yenə də icrası üçün əlavə müddət xahiş etmiş və ayaqqabıların ilkin vəziyyətə gətirilməsini vəd etmişlər, lakin xx.xx.2019-cu il tarixində məntəqəyə gələndə görmüşdür ki, ayaqqabılarında qüsurların sayı artıb, həm rəng tam başqa rənqə çevrilib, həm də boya izləri qalıb. Ayaqqabıların qiyməti yüksəkdir, çünki onlar orijinal əmtəəçi tərəfindən istehsal olunublar. Onlar “www.mytheresa.com” onlayn mağazadan 2019-cu il aprel ayında 615 avroya alınıblar. Həmin onlayn mağaza dünyada məşhur moda evləri ilə iştəyir və ancaq orijinal malları satır. Bu cür yüksək qiymətə alınan ayaqqabını cəmi 4 dəfə qeyinə bilmiş və onların üstündə toz olduğu üçün, təmizləməyə vermişdir. Kimyəvi təmizləmə məntəqəsinin işçilərinə və rəhbərliyinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini təklif etmiş, onların təbii istifadəsini nəzərə alaraq, ayaqqabıların tam qiymətini yox, 500 avro hissəsini manatla ödəməyi xahiş eləmişdir. Lakin, onlar ayaqqabıların orijinal olmamasına istinad edərək, etiraz etmişlər.Məsələ ilə əlaqədar, xx.xx.2019-cu il tarixində o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə (bundan sonra “Xidmət”) istehlakçı kimi “X1 haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1995-ci il tarixli Qanuna (bundan sonra “Qanun”) müvafıq olaraq öz hüquqlarını müdafiə etmək xahişi ilə müraciət etmişdir. Xidmətin əməkdaşları cavabdeh ilə əlaqə saxlayıb, istehlakçının narazı olduğunu bildirmiş və məsələnin aydınlaşdırılmasmı xahiş etmiş, həmçinin vurğulamışlar ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.58 bəndinə uyğun olaraq, malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir və istehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Lakin cavabdeh Xidmətə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, onun əməllərdə heç bir qüsur olmamış və ayaqqabılar normal rəngdə istehlakçıya təqdim olunmuşdur. Cavabdeh tərəfindən Xidmətə göndərilən məktubda göstərilən xüsusatlar ayaqqabılarının həqiqi vəziyyəti ilə ziddiyatı təşkil edir.İndiyənə kimi cavabdehdən ayaqqabıları götürülməmiş, lakin ekspertiza təyin olunmamışdır.Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu şəkillərlə, çeklə və cavabdehin məktubla təsdiq olunur.Cavabdehin təqsirli hərəkətləri nəticəsində ayaqqabıları yararsız vəziyyətə düşmüşdür. Onları əvvəlki zövqlə qeyinmək mümkün deyil, əşya öz gözəl və samballı görünüşünü itirmişdir.Korlanmış ayaqqabılar cavabdehdə saxlanılmışdır və sübut kimi təqdim oluna bilər.Onun və Xidmətin müraciətlərinə baxmayaraq, cavabdeh öz təqsiri boyuna almır və həqiqətə üyğun olmayan məlumatları dövlət orqanlarına təqdim edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası www.mytheresa.com saytından çıxarışdan görünür ki, 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının qiyməti 615 avrodur. İş materiallarında olan 123374 №-li qəbzin surətindən görünür ki, FərizəMirzəyeva ona məxsus ayaqqabıları Cavabdeh2 məntəqəsinə vermişdir. İş materiallarında olan Cavabdeh2 məntəqəsinin sahibi fiziki şəxs Natiq Əliyev tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə ünvanlanan xx.xx.2019-cu il məktubun surətindən görünür ki, xx.xx.2019 tarixli 08/02-5/2567 saylı məktuba cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan vətəndaş İddiaçı dedikləri həqiqəti əks etdirmir. Yuxarıda adı qeyd olunan vətəndaşın təmizlənmək üçün kimyəvi təmizləmə məntəqəyə verdiyi ayaqqabılar təlimata uyğun və lazımi qaydalarla təmizlənmiş və fiziki olaraq müştərinin ayaqqabılarına heç bir xətər yetirilməmişdir. Ayaqqabıların rəngləri də dəyişməmişdir. Ayaqqabının qaydalara uyğun təmizləndiyi də müştəriyə göstərilmişdir. Həmçinin şirkət tərəfindən müştərilərdən qəbul edilən bütün mallar onların təlimatlarına uyğun təmizlənir və heç bir kənarlaşmaya yol verilmir. Nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, "Cavabdeh2” kimyəvi təmizləmə tərəfindən malınızın yararsız nala salınması haqqında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin elektron poçtuna daxil olmuş xx.xx.2019-cu il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır.Müraciəti ilə bağlı Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı Cavabdeh2 məntəqəsinin sahibi fiziki şəxs X4 xx.xx.2019-cu il tarixli məktubla ayaqqabım təmizləmək məqsədi ilə kimyəvi təmizləməyə verdiyinizi, mal məntəqə tərəfindən təlimata uyğun və lazımi qaydada təmizlənərək, hər hansı bir xətərin yetirilmədiyini və rənginin dəyişmədiyini bildirmişdir.Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarımın 5.58-ci bəndinə uyğun olaraq malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasım öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər.Əlavə olaraq bildirilmişdir ki, Cavabdeh2 məntəqəsinin sahibi fiziki şəxs Natiq Əliyevin mövqeyi ilə razılaşmadığı təqdirdə “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1845/46 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının səthi üzərində kənar təsirlər nəticəsində (yuma, qurudulma, ütüləmə və s) lif mikrostrukturunda qırışıqların, süzülmələrin, liflərin xaricə doğru üflənməsi, sürtünmələrin olması həmçinin üzərində kənar təsirlər nəticəsində boya izlərinin olması və bəzi hissələrində rənginin tündləşməsi müşahidə edildi. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində idman ayaqqabısının lif və polimer strukturu deformasiyaya uğrayaraq, keyfiyyətini aşağı salır və ümümi görünüşünü korlayır. Tədqiqata təqdim edilmiş, 01 ədəd 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının xarici görünüşü sadalanan əlamətləri daşıyır. Ekspertiza tədqiqatına tədqim edilən 01 cüt Fransa istehsalı olan “Balenciaga” əmtəə nişanlı, boz-bej-ağ rəngli, 39 ölçülü istifadədə olmuş üzəri parça idman ayaqqabısının təzə vəziyyətdə orta bazar qiyməti təxminən 1168,00 (615 € x 1,90) manat, istifadədə olmasına görə təxminən 20% çıxılma tətbiq edilməklə qalıq qiyməti 934,00 manat müəyyən edilir. Qeyd edilən 01 cüt Fransa istehsalı olan “Balenciaga” əmtəə nişanlı, boz-bej-ağ rəngli, 39 ölçülü idman ayaqqabısının hal-hazirda ilkin əmtəə görünüşünü itirməsi (ilkin rənginin qarışması və yenidən rənglənməsi) nəzərə alınmaqla orta bazar qiyməti təxminən 40,00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 154,16 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinin tələblərinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 1128.1-ci maddəsinə görə malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Eyni Məcəllənin 1132-ci maddəsinə görə malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Həmin Qanunun 9.6-cı maddəsinə görə icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. Həmin Qanunun 9.9-cu maddəsinə əsasən icraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. Həmin Qanunun 26-cı maddəsinə görə isə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə аrаşdırmаsı zamanı müəyyən olundu ki, İddiaçı ona məxsus 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısını tozdan və ləkədən təmizləmək məqsədilə Cavabdeh2 məntəqəsinə vermiş, məntəqədə kimyəvi və mexaniki təsirlər nəticəsində idman ayaqqabısının lif və polimer strukturu deformasiyaya uğrayaraq, keyfiyyəti aşağı salınmış və ümümi görünüşü korlanmışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində 01 cüt Fransa istehsalı olan “Balenciaga” əmtəə nişanlı, boz-bej-ağ rəngli, 39 ölçülü istifadədə olmuş üzəri parça idman ayaqqabısının təzə vəziyyətdə orta bazar qiymətinin təxminən 1168,00 (615 € x 1,90) manat, istifadədə olmasına görə təxminən 20% çıxılma tətbiq edilməklə qalıq qiymətinin 934,00 manat olması, eyni zamanda hal-hazirda ilkin əmtəə görünüşünü itirməsi (ilkin rənginin qarışması və yenidən rənglənməsi) nəzərə alınmaqla orta bazar qiymətinin təxminən 40,00 manat olması müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən Cavabdeh2 məntəqəsinin işçiləri tərəfindən təmizləmənin keyfiyyətsiz aparılması nəticəsində iddiaçıya maddi ziyan vurulmasını,iş üzrə ekspertiza rəyinivə qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək 894 manat (01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının istifadədə olmasına görə təxminən 20% çıxılma tətbiq edilməklə müəyyənləşdirilmiş qalıq qiyməti olan 934 manatdan ayaqqabının hazırki orta bazar qiyməti olan 40,00 manat çıxılmaqla) məbləğində pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 894 manat məbləğində pul Cavabdeh2 məntəqəsinin sahibi X2 alınaraq İddiaçı ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 154,16 manatın 117,90 manatı Cavabdeh2 məntəqəsinin sahibi X2 36,26 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 894 (səkkiz yüz doxsan dörd) manat məbləğində pul Cavabdeh2 məntəqəsinin sahibi X2 alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 154,16 (yüz əlli dörd manat, on altı qəpik) manatın 117,90 (yüz on yeddi manat, doxsan qəpik) manatı Cavabdeh2 məntəqəsinin sahibi X2 36,26 (otuz altı manat, iyirmi altı qəpik) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-875/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-875/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver