Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-887/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh ASCyə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "Cavabdeh" ASC-dən onun xeyrinə 2218 manat pul və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, kreditor "Cavabdeh" ASC ərizə ilə məhkəməyə müraciət edərək ondan 2324.92 ABŞ dolları əsas, 282.61 ABŞ dolları faiz borcu, 281.85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2889.38 ABŞ dolları milli manat ekvivalentində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "Cavabdeh" ASC-nin xeyrinə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Lerik rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(048)-222/2017 saylı əmri ilə ondan 2324.92 ABŞ dolları əsas, 282.61 ABŞ dolları faiz borcu, 281.85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2889.38 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası məzənnəsi ilə) borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "Cavabdeh" ASC-nin xeyrinə verilməsi barədə əmr qəbul etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli fərman imzalamışdır. Həmin fərmandan irəli gələn tələbləri araşdıran zaman məlum olmuşdur ki, ondan Kreditor "Cavabdeh" ASC-nin xeyrinə ümumilikdə 3004.75 ABŞ dolları=5108 manat pul tutulmuşdur. Cənab Prezidentin məlum fərmanına əsasən həmin dövr üçün ekvivalenti nəzərə alsaq cavabdehdən onun xeyrinə 2218 manat pul ödəməlidir. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh ASC -yə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-887/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-887/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver