Məhkəmə qərarları › İş №2(006)-896/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-896/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-896/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO “Texnikabank" ASC-nin nümayəndəsi X2, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO Cavabdeh2 ASCyə qarşı «borcun olmaması və s.» tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzə iddiaçılar) Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «faiz borcunun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin alınması üçün onunla, əvvəlki adı “Texnikabank" ASC olan bankla 18 may 2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə 300 ay müddətində ödəmək şərtilə 47200 manat məbləğində pul ayrılmışdır. Bankla arasında bağlanmış 18 may 2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq 25 avqust 2011-ci il tarixdə aralarında ipoteka müqaviləsi bağlanmışdır. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən hər ay 364.30 manat məbləğində ödənişləri etmişdir. 2015-ci ildə "TexnikaBank” ASC ləğv edilmiş və bir müddətdən sonra Ləğvedicisi yaranmışdır. Həmin müddətdə ondan neçə müddət ödənişləri qəbul edilməmişdir. Sonradan isə ləğv edilmiş bankın əməkdaşları onun kredit portfelini indiki adı "xxxx" ASC keçmiş adı "xxxx" olan banka ötürülməsini və ödənişləri həmin banka ödənilməsini bildirmişdilər. Bununla əlaqədar olaraq, 15.10.2015-ci il tarixdə 2190 manat məbləğində kredit borcunu ödəmişdir. Həmin müddətdən sonra günü bugünə kimi 18 may 2011-ci ildə bağlanmış kredit müqaviləsi borcu indiki adı "xxxx" ASC-yə ödəyir. Bir müddət əvvəl yenidən kredit götürmək üçün banka müraciət etsə də, ona adında gecikmələr olduğunu bildirilmişdir. Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa əsasən onun adında 1420,32 manat faiz borcu yaranmışdır. Bununla əlaqədar olaraq rəsmi qaydada Əmanətlərin Sığortalanması fonduna müraciət etsə də, məhkəməyə müraciət olunmağı tövsiyə olunmuşdur. 18 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1420,32 manat faiz borcun cavabdeh Ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinməsi və Mərkəzləşdirilmiş Kredit reyestrinin çıxarışında adına olan gecikmə günlərinə dair düzəlişin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO Cavabdeh2 ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, LPO “Texnikabank" ASC ilə onun arasında bağlanmış 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqvilə üzrə adına olan gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO “Texnikabank" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə ilə İddiaçı arasında 18.05.2011-ci il tarixində kredit verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., 35 saylı evin, 54 nömrəli mənzilinin alınması üçün illik 8 (səkkiz) faiz ödənilməklə, 300 (üç yüz) ay müddətinə, 47.200 (qırx yeddi min iki yüz) manat məbləğində kredit verilmişdir. 18 may 2011-cİ il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., 35 saylı evin, 54 nömrəli mənzilini ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs İddiaçı öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 1420,32 (bir min dörd yüz iyirmi, 32) manat məbləğində faiz borcu yaranmışdır. İddiaçı ilə Bank arasında imzalanmış 18.05.2011-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (bundan sonra mətndə Fond) maliyyələşdirilmişdir. Fondun 31.07.2015-ci il tarixli, 037/2015 saylı qərarına əsasən Bankda Fond tərəfindən maliyyələşdirilmiş olan kredit müqavilələri üzrə öhdəliklərin digər Banklara ötürülməsi qərara alınmışdır və İddiaçı məxsus olan kreditin "xxxx" İKB ASC-yə (hal-hazırda) "xxxx" ASC) ötürülməsi nəzərdə tutulmuşdur. Həmin qərara uyğun olaraq İddiaçı məxsus olan kredit "xxxx" İKB ASC-yə (hal-hazırda "YeloBank” ASC) ötürülmüşdür. Fond tərəfindən Banka ünvanlanmış 01.09.2015-ci il tarixli, x/1521815 saylı məktubla İddiaçı məxsus olan sənədlərin "xxxx" İKB ASC-yə verilməsi təmin olunmuşdur. İddiaçı tərəfindən 04.05.2015-ci il tarixindən kredit müqaviləsi üzrə öhdəliklər "xxxx" İKB ASC-yə ötürülən tarixədək kredit ödənişləri həyata keçirilməmişdir. İş materiallarında olan məlumatlara əsasən onun tərəfindən ödəniş 15.10.2015-ci il tarixində həyata keçirilmişdir. Fond tərəfindən müəyyən edilmiş qaydalara əsasən Fond tərəfindən maliyyələşdirilmiş ipoteka kreditlərinin digər müvəkkil banklara ötürülməsi həyata keçirilərkən, yalnız əsas borcun ötürülməsi, gecikmədə olan borcluların gecikmiş borclarının isə göndərilən bank tərəfindən tələb olunması müəyyən olunmuşdur. Belə ki, həmin dövrdə mövcud olan 44.403,28 (qırx dörd min dörd yüz üç,28) manat əsas borc məbləği transfer olunaraq “Nikoyl" İKB ASC-yə ötürülmüş, İddiaçı tərəfindən 04.05.2015-ci il tarixindən transfer tarixinə qədər kredit ödənişləri həyata keçirilmədiyindən onun 1420,32 (bir min dörd yüz iyirmi, 32) manat məbləğində faiz borcu öhdəliyi yaranmışdır. Əsas borc "xxxx" İKB ASC-yə transfer olunduğundan, gecikdirilmiş faiz borcu hal-hazırda ödənilmədiyindən LPO “TexnikaBank" sistemində mövcuddur. Bundan başqa İddiaçı borcunun olması barədə **********317 saylı, 06.11.2019-cu il tarixli və 09.02.2018-ci il tarixli, **********360 saylı məktublarla məlumatlandırılmışdır. Lakin bundan sonra da ödənişlər onun tərəfindən həyata keçirilməmişdir. İddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilənin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Şərh edilənləri nəzərə alaraq, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 18.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 1420,32 (bir min dörd yüz iyirmi, 32) manat faiz borcunun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO “Texnikabank" ASC-nin nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə rədd, LPO Cavabdeh2 ASC-yə münasibətdə təmin, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 35, mənzil 54 tam mülkiyyət hüququ üzrü İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1433 nömrəli reyestr kitabının 131255 nömrəli vərəqində ********** nömrə ilə 27.07.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 18.05.2011-ci il tarixli 355/255 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 300 ay müddətinə 47.200 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavlədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür "xxxx" İKB ASC tərəfindən tərtib edilmiş 15.10.2015-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2190 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı ünvanlanmış 30.07.2018-ci il tarixli məktubdan görünür ki, Palata tərəfindən əvvəlki müraciətinə əsasən Ləğv prosesində olan “Texnikabank" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Fond) sorğu göndərilmişdir. Fond tərəfindən onlara 09.02.2018-ci il tarixli **********360 saylı məktubla cavab verilmişdir. Eyni zamanda, kredit hesabatındakı mövcud qeyri-dəqiq məlumatlar üzrə tələbi ilə bağlı təsdiqedici sənədlərlə birgə qeyd edilən məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 01.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 201İPOD130010555 saylı kredit müqaviləsinə əsasən LPO Cavabdeh2 ASC-yə 27.11.2020-ci il tarixinə 0 manat əsas, 1420,32 manat faiz, 0 manat cərimə, cəmi 1420,32 manat borcu vardır. Ləğv prosesində olan “Texnikabank" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və İddiaçı ünvanlanmış 09.02.2018-ci il tarixli məktubdan görünür ki, ‘Texnikabank” ASC ilə İddiaçı arasında bağlanmış 18 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən müştəriyə "xxxx" ASC-nin xətti ilə yaşayış mənzilinin alınması üçün 47 200 (qırx yeddi min iki yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. “Azərbaycan İpoteka Fondu" ASC-nin 31 iyul 2015-ci il tarixli, 037/2015 saylı qərarına əsasən qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklər 11 avqust 2015-ci il tarixdən etibarən "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin köçürülməli olan məbləğdən əlavə müştərinin “Texnikabank" ASC qarşısında bu kredit üzrə ödənilməmiş 1420.32 (bir min dörd yüz iyirmi) manat 32 qəpik faiz borcu qalmışdır. Eyni zamanda bildirirlər ki, yuxarıda qeyd edilən faiz borcu məbləği hazırda ləğv prosesində olan Texnikabank” ASC-yə ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.07.2021-ci il tarixli, 9/3584 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 18.05.2011-ci il tarixli, 355/255 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı 01.09.2015-ci il tarixə (Cavabdeh2 ASC-nin ərizəsində göstərilən tarix səh 45) banka olan faiz borcu 1.260,73 manat məbləğində müəyyən edilir, o cümlədən: 01.09.2015-ci il tarixə: faiz borcu üzrə 1.260,73 manat. Cavabdeh2 ASC ilə İddiaçı arasında 18.05.2011-ci il tarixli, 355/255 saylı kredit müqaviləsi üzrə öhdəliklər 01.09.2015-ci il tarixdə (Cavabdeh2 ASC-nin ərizəsində göstərilən tarix səh.45) "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan 15.10.2015-ci il tarixli ödəniş qəbzinə (səh-5) əsasən 2.190,00 manat məbləğində pul vəsaiti 18.05.2011-ci il tarixli, 355/255 saylı kredit müqaviləsi üzrə "xxxx" bank ASC-yə ödənilmişdir. Lakin hazirki tədqiqatla 01.09.2015-ci il tarixə hesablanmış 1.260,73 manat məbləğində faiz borcu Cavabdeh2 ASC-yə olan borcdur. Aparılmış tədqiqatın dəyəri: 200 manat. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 18.05.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı tərəf olduğu eyni tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 25 saylı evin 54 saylı mənzilini ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Əmanətlərin Sığortalanması Fonduna üzv olan "xxxx" ASC 3 fevral 2016-cı il tarixində fonda üzv bankların reyestrindən çıxarılmış, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 4 fevral 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş vermişdir. “Azərbaycan İpoteka Fondu" ASCnin 31 iyul 2015-ci il tarixli, 037/2015 saylı qərarına əsasən qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklər 11 avqust 2015-ci il tarixdən etibarən "xxxx" İKB ASC-yə ötürülmüşdür. Hazırda İddiaçı tərəf olduğu kredit müqaviləsi üzrə 365 manat məbləğində olan aylıq ödənişlərini bankın əməkdaşları tərəfindən qəbul etməkdən imtina edildiyindən may ayından oktyabr ayına qədər həyata keçirə bilmədiyini, oktyabr ayında isə 6 aylıq müddətində əmələ gəlmiş borc məbləğini kredit müqaviləsi üzrə öhdəliyi ötürülmüş "xxxx" ASC-yə ödədiyinə, o vaxtdan etibarən "xxxx" ASCyə borclu qalmadığına istinad edərək məhkəmədən 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqvilə üzrə adına olan gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO “Texnikabank" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qaydalara əsasən ipoteka kreditlərinin digər müvəkkil banklara transferi həyata keçirilərkən, yalnız əsas borcun ötürüldüyü, gecikmədə olan borcluların gecikmiş borclarının isə Cavabdeh2 ASC-də ötürülməmiş qaldığını bildirmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən iddiaçının bank tərəfindən transfer olunmamış faiz borcunun 1420,32 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ilkin iddianı araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin qanunverici Mülki Məcəllədə və ya müqavilədə bu məsələnin Məcəllədə nəzərdə tutulan qaydadan fərqli formada tənzimlənməsinin mümkün olduğunu qeyd edir. Araşdırılmış iş materiallarından göründüyü kimi Cavabdeh2 ASC tərəfindən barəsində iflas proseduruna başlanmamışdan əvvəl iddiaçının tərəf olduğu 18.05.2011ci il tarixli kredit müqaviləsi üzrə tələb hüquqları "xxxx" İKB ASC-yə (hal hazırda "xxxx" ASC-yə) ötürülmüşdür. Müvafiq kredit müqaviləsi üzrə transfer olunmuş öhdəliyin yalnız əsas borcdan ibarət olduğuna, ötürülməmiş faiz borcu üzrə iddiaçının LPO Cavabdeh2 ASC-nin qarşısında icra edilməmiş öhdəliyin mövcud olduğuna istinad etsə də, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan müqavilədə bu məsələni tənzimləyən qanunvericilikdə nəzərdə tutulduğundan fərqli qaydanın və ya hər-hansı qeyd-şərtinin olmasını təsdiq edən sübutları məhkəmənin təqdim edilməsini xahiş etdiyinə baxmayaraq təqdim edə bilməmişdir. Bununla da iddiaçıdan tələb edilən faiz borcunun nəyə əsasən yarandığını, yaranma əsasının müqaviləyə və ya mülki qanunvericiliyə söykəndiyini aydınlaşdırmaq mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.07.2021-ci il tarixli, 9/3584 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı 01.09.2015-ci il tarixə banka olan faiz borcu 1.260,73 manat təşkil etmiş, həmin tarixdə kredit müqaviləsi üzrə öhdəliklər "xxxx" İKB ASC-yə ötürülmüş, 15.10.2015-ci il tarixli ödəniş qəbzinə əsasən 2.190,00 manat məbləğində pul vəsaiti "xxxx" İKB ASC-yə ödənilmişdir. Məhkəmə iddiaçının ödəməli olduğu aylıq ödənişinin 365 manat təşkil etdiyini, 5 ay ərzində tərəf olduğu kredit müqaviləsi üzrə ödəniş edə bilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı 15.10.2015-ci il tarixdə "xxxx" İKB ASC-yə 2190 manat məbləğində ödəniş etməklə (365x5=1825) həmin tarixə olan borcunu tam bağlamışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə iddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə cavabdeh LPO Cavabdeh2 ASC-yə borclu olduğu, yəni hər-hansı öhdəliyin yaranması üçün əsasların mövcudluğu öz təsdiqini tapmadığından məhkəmə cavabdehin qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestrindəki borcun olması barədə qeydlər əsassız olduğu qənaətinə gəlməklə hesab edir ki, həmin qeydlər silinməlidir. Belə ki, LPO Cavabdeh2 ASC iddiaçının borcunun olmaması barədə aidiyyəti hüquqi şəxslərə müvafiq məlumatı vermədiyindən onun maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Məhkəmə iddianın digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, Büroya və MKR-yə borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə LPO Cavabdeh2 ASC olduğundan, Mərkəzi Bankın isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə təmin edilməli və onun üzərinə İddiaçı 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqavilə üzrə adına qeyd edilmiş gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi qoyulmalıdır. İddia cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə rədd edilsin. İlkin iddia LPO Cavabdeh2 ASC-yə münasibətdə təmin edilsin. İddiaçı LPO “Texnikabank" ASC ilə bağlanmış 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqavilə üzrə gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi LPO “Texnikabank" ASC-nin üzərinə qoyulsun. Dövlət rüsumu kimi ödənilmiş 10 manat LPO “Texnikabank" ASC-dən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq dövlət büdcəsinə artıq ödənilmiş 20 manat məbləğində pul ona geri qaytarılsın. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 (bir yüz) manat məbləğində pul LPO Cavabdeh2 ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar