Məhkəmə qərarları › İş №2(006)-897/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-897/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-897/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı "ilkin alqı-satqı müqaviləsi üzrə borcun və dəymiş mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "ilkin alqı-satqı müqaviləsi üzrə borcun və dəymiş mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, tərəflər 09.04.2021-ci il tarixdə nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsini bağlayaraq, “Honda İnsight” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 27100 manat olmaqla, 36 ay müddətinə aylıq 750 manat olmaqla razılığa gəlmışlər və avtomobil alıcıya müvəqqəti etibarnamə ilə sürməyə verilmişdir. Müqaviləyə əsasən ödənişlər tam və vaxtında ödənildikdən sonra avtomobilin sürücüyə qalması razılaşdırılmışdır. Lakin, cavabdeh nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, aylıq ödənişləri ödəməmiş və 3000 manat borcu və 306,6 manat iddiaçı tərəfindən ödənilmiş inzibati cərimə borcu yaranmışdır. Bundan sonra, cavabdeh tərəfindən avtomobil geri qaytarılmış, lakin ödənilməmiş aylar üzrə yaranmış borc və törətdiyi inzibati xətalara görə tərtib olunmuş protokollar üzrə cərimə borcu ödənilməmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə sifahi və yazılı xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq, bu günə kimi borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqısatqı müqaviləsinin 8-ci bəndinə görə bu müqaviləyə görə sürücü qeyd olunan vaxtda və məbləğdə ödənişlərin edilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 9-cu bəndinə görə sürücü müqavilədə qeyd olunan vaxtda və məbləğdə gündəlik ödənişlərin ən geci 3 gün aparmadığı (apara bilmədiyi) təqdirdə avtomobil “Avtomobil sahibi”nə geri qaytarılır və o həmin tarixədək ödədiyi məbləği geri tələb edə bilməz. O zaman avtomobilin istifadəsi “Rent a car” xidməti kimi hesab olunur. Müqavilənin 11-ci bəndinə əsasən hər hansı fors major halı (iqtisadi böhran və s.) baş verərsə və sürücü tərəfindən bir neçə gün ödənişlər edilməzsə gecikməyə düşən vəsait (ödəmədiyi günlərin məbləği) ən qısa müddət ərzində ödənilməlidir. Müqavilə müddətinin sonuna qədər həmin vəsait ödənilməzsə hər bir ödənilməyən günə əlavə bir gün cərimə hesablanır və həmin cəriməni ödəməyə görə sürücü məsuliyyət daşıyır. Müqavilənin şərtlərinə görə sürücü avtomobili idarə etdiyi zaman polis YPX (kamera və s.) tərəfindən cərimə edilərsə onları ən qısa zamanda (maksimum 15 gün) ödənilməsinə görə sürücü məsuliyyət daşıyır. Cavabdeh tərəfindən törədilən inzibati xətalara görə tərtib edilmiş protokollara əsasən cavabdehin cəmi 306.6 manat cəriməsi özü tərəfindən ödənilməmişdir. Qeyd edilən avtomobil iddiaçıya təhvil verildikdən sonra iddiaçı tərəfindən 306,6 manat inzibati cərimə ödənilmişdir. Cavabdehin yuxarıda göstərilən qanunazidd hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və maddi itkiyə məruz qalmışdır. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış 09.04.2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin xitam edilməsi və Cavabdeh İddiaçı xeyrinə 3000 manat ödənilməmiş borc, 306,6 manat iddiaçı tərəfindən ödənilmiş inzibati cərimələr borcu və 1690 manat mənəvi zərər olmaqla, ümumilikdə 4996,6 manat borcun və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə teleqram göndərilərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Honda İnsight” minik markalı, 2009-cu il buraxılışlı, **-LY-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı 27100 manat dəyərində olan “Honda İnsight” minik markalı, 2009-cu il buraxılışlı, **-LY-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair Cavabdeh ilə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər və avtomobil müvəqqəti etibarnamə ilə sürməyə Cavabdeh verilmiş, sonuncu isə avtomobilin satış qiyməti 27100 manat olmaqla, 36 ay müddətinə aylıq 750 manat İddiaçı verməli idi. Müqaviləyə əsasən ödənişlər tam və vaxtında ödənildikdən sonra avtomobilin sürücüyə qalması razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Həmçinin, işdə olan avtomobilin inzibati cərimələrlə bağlı DYP qəbzlərindən görünür ki, avtomobil Cavabdeh sahibliyində olduğu dövrdə 306,6 manat məbləğində ödənilməmiş cərimələri mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh 27100 manat dəyərində olan avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər, Cavabdeh avtomobilin dəyərindən hər ay 750 manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götümüş, ödənişlər tam və vaxtında ödənildikdən sonra avtomobilin sürücüyə (Cavabdeh) qalması razılaşdırılmış, sonuncuya avtomobili idarə etmək üçün etibarnamə verilmiş, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun iddiaçıya ödənilməmiş borcu yaranmış, eyni zamanda avtomobil cavabdehdə olduğu zaman sonuncu tərəfindən ödənilməmiş cərimələr yığılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 567-ci maddəsindən görünür ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin “3000 manat məbləğində ödənilməmiş borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı cavabdehin ona 3000 manat ödənilməmiş borcun olmasını iddia etməsinə baxmayaraq, həmin məbləğin necə hesablandığı, aralarında müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən ona cəmi nə qədər pul ödəməsini təsdiq edən mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi əsassız olduğuna görə təmin edilməməlidir. İddia tələbinin avtomobilin cavabdehdə olduğu dövrdə sonuncunun törətdiyi inzibati xətalara görə yığılmış cərimələrlə bağlı hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunaraq, cavabdehdən cəmi 306,6 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Belə ki, işdə olan inzibati cərimələrlə bağlı DYP qəbzlərindən görünür ki, avtomobil Cavabdeh sahibliyində olduğu dövrdə 306,6 manat məbləğində ödənilməmiş cərimələri yığılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi (50 manat) isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə xitam verilməli, Cavabdeh 306,60 (üç yüz altı manat, altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə xitam verilsin. Cavabdeh 306,60 (üç yüz altı manat, altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi (50 manat) iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar