Məhkəmə qərarları › İş №2(006)-901/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-901/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-901/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 iyun 2024-cü il tarixdə səhər saat 05.30 radələrində mal-heyvanını özü nobata apararkən azı 2000 manat dəyərində iribuynuzlu 9 aylıq boğaz olan (bir) baş camışı Qaleybuğurd kəndinin girəcəyində yerləşən, heç bir mühafizə zolağı olmayan elektrik transformatorun yanından keçərkən onu elektrik cərəyanı vurub öldürmüşdür. Hadisə onun gözünün qarşısında baş vermişdir. Həmin vaxt camışın bir neçə fotoşəklini çəkdirdi və həmin gün, yəni xx.xx.2024-cü il tarixdə dərhal akt tərtib olundu. Elektrik gərginliyinə düşərək ölmüş camışın fotoşəkillərdən üçünü bu ərizəsinə daxil edir. İddiaçı hesab edir ki, transformatordakı elektrik naqilləri açıq vəziyyətdə olduğundan və onun ətrafında mühafizə zolağı olmadığına görə gərginlik sızması baş verməsi səbəbindən iribuynuzlu heyvanını elektrik cərəyanı vurub öldürmüşdür. Daha sonra, həmin gün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şamaxıdakı Şöbəsi (Şimal-Qərb RETSİ-nin X8) satış üzrə meneceri kimi tanıdığı Binyət Musayevin evinə getdi və vəziyyəti ona olduğu kimi dedi. O, isə öz işlədiyi müəssisənin rəhbərliyinə bu barədə məlumat verdi. Beləliklə, iddiaçı cavabdeh "xxxx" ASC-nin Şamaxıdakı Şöbəsinin əməkdaşlarına iribuynuzlu heyvanının 2000 manat dəyərində olması qiymətini deyib bildirdi ki, ekspert gətirilməli və ona dəymiş maddi ziyan ödənilməlidir. Əvvəlcə cavabdehin nümayəndələri ona dedilər ki, ona dəymiş ziyanla bağlı maddi köməklik olunacaqdır. Lakin sonradan onun xəbəri olmadan onlar idarənin UAZ markalı avtomaşınını hadisə yerinə gətizdirib heyvanının leşini ona bağlayaraq naməlum istiqamətdə aparmışlar. Elektrik cərəyanı vurub öldürmüş ona məxsus 1 baş camışının ölüsünün harada olmasından bir neçə gün xəbərsiz qaldı. Hansı ki, dərhal ekspertiza təyin olunmalı, heyvanının həqiqətən də elektrik cərəyanının təsirindən ölməsi faktı təsdiqlənərək ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməli idi. Sonradan isə heyvanının ölüsünün cavabdehin nümayəndələri tərəfindən hara tullanıldığını bildi. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxıdakı Şimal-Qərb RETSİ-nin X6 1 (bir) həftə vaxt verdi ki, ona dəymiş maddi ziyanı ödəsinlər, lakin gördü ki, onlar onu aldadırlar. Onlara sual verdi ki, günahkar deyilsinizsə, bəs elektrik cərəyanı vurub öldürmüş heyvanının cəsədini niyə gizlətmişdiniz...? İddiaçı bu məsələ üzrə aidiyyəti hüquq-mühafizə orqanlarına - Şamaxı Rayon Polis Şöbəsinə və Şamaxı Rayon Prokuroruna, ərizə ilə müraciətlər etdi. Eyni zamanda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxıdakı Şimal-Qərb RETSİ-nin X6 də ərizə ilə müraciət etdi. Əslini bu ərizəyə daxil etdiyi cavabdeh "xxxx" ASC-nin Şamaxıdakı Şimal-Qərb RETSİ-nin X4 iddiaçıya göndərilmiş 27/682 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda yazılmışdır ki, ölmüş camışın gərginliyə düşməsini ekspertiza müəyyən edə bilər. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Prokurorluğundan iddiaçıya göndərilmiş 218m-24 saylı, 11 iyul 2024-cü il tarixli cavab məktubunda yazılmışdır ki, iddiaçı mülki mühakimə icraatı qaydasında birinci instansiya məhkəməsinə müraciət etməlidir. Təsdiq edilmiş surətini bu ərizəyə daxil etdiyi Aktdan görünür ki, fərdi baytar həkim Məhəmməd Şahbazov, iddiaçı, Şamaxı rayonu Qəleybuğurd kənd sakinləri Əhməd Yaqubov, Həmzə Həmzəyev, Süleyman Xəlilov, Fəxrəddin Qarayev və Əhməd Usvaliyev öz imzaları ilə təsdiq etmişlər ki, iddiaçı Gülxan Qarayevə məxsus bir baş camış 5 (beş) yaşında boğaz olan heyvan kimi kəndin yaxınlığında olan transformatorda yüksək enerji gərginliyinə düşmüş və nəticədə heyvan ölmüşdür. Heyvanın cəsədi heyvan sahibi tərəfindən şəkilləri çəkilmişdir. Bu akt arxa hissədən baytar həkim Məhəmməd Şahbazov tərəfindən yenidən imzalanmaqla möhürlənmiş və əsli ilə düzgün olduğu yazılmışdır. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etdi. Surətini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin 2(074)-1302/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəm və ona əlavə edilmiş sənədlər qaytarılmış və bu iddia tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Əslini bu ərizəyə daxil etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli 13-13/2-2/06-G-12036-5/2024 saylı məktubda yazılmışdır ki, iddiaçı tərəfindən aidiyyəti qurum “baytarlıq İdarəsinə” müraciət edilərək camışın cərəyan vurması ilə bağlı "xxxx" ASC-yə hər hansı rəy təqdim edilməmişdir. Bu məktubu iddiaçı xx.xx.2024cü il tarixdə aldı. Daha sonra iddiaçıya bildirdilər ki, "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonundakı Baş İdarədə qəbula düşməlidir və onlar ona dəymiş ziyanlığı ödəyəcəklər. Odur ki, Baş idarəyə getdi, lakin onlar dəymiş ziyanı ödəmək əvəzinə iddiaçıya xx.xx.2024-cü il tarixli, 13.32-2/06-G-12036/2-5/2024 saylı yeni məktub göndərib imtina etdilər və məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Bu sonuncu imtinada yazılıb ki, guya iddiaçıya məxsus heyvanı öldükdən 5 (beş) ay sonra onlara akt təqdim etmişdir. Halbuki, bu aktdan görünür ki, o, heyvanının elektrik cərəyanından öldüyü gün-xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Sözügedən elektrik transformatorunu əhatə edən heç bir mühafizə zolağı yox idi və təqdim etdiyi fotoşəkillərdə bu aydın görünür. Bu hadisə baş etdikdən soıra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxıdakı Şimal-Qərb RETSİ-nin X5 əməkdaşları Qəleybuğurd kəndindəki həmin elektrik transformatorunun əhatəsində müəyyən yeniləmə işləri aparmışlar. Beləliklə, hesab edir ki, 2000 (iki min) manat dəyərində 9 aylıq boğaz olan camışı qəleybuğurd kəndinin girəcəyində elekttrik transformatorunun yanından keçərkən cərəyanın təsirindən ölməsi səbəbindən iş üzrə əgər zərurətdirsə, ekspertiza təyin edilməli və iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi, iri-buynuzlu heyvanının Şamaxı rayon Qəleybuğurd kəndindəki elektrik transformatorunda cərəyan sızması səbəbindən ölməsinə (əgər zərurət varsa, iş üzrə ekspertiza təyin edilməklə) görə iddiaçıya dəymiş 2.000 manat maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi, iş üzrə ödədiyi dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onların kəndində elektrik xətləri 1967-ci ildə quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə heyvanları örüşə apararkən heç bir mühafizə zolağı olmayan elektrik transfarmatorunun yanından keçən ona məxsus camış elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. Bu zaman buna onunla yanaşı bir çox kənd sakini şahid olmuşdur. O, dərhal cavabdehin nümayəndəsinə məlumat verdi və onun tərəfindən cərəyan ayrıldı. Həmçinin, heyvanın tələf olması ilə bağlı akt tərtib edildi. Nəticədə, hadisə ilə bağlı ona 2000 manat məbləğində maddi ziyan vuruldu. O, bununla bağlı cavabdehə müraciət etsə də, bunun heç bir faydası olmadı. O da məcbur qalaraq məhkəməyə müraciət etdi. Ona görə də bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Məhkəmə iclasında müəyyən edilmişdir ki, 24 iyun 2024-cü il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində İddiaçı məxsus 1 baş iribuynuzlu heyvan – camış elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Hazırda iddiaçı hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi kimi 2.000 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan fərdi baytar həkimi Şahbazov Məhəmməd, ziyançəkən Qaleybuğurd kənd sakini İddiaçı, Qaleybuğurd kənd sakini Yaqubov Əhməd, Həmzəyev Həmzə tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus 1 (bir) baş camış malı 5 (beş) yaşında boğaz olan heyvan kənd yaxınlığında olan transformatordan yüksək elektrik gərginliyinə düşmüş və nəticədə, heyvan ölmüşdür. Heyvanın cəsədi heyvan sahibi tərəfindən şəkli çəkilmişdir. 8.Mülki işin materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1302/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsi X2rşı “dəymiş ziyanın ödənilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (əməliyyat İD 539507198, GPP qəbz nömrəsi **********) 40 manta rüsumun İddiaçı qaytarılması qərara alınmışdır. 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan ərazinin elektrik enerjisi 35/10 Kv-luq “Pirqulu” yarımstansiyasından çıxan 10 Kv-luq “Avaxıl” hava elektrik verilişi xəttinin “Qəleybuğurd” budaqlanmasından qidalanan ******* saylı 100 Kva gücündə olan transformator vasitəsi ilə təmin olunur. Eyni zamanda nəzərə çatdırılır ki, Qəleybuğurd kəndində 2018-ci ildə yenidənqurma işləri aparılmış və ******* saylı 100 Kva transformator məntəqəsinin 0.4 Kv-luq hava elektrik verilişi xətti ÖİN kabel elektrik verilişi xətti ilə əvəz olunmuşdur. Yenidənqurma zamanı ərazidəki transformator məntəqəsi yenilənmiş və ətrafı təhlükəsizlik məqsədilə çəpərlənmişdir. Əlavə olaraq bildirilir ki, əgər transformator məntəqəsində gərginlik sızması baş verərsə, “Elektrik qurğularının quraşdırma Qaydaları”na görə gərginlik çəpər daxilində yerə axmalıdır. Onun tərəfindən aidiyyəti qurum “Baytarlıq idarəsi”nə müraciət edilərək camışın cərəyan vurması ilə bağlı "xxxx" ASC-yə hər hansı rəy təqdim edilməmişdir. 10.Mülki işin materiallarında olan Şamaxı Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan 11 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, ərizədə qeyd edilən xüsusatlar mahiyyətcə mülki mübahisə olduğu üçün pozulmuş hüquqların müdafiəsi məqsədi ilə birinci instansiya məhkəməsinə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan ərazinin elektrik enerjisi 35/10 Kv-luq “Pirqulu” yarımstansiyasından çıxan 10 Kv-luq “Avaxıl” hava elektrik verilişi xəttinin “Qəleybuğurd” budaqlanmasından qidalanan ******* saylı 100 Kva gücündə olan transformator vasitəsi ilə təmin olunur. Eyni zamanda nəzərə çatdırılır ki, Qəleybuğurd kəndində 2018-ci ildə yenidənqurma işləri aparılmış və ******* saylı 100 Kva transformator məntəqəsinin 0.4 Kv-luq hava elektrik verilişi xətti ÖİN kabel elektrik verilişi xətti ilə əvəz olunmuşdur. Yenidənqurma zamanı ərazidəki transformator məntəqəsi yenilənmiş və ətrafı təhlükəsizlik məqsədilə çəpərlənmişdir. Əlavə olaraq bildirilir ki, əgər transformator məntəqəsində gərginlik sızması baş verərsə, “Elektrik qurğularının quraşdırma Qaydaları”na görə gərginlik çəpər daxilində yerə axmalıdır. Müraciətdə göstərilən ölmüş camışın gərginliyinə düşməsini təsdiq edən ekspertizanın rəyi 5 ay sonra təqdim edilmişdir. Əvvəlki ərizələrdə ölmüş camışın cəsədinin tapılmadığı göstərilmişdir. Məsələ mübahisəli olduğuna görə aidiyyəti ərazi üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 12.Mülki işin materiallarında olan "xxxx" ASC Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Şamaxı EŞ-nin mütəxəssisləri araşdırma apararaq müəyyən etdi ki, 35/10 Kv-luq Pirqulu y/stdan çıxan 10 Kv-luq Avaxıl h/x-nin Qəleybuğurd budaqlanmasından qidalanan 4100183-100 kva TM-si vasitəsi ilə kəndin girişində əhaliyə elektrik enerjisi verilir. Şamaxı EŞ-si məlumat üçün bildirir ki, Qəleybuğurd kəndində 2018ci ildə yenidənqurma işləri aparılmış və 4100183-100 kva TM-in 0.4 Kv-luq h/x-i tam SİP kabellə əvəz olunmuşdur. Yenidənqurma zamanı ərazidəki TM-si yenilənmiş və ətrafı təhlükəsizlik məqsədi ilə çəpərlənmişdir. Əlavə olaraq Şamaxı EŞ-si bildirir ki, əgər TM-də gərginlik sızması baş verərsə, EQQQ-na görə gərginlik çəpər daxilində yerə axmalıdır. EŞnin mütəxəssisləri bildirir ki, ölmüş camışın gərginliyə düşməsini ekspertiza müəyyən edə bilər. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.Mülki işin materiallarında olan “Şirvan” Ticarət Kompleksi tərəfindən verilən 55 nömrəli Arayışdan görünür ki, “Şirvan” Ticarət Kompleksinin “Heyvan” bazarında, Şəki cinsli boğaz, 6 yaşar camışın diri çəkisi 600 kq olan orta bazar qiyməti 2000-2500 manat təşkil edir. 15.Mülki işin materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 15 yanvar 2025-ci il tarixli, 5-75-34/2-16/2025 nömrəli cavab məktubundan görünür ki, 24 iyun 2024-cü il tarixdə Qaleybuğurd nümayəndəliyi ərazisində kənd sakini İddiaçı məxsus 1 baş camış elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Bu barədə bir neçə kənd sakini və sahə baytar həkimi tərəfindən müvafiq akt tərtib olunmuşdur. Nəzərə alınması xahiş edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 20.Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 22.Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. 23.Hazırki iş üzrə İddiaçı məxsus bir baş iribuynuzlu heyvanın cavabdehə məxsus elektrik transformatorunun yanından keçərkən elektrik cərəyanının vurması nəticəsində tələf olması və nəticədə, iddiaçıya maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır (əksi cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir). Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh bu halda mümkün bütün fiziki vasitələrdən istifadə etməmiş və bunun nəticəsində heyvan həmin əraziyə rahatlıqla daxil ola bilmişdir. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən hal üzrə risk daşıyıcısı cavabdeh olduğundan, müəyyən zəruri bütün lazımi tədbirləri etməli olmasına baxmayaraq o bunu etmədiyindən məsuliyyət də cavabdehin üzərinə düşmüşdür. Məhkəmə qeyd edilən halı nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. 24.Belə ki, iş materiallarından göründüyü kimi 6 yaşar, diri çəkisi 600 kq olan camışın orta bazar qiyməti 2000-2500 manat təşkil edir. Odur ki, göründüyü kimi iddiaçıya məxsus heyvanın tələf olması nəticəsində iddiaçıya 2.000 manat məbləğində maddi ziyan dəymişdir 25.Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. 26.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia qaldırılması üçün ödənilən 40 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 28.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. 29.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 30.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar