Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-904/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş 4.290 manat ziyan və ödənilmiş 63 manat dövlət rüsumu olmaqla, cəmi 4.353 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının xx.xx.2023-cü il tarixli teleqramı əsasında əsl olmayan cavabdeh "xxxx" ASC əsl cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, istifadəsində olan və idarə etdiyi «Hyundai Sonata» markalı, 2012-ci il zavod buraxılışlı minik avtomobili xx.xx.2023-cü il tarixdə, saat 19:45-də Lənkəran rayonu ərazisində, həmin rayonun Şağlakücə kənd sakini X1 etibarnamə ilə idarə etdiyi «X12» markalı yük avtomobili ilə toqquşmuşdur. Yük avtomobilinin sürücüsü «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozmuş, İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və nəticədə «Hyundai Sonata» markalı avtomobilini əzmişdir. Yük avtomobilinin sürücüsü tərəfindən törədilmiş inzibati xəta nəticəsində avtomobilinə 4.290 manat dəyərində ziyan dəymişdir. Xəta törədilən vaxtda Lənkəran RPŞ-nin dəvəti ilə "xxxx" ASC-nin müvafiq nümayəndəliyinin və həmçinin avtomobil servis xidmətinin mütəxəssislərinin iştirakları təmin edilmişdir. "xxxx" ASC-nin nümayəndəsi hadisədən zərər vurulmuş avtomobilin foto şəkilləri çəkilmişdir. Bu barədə "xxxx" ASC-nin müvafiq səhifələrində yerləşdirilməsi barədə ona məlumatlar verilmişdir. Avtomobili 21 iyul 2023-cü il tarixdə alğı-satqı qaydasında Bakı şəhərindəki "xxxx" MMC-nin servis xidmətindən almışdır. Həmin avtomobili aldığı vaxt ideal vəziyyətdə olan avtomobilinə törədilmiş YNH nəticəsində 4.290 manat zərər dəymişdir. Bu barədə mütəxəssisin rəyi Lənkəran Rayon Polis Şöbəsinə təqdim olunmuşdur. Vurulmuş ziyanın ödənilməsi barədə "xxxx" ASC-yə dəfələrlə yazılı və şifahi qaydada, həmçinin Masallı rayonundakı "xxxx" ASC-nin yerli şöbəsinə sənədlərini və ərizələrini təqdim etməsinə baxmayaraq, nəticə alınmamışdır. Cavabdeh təşkilat olan "xxxx" ASC-nin zərər vuran tərəfin sığorta müqaviləsinin olmamasını əsas göstərərək sığorta hadisəsinə görə kompensasiya ödəməkdən imtina edir. Cavabdehin 1200 saylı «qaynar xətt»inə bu işə görə əsas şəxs kimi qələmə verilən İnci adlı xanıma və cavabdeh təşkilata şəxsən müraciətləri olmuşdur. Avtomobilinin icbari avtosığorta müqaviləsinin olmasına baxmayaraq, cavabdeh təşkilat zərəri ödəmək barədə toplanmış sənədləri belə qəbul etməkdən imtina edir. Cavabdeh təşkilat ona səbəbsiz yalnız cavablar verməklə sığorta haqqında müqaviləni birtərəfli qaydada pozmaqla sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişini (kompensasiyanı) ödəmir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil çıxışında məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19:45-də Lənkəran rayonu ərazisində X3 tərəfindən etibarnamə ilə idarə olunan «Mercedes-Benz Atego» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı tərəfindən idarə olunan «Hyundai Sonata» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra, Lənkəran ŞRPŞ tərəfindən tərtib olunan inzibati xəta haqqında İXP seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən X4 hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 469.1 (bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlardan aydın olur ki, zərərvuran nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi zamanı «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmamışdır. Bu da həmin nəqliyyat vasitəsinin zərərvuran qismində çıxış etdiyi yol-nəqliyyat hadisələri zamanı zərərin icbari qaydada hər hansı sığorta şirkəti tərəfindən qarşılanmasını istisna edir. Şirkət tərəfindən yalnız iddiaçının istifadəsində olan «Hyundai Sonata» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmışdır. «Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X7 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının 3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Beləliklə, sözügedən sığorta hadisəsində zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari sığorta olunmadığı üçün Şirkət tərəfindən iddiaçıya dəymiş maddi zərərin ödənilməsi mümkün deyildir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: 21 iyul 2023-cü il tarixdə bağlanmış AAL000553 saylı avtomobilin nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı «Hyundai Sonata» markalı, 2012-ci il buraxılışlı, gümüşü metal rəngli nəqliyyat vasitəsini ilk ödəniş edildikdən sonra qalıq borc məbləğini 36 ay müddətində hər ay 739 manat ödənilməsi şərti ilə "xxxx" MMC-dən almışdır. Müqavilə üzrə satılan avtomobilin ümumi dəyəri 31.817 manat təşkil edir. Təqdim edilmiş etibanamədən görünür ki, avtomobilin mülkiyyətçisi "xxxx" MMC tərəfindən İddiaçı **-AB-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün 21 iyul 2023cü il tarixdən 23 avqust 2023-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Eləcə də, İddiaçı tərəfindən müqavilə üzrə müxtəlif tarixlərdə ödənişlər icra edilmişdir (məsələn xx.xx.2023-cü il tarixdə 5.265 manat ilkin ödəniş, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 750 manat və s.). Yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar sənədlərdən (Yol-patrul xidməti haqqında Təlimat”a 18 nömrəli əlavə nəqliyyat vasitələrinin zədələnmə barədə 85 nömrəli arayış, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 329 və 330 nömrəli xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolları, Lənkəran ŞRPŞ-də Lənkəran rayonu YNH inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərar) görünür kimi, xx.xx.2023-cü il tarixdə, saat 19.45-də Lənkəran rayonu ərazisində X4 tərəfindən etibarnamə ilə idarə olunan «Mercedes-Benz Atego» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı tərəfindən idarə olunan «Hyundai Sonata» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. X3 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 327.1, 469.1-ci maddələrinə əsasən 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2184-8/854 saylı ekspert rəyindən (məhkəmə yol-nəqliyyat və məhkəmə-əmtəəşünaslıq) görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin, nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 2012-ci il buraxılışlı «Hyundai Sonata» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1.685 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin dəyəri 1035 manat; təmir işlərinin dəyəri 650 manat. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 2 adda ehtiyat hissələri aydın göstərilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə sığorta şirkətləri arasında, eləcə də hazırkı iş üzrə cavabdeh arasında sığorta (kasko və s. növlər üzrə) müqaviləsi bağlanmamış, eləcə də, YNH törətmiş X3 ilə hər hansı sığorta şirkəti arasında «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta müqaviləsi bağlanmamışdır. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli, (MVC0368/23 saylı işə dair) sığorta aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında MV-C(L)00292-23 saylı, hüquqi şəxslərə məxsus avtomobillərin kompleks sığortası (lizinq üçün) müqaviləsi bağlanmış, avtomobil 23.500 manat həddində sığortalanmış, şərtsiz azadolma məbləği (franşiza) 100 manat təyin olunmuş, sığorta müddəti xx.xx.2023-xx.xx.2026-cı il tarixləri arasındakı dövrü əhatə etmiş, qeyd edilən dövr ərzində sığorta hadisəsi baş verdiyindən, «Hyundai Sonata» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər hesablanaraq 2.810 manat təşkil etdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, PDS********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında xx.xx.2024-cü il tarixədək qüvvədə olan sığorta müqaviləsinə əsasən “Hyundai Sonata” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə sığorta növü avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbarı sığortasıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 63 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 50.2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X7 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qərarının 3-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi almaq hüququnun yaranması üçün tərəflər arasında müvafiq sığorta müqaviləsi bağlanmamışdır. Belə ki, İddiaçı qanuni əsaslarla idarə etdiyi avtomobil üzrə sığorta növü mülki məsuliyyətin icbari sığorta olmuşdur. Bu sığorta növündə isə sığortalı şəxsin vurduğu zərərə görə zərər çəkmiş şəxsə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur. Hazırda isə işin araşdırılmış hallarından müəyyən edilir ki, sığortalı avtomobilin sürücüsü, hazırkı halda İddiaçı tərəfindən yol-nəqliyyat hadisəsi törədilməmiş, şəxs özü baş verən hadisədən zərərçəkmiş şəxsdir. Baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli şəxs digər sürücüdür, lakin həmin sürücünün mülki məsuliyyəti bu və ya digər formada sığortalanmamışdır. Həmin sürücünün inzibati xəta törətməkdə təqsirli bilindiyi maddələrdən biri də məhz elə İnzibati Xətalar Məcəlləsinin 469-cu (icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsidir. Belə olan təqdirdə isə iddiaçıya vurulmuş zərərin onun özünün mülki məsuliyyətini sığortaladığı sığortaçı tərəfindən ödənilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh - hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Cavabdeh tərəfindən iddiaçıya iddia ərizəsində istinad olunan yol-nəqliyyat hadisəsi ilə bağlı hərhansı ödəniş edilməsi işin faktiki hallarına əsasən icbari sığorta qanunvericiliyinin tələblərinə uyğun deyildir. Bununla yanaşı məhkəmə iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, iddiaçı ona vurulmuş zərərin ödənilməsi tələbi ilə zərərin vurulmasında təqsirli olan şəxsə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 63 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi - büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN:**********, AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-904/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-904/2024
11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver