Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-905/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ödəmiş olduğu 29000 manatın, 29000 manat dəbbə pulunun, ödəmiş olduğu 30 manat dövlət rüsumunun, cəmi 58030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında 24.06.2017-ci ildə Saatlı rayonu, H.Əliyev prospekti ünvanında yerləşən, ümumi sahəsi 16 m² ölçüsündə qeyri-yaşayış binasına görə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4-cü bəndinə görə “Satıcı (İddiaçı) mülkiyyətçisi olduğu obyekti “Alıcı״ya (Cavabdeh) 29000 manata satmağı öhdəsinə götürmüşdür”. Alqı-satqı müqaviləsini X2, X3, X1 iştirakı ilə tərtib etmişlər. Müqaviləni yuxarıda adları çəkilən şəxslər, “Satıcı” və “Alıcı” imzalamışdır. Lakin cavabdeh müqavilə ilə müəyyən edilmiş pulu alsa da torpaq sahəsini və onun sənədlərini bu günə qədər iddiaçıya təhvil verməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də o, əsassız bəhanələrlə müqavilənin şərtlərinə əməl etmir. Müqavilənin 5ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış binasının dəyərini (29000 manatı) nağd şəkildə cavabdehə ödəmişdir. Müqavilənin 6-cı bəndinə əsasən iddiaçı obyektin dəyərini ödədiyi (müqaviləni imzaladığım vaxtı) tarixdən qeyri-yaşayış binasına sahiblik və istifadə hüququ əmələ gəlməlidir. Lakin cavabdehə 29000 manat ödəsə də bu günə kimi həmin torpaq sahəsinə görə sənədləri əldə edə bilməmiş və torpaq iddiaçının sərəncamına cavabdeh tərəfindən verilməmişdir. Müqavilənin 15-ci bəndinə görə “müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir״. Dəbbə pulunun məbləğini tərəflər müəyyən edir. Hesab edir ki, cavabdeh müqavilə şərtlərini pozduğuna görə müqavilənin 15-ci bəndinə əsasən 29000 manat dəbbə pulu ödəməlidir.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd olunan alqı-satqı razılaşmasının predmeti olan cavabdehin sahibliyində olmuş 16 m² ölçüsündə olan tikili Saatlı rayon Mərkəzi bazarında yerləşdiyi üçün bu tikili daim mağaza kimi istifadə olunmuşdur və bu tikiliyə dair heç bir sənəd mövcud olmamışdır. 2017-ci ildə cavabdehə pul lazım olduğu üçün cavabdehə məxsus bu tikilini satmaq qərarına gəldi və 27.06.2017-ci ildə alıcıya bu tikilini 29.000 manata alqı-satqı eləməyə razılaşmışlar. Aralarında sadə formada alqı-satqı sözləşməsi tərtib edərək imzaladılar, elə həmin gün cavabdeh tikilini və tikiliyə məxsus açarları iddiaçıya təqdim etdi. İddiaçı da öz növbəsində 29.000 manatı cavabdehə ödədi. O gündən bu günə qədər mübahisə predmeti olan tikili alıcının sahibliyində və istifadəsindədir və iddiaçı bu tikilidən aidiyyatı üzrə istifadə edir. Bu tikili Saatlı rayon Mərkəzi bazar ərazisində yerləşdiyindən bazarın rəhbərliyi ilə iddiaçı arasında son bir neçə ayda anlaşılmazlıq yarandığından, yəni bazarda tikilidən istifadə üçün yerpulu ödənilmədiyindən bazar rəhbərliyi iddiaçıya bu tikilidən son zamanlarda istifadə etməyə şərait yaratmır. Bazar rəhbərliyi tikilinin yerləşdiyi torpaq sahəsinin bazara məxsus olduğunu əsas gətirərək iddiaçıdan torpaq pulu kimi məlum tikilidən istifadə etmək üçün yerpulu istəyir, iddiaçı da öz növbəsində tikilinin ona məxsus olduğunu əsas gətirərək bazar rəhbərliyinə pul ödəmir. Tərəflər arasında son zamanlar yaranmış bu mübahisənin cavabdehə heç bir aidiyyatı yoxdur. İddiaçı məlum tikilini cavabdehdən alan zaman da bilirdi ki, bu tikiliyə dair heç bir sənəd mövcud deyil və bu tikilinin yerləşdiyi ərazidə Saatlı rayon Mərkəzi bazarına aid ərazidir. Bu səbəbdən tikiliyə dair razılaşdırdıqları 29.000 manatı son qəpiyinə qədər iddiaçı elə 27.06.2017-ci il tarixdə cavabdehə tam ödəmişdir. Əgər onun qeyd etdiyi kimi tikiliyə dair hər hansı sənəd mövcud idisə onda hansı səbəbdən bu tikilinin alqı-satqı müqaviləsi qanuna müvafiq qaydada notariat orqanında təsdiqlənməmişdir. Əgər sənəd mövcud olmayıb guya cavabdeh söz vermişdir ki, tikiliyə dair sənədi iddiaçıya verəcəkdir onda belə olan halda sual olunur: İddiaçı nə üçün tikilinin pulunu tam şəkildə ödəyir? Məntiqlə pulun müəyyən hissəsini saxlaya bilərdi ki, tikilinin sənədləri tam təhvil verildikdən sonra ödənilsin. Əgər iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh bu tikilinin yerləşdiyi torpaq sahəsinin guya sənədlərini ona verəcəyinə söz vermiş və bu günə qədər də guya yerinə yetirməmişdir. Belə olduğu halda iddiaçı nə üçün ağlabatan müddətdə məhkəməyə müraciət etməmiş, yalnız aralarında olan alqı-satqı razılaşmasından 3 il 4 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir.? İddiaçının ərizəsində qeyd etdiyi nöqsanlar tamamilə əsassızdır və eyni zamanda iddiaçı məlum iddia tələbi ilə çıxış etmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində bu tipli iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 iyun 2017ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh ona məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospekti (bazar yaxınlığında) ünvanında yerləşən, ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış binasını İddiaçı mülkiyyətinə vermişdir. Cavabdeh qeyri-yaşayış binasını 20000 manata satmış İddiaçı isə həmin qiymətə almışdır. İş materiallarında olan Saatlı rayonu “xxxx” Şirkətinin 27 noyabr 2020-ci il tarixli 62 saylı arayışından görünür ki, bazarda Cavabdeh faktiki məxsus olmuş 16 kv.m tikili 24 iyul 2017-ci ildən X4 istifadəsinə və sahibliyinə keçmiş və istifadəsindədir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürülmüşdür. Ona görə də, iddiaçının, cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 7.1-ci maddəsinin tələbinə görə mülki qanunvericilik müddüalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Sözügedən Məcəllənin 390.2-ci maddəsinin tələbinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunula və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, «iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafıə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsi müqavilə üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi iddia müddəti ötürüldüyündən iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-905/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-905/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver