Məhkəmə qərarları › İş №2(006)-909/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-909/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-909/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış 08 oktyabr 2007-ci il kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2007-ci il 8 oktyabr tarixli 264 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 5.095 manat məbləğində kredit götürmüşdür. O, borclu olaraq bank qarşısında olan öhdəliyini tam yerinə yetirərək, banka olan borcunu tam bağlamışdır. Lakin, buna baxmayaraq, 2021-ci ilin əvvəlində banklardan birinə kredit sifarişi ilə bağlı müraciət etdiyində ona məlum olmuşdur ki, guya yuxarıda qeyd etdiyi kredit müqaviləsi üzrə onun cəmi 6145.11 manat borcu qalıb. Həmçinin, bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 2 sentyabr tarixli 2(006)- 3548/2021 saylı qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı qaldırdığı “borcun tutulması" tələbinə dair iddiasının (onlar arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 2008-ci il 8 oktyabr tarixdə bitdiyinə və iddiaçı icra müddəti bitdikdən 13 il sonra iddia verməklə iddia müddətini ötürdüyünə görə) rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra o, 2021-ci il 3 sentyabr tarixində ƏSF-na müraciət edərək, hal-hazırda heç bir borcunun olmadığı üçün adının portaldan çıxarılması ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. Lakin ƏSF-nun 2021-ci il 13 sentyabr tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən məhkəmə qətnaməsi ilə ƏSF üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Beləliklə, məhz bu qanunsuzluğa görə də o, borclu olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunmaqdadır ki, bu halda onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Çünkü kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Hesab edir ki, cavabdehlərin tutduqları mövqedən istifadə edərək, onun hüquqlarının məhdudlaşdırılması yolveriməzdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(006)-3548/2021 saylı qətnaməsi ilə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı (X2 3-cü şəxs qismində cəlb edilməklə) «borcun tutulması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim C.Musayeva). Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tələb iddia müddəti ötürülməklə verilmişdir. Məhkəmənin yuxarıda qeyd edilən qətnamənin qanuni qüvvəsini alıb-almaması barədə verilmiş sorğusuna 12 yanvar 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(006)-3548/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməmiş və qeyd edilən qətnamə 29 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13.09.2021-ci il tarixli, **********902 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 08.10.2007-ci il tarixli, 1-19284-20 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 5.095 manat məbləğində kreditin verildiyi, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyin vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddianın qaldırıldığı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(006)-3548/2021 saylı qətnaməsindən çıxarış ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbinin rədd edildiyi və sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC qarşısında 08.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən bank qarşısında hər hansı bir öhdəliyinin mövcud olmadığı halda, onun adından qeyd edilən müqavilə üzrə borc məbləği silinməmiş və bu hal iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlərə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 08.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməli, İddiaçı 08.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi və həmin müqavilə üzrə borcunun olmaması barədə qeydin aparılması öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 08.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilsin. İddiaçı 08.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi və həmin müqavilə üzrə borcunun olmaması barədə qeydin aparılması öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar