Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-911/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 20% ödəmək şərtilə 25000 AZN məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış 19.11.2019-cu il tarixli, 728miciNFT/19 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi 21.11.2019-cu il tarixdə DƏDRX tərəfindən verilmiş RX seriyalı, ********** nömrəli Çıxarışla dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı Zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 əsas öhdəliyin təmin üsulu kimi "xxxx" KB ASC qarşısında zamin kimi çıxış edir. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə kredit alanın banka 14.10.2020-ci il tarixə 22335,94 AZN əsas, 1752,34 AZN faiz, cəmi 24088,28 AZN borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22335,94 AZN əsas, 1752,34 AZN faiz, cəmi 24088,28 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 AZN ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbindəki faiz borcuna qiymət verərkən, iddia ərizəsində olan 1752,34 AZN faiz borcunu iddia verilən tarixə deyil ekspertiza rəyi verilən tarixi nəzərə almaqla faiz məbləğinin 1752, 34 manat olmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, əsas borc məbləği ilə razı deyil və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 20% ödəmək şərtilə 25000 AZN məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı əlavə kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş üzrə «İpoteka saxlayan» qismində "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə «İpoteka verən» qismində Cavabdeh1 arasında bağlanılmış 19.11.2019-cu il tarixli, 728micNFT/19 N-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 14.11.2019-cu il tarixli, 728micNFT/19 müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ilkin satış qiyməti 35000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X2 tərəfindən notariat kontoruna ünvanlanmış 16.11.2019-cu il tarixli ərizədən görünür ki, əri Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsini "xxxx" KB Açıq Səhmdar Cəmiyyətində girov (ipoteka) qoyulmasına etiraz etməmişdir. Gələcəkdə ipoteka (girov) qoyulan sahəyə tutma yönəldikdə və ya o satıldıqda həmin sahə ilə bağlı heç bir şikayət, iddia tələbi olmadığını bildirmişdir. İş üzrə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14.10.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 14.11.2019-cu il tarixli, 728micNFT/19 kredit razılaşması üzrə 14.10.2020-ci il tarixə 22335,94 AZN əsas, 1752,34 AZN faiz, cəmi 24088,28 manat məbləğində borcu var. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 29.09.2020-ci tarixində ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən AR ƏMDK yanında yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış 09.10.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin 07.10.2020-ci il tarixində ünvana çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş qeydə alınmışdır. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 AZN dövlət rüsumu və 20 AZN xidmət haqqı ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsi 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsinə əsasən 14.11.2019-cu il tarixindən 14.11.2029-cu il tarixinədək ipoteka müqaviləsi üzrə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4692 saylı, 22 iyul 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsi və 1 saylı “Əlavə”nin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu: İddia ərizəsinin verildiyi 14.10.2020-ci il tarixə olan əsas borc üzrə -21717,46 AZN, faiz borcu üzrə -1210,44 AZN; Rəyin tərtib edildiyi 22.07.2021-ci il tarixinə olan əsas borc üzrə - 21717,46 AZN, faiz borcu üzrə - 4576,65 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanan 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsi 14.11.2021-ci il tarixində bitdiyindən, borcun hesablanması iddia tələbinin tarixinə kimi aparıldı. "xxxx" MMC-nin 16 may 2021-ci il tarixli, LP-088/21 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinin hal-hazırda bazar qiyməti 63000 (altmış üç min) manat, likvid qiyməti 58000 (əlli səkkiz min) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən ona 14.11.2019-cu il tarixində 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 25000 AZN məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, həmin kredit müqavilənin təminatı kimi Cavabdeh1 ilə bank arasında kredit ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 24088,28 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqavilələr üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlərin 14.11.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borcu 21717,46 AZN, faiz borcu (rəyin tərtib edildiyi tarixə) 4576,65 AZN təşkil edir. İrəli sürülmüş tələb üzrə isə 14.11.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc kimi 22335,94 AZN, faiz borcu kimi 1752,34 AZN məbləğində pul tələb olunur. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehlərin 14.11.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borcunun 22335,94 AZN olması müəyyən edilmədiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməli və həmin hissədə tələb qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 21717,46 AZN pul utulmalıdır. Məhkəmə həmçinin faiz məbləğinin hesablanması ilə bağlı qeyd edir ki, iddia tələbində faiz borc kimi 1752,34 manat məbləğ göstərilmişdir. Ekspertin rəyi tərtib etdiyi tarixə yəni 22.07.2021-ci il tarixə isə faiz borcu 4576,65 müəyyən edilmişdir. Odur ki, məhkəmə iddia tələbindən kənara çıxmayaraq ekspert rəyini nəzərə alaraq 1752,34 manatın tutulmasını əsaslı hesab edir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2019-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmaqla 60.000 (altmış min) manat məbləğ ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 AZN (on manat) rüsum və 20 AZN (iyirmi manat) xidmət haqqı cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı « "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsi üzrə 21717,46 AZN əsas kredit borcu, 1752,34 AZN faiz borcu, cəmi 23469,8 AZN borcun, 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 AZN (on manat) rüsum və 20 AZN (iyirmi manat) xidmət haqqı tutulmalı, tutma Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 23469,80 AZN məbləğində borc, ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 AZN (on manat) rüsum və 20 AZN (iyirmi manat) xidmət haqqı iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin sahədən çıxarılmalı, sahə boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ, hesab 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14.11.2019-cu il tarixli, 728micNFT/19 saylı kredit müqaviləsi üzrə 21717,46 AZN əsas kredit borcu, 1752,34 AZN faiz borcu, cəmi 23469,8 AZN borcun, 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 AZN (on manat) rüsum və 20 AZN (iyirmi manat) xidmət haqqı tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 AZN (altmış min manat) məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 23469,80 AZN (iyirmi üç min dörd yüz altmış doqquz manat, səksən qəpik) məbləğində borc, ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 AZN (on manat) rüsum və 20 AZN (iyirmi manat) xidmət haqqı iddiaçının xeyrinə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulsun, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1042 K saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin sahədən çıxarılsın, sahə boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ, hesab 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-911/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-911/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver