Məhkəmə qərarları › İş №2(006)-911/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-911/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-911/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka yüklülüyündən azad olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 cavabdehlər LPO Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka yüklülüyündən azad olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, götürülmüş kreditə görə Cavabdeh2 ASC-yə ipoteka ilə yüklü edilmiş “ZAZ VİDA SF6950” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərindən ipotekanın götürülməsinin və ipoteka yükünün götürülməsi barədə zəruri sənədlərin ona verilməsinin cavabdehlərə həvalə olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, etibarnamə ilə nümayəndəsi olduğu qardaşı İddiaçı 20.05.2014-cü il tarixli 126.LN.1420.200513.R.00031 saylı istehlak kredit müqaviləsi əsasında sonradan ləğv edilmiş Cavabdeh2 ASC-dən illik 20 faizlə 36 ay müddətinə 8840 manat kredit götürmüş, "xxxx" MMC ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, qardaşının mülkiyyətində olan ZAZ VİDA SF6950 markalı, 99EL197 dövlət qeydiyat nişanı olan minik avtomobili kreditin təminatı kimi ipoteka qoyulmuş, nəqliyyat vasitəsinin AB 955197 nömrəli qeydiyyat şəhadətnaməsində ipoteka ilə əlaqədar lazımi qeyd edilmişdir. Qardaşı krediti vaxtında ödəyə bilmədiyi üçün Cavabdeh2 ASC 2017-ci ildə Qobustan rayon məhkəməsində Rövşənə qarşı 6454,82 manat əsas, 1772,27 manat faiz, 346,77 manat cərimə olmaqla, cəmi 8573,87 manat məbləğində iddia qaldırmış, tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş elmişdir. Qobustan rayon məhkəməsi 14 noyabr 2017-ci il tarixli 2(026)-1030/2017 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiasını təmin etmiş, borcun qardaşı və zamindən alınması, tutmanın ipoteka qoyulmuş yuxarıda göstərilən avtomobilə yönəldilməsi, avtomobilin hərracda satılmaqla əldə olunan vəsaitin borca yönəldilməsini qət elmişdir. Məhkəmə tərəfindən müvafiq icra vərəqələri Bakı şəhəri Binəqədi rayon və Qobustan rayon icra və probasiya şöbələrinə göndərilmişdir. Qardaşı ilə bank arasında bağlanmış müqavilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2039-cu il tarixli Fərmanının təsiri altına düşdüyü üçün Cavabdeh2 ASC ilə (etibarnamə əsasında bankın Sahil filialının direktoru qismində) 29 dekabr 2019-cu il tarixdə restrukzasiya edilərək yeni 105.LN.1676.291219.00002 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə "xxxx" MMC zamin kimi qeyd olunmamış, anası X6 ilə yeni zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədə avtomobilin ipotekaya qoyulması nəzərdə tutulmamışıdır. Restrukzasiya müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən ödənişlər edilir. 20.02.2014-cü il tarixli müqaviləyə çıxarılmış qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata cavabdehin Fondun Problemli Kreditlərlə İş idarəsinin 10 dekabr 2020-ci il tarixli **********080 saylı məktubuna əsasən Bakı şəhəri Binəqədİ rayon icra və probasiya şöbəsinin 08.01.2021-ci il tarixli qərarı ilə xitam verilmişdir. Eləcə də onun cavabdehlərə müraciətindən sonra Fondun Kreditlərinin idarə edilməsi Departamentinin ona və Qobustan rayon icra və probasiya şöbəsinə yazdığı 30.04.2021-ci il tarixli **********102 saylı məktubda İddiaçı borclu olduğu icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən cavabdehin müraciətinə əsasən Rövşən barədə olan 2(026)-1030/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. O cavabdehlərdən dəfələrlə qardaşının mülkiyyətində olan və ipoteka qoyulmuş avtomobil üzərindən yüklülüyün götürülməsi barədə arayış verilməsini xahiş etmiş, lakin avtomobil üzərindən yüklülüyün götürülməsi barədə ona arayış verilməmişdir. Qardaşı İddiaçı ilə ləğv olunmuş Cavabdeh2 ASC arasında bağlanmış 20.05.2014-cü il tarixli 126.LN.1420.200513.R.00031 saylı müqavilə 29.12.2019-cü il tarixli yeni müqavilə ilə dəyişdirildiyi üçün, habelə cavabdehin yuxarıda qeyd olunan məktublarına əsasən Qobustan rayon məhkəməsinin 2(026)-1030/2017 saylı qətnaməsi əsasında verilmiş İddianın təmin edilməsi, tutmanın Rövşənin mülkiyyətində olan avtomobilə yönəldilməsi, ipteka predmetinin hərracda satılması barədə elan icra sənədləri üzrə icraata Bakı şəhəri Binəqədi rayonu icra və probasiya şöbəsinin 08.01.2021-ci il tarixli, Qobustan rayon İcra və Probasiya şöbəsinin 03.05.2021-ci il tarixli qərarları ilə xitam verildiyindən, həmçinin qardaşı ilə bank arasında bağlanmış 29.12.2019-cu il tarixli müqavilədə qardaşına məxsus avtomobilin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmadığından həmin avtomobilin üzrəindən ipoteka yükü götürülməlidir. Qardaşı Rövşən hazırda uzunmüddətli həbsdədir. Cavabdeh ona və anasına qarşı Qobustan rayon məhkəməsində “kredit borcunun qaytarılması” tələbi ilə iddia qaldırmışdır. Borcu qaytarmaq üçün qardaşına məxsus avtomaşın satılmalıdır. Lakin avtomaşın ipoteka ilə yüklü edildiyindən onu sata bilmirlər. Cavabdehlərə qeyd olunan avtomobilin ipotekadan azad olunması barədə ərizə-pretenizya cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Daha sonra X5 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində X2 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X5 yuxarda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə bildirişlərinin onlara rəsmi qaydada çatdırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İddia LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilməli, Əmanətlərin Sığortalanması Fonduna münasibətdə isə rədd edilməlidir. 21.05.2013-cü il tarixdə verilmiş AB seriyalı, 955197 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZAZ VİDA SF6950 minik” markalı, **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. "xxxx" ASC-nin Sahil filialı ilə İddiaçı arasında bağlanılmış 29.12.2019-cu il tarixli, 105.LN.1676.291219.00002 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalan İddiaçı 12 aylıq güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6454,82 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qobustan rayon məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.11.2017-ci il tarixli qətnaməsininin surətindən görünür ki, iddianın təmin edilməsi, 20 may 2014-cü il tarixli 126.LN.1420.200513.R.00031 saylı kredit müqaviləs üzrə cavabdeh İddiaçı və “ŞANS" Məhdud Məsuliyyəti Cəmiyyətindən müştərək qaydada “AGBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6454,82 manat əsas, 1772,27 manat faiz, 346,77 manat cərimə olmaqla, cəmi 8573,87 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun, tutma ipoteka qoyulmuş İddiaçı məxsus “ZAZ VİDA SF 6950 minik” markalı ** EL *** qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərracda satılsın və satışdan əldə olunmuş vəsait hesabına İddiaçı “AGBank" ASC-yə olan borcu ödənilsin, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada tutulması qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin direktoru Ömər Cəfərovun 21.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, ipoteka ilə yüklü edilmiş qeyd edilən avtomobilin girovdan azad edilməsi yalnız borclu İddiaçı ilə tələbkar Bank arasında bağlanmış kredit müqaviləsi üzrə borc məbləğinin tam şəkildə ödənilməsindən sonra mümkün olacaqdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Qobustan rayon İcra şöbəsinə olan 13.04.2021-ci il tarixli məktubundan görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.08.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə borclu İddiaçı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsiri alltına düşmüş və həmin kredit müqaviləsi 30.12.2019-cu il tarixdə restrukturizasiya edilmişdir. Beləliklə icra vərəqəsi üzrə borclu LPO "xxxx" ASC qarşısında olan öhdəliklərini tam icra etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.08.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Qobustan rayon icra şöbəsinə ünvanladığı 30.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.08.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə borclu İddiaçı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və həmin kredit müqaviləsi 30.12.2019-cu il tarixdə restrukturizasiya edilmişdir. Beləliklə, icra vərəqəsi üzrə borclu ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında olan öhdəliklərini tam icra etmişdir. Odur ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.08.2017-ci il tarixli icra sənədi üzrə tələb tam icra olunduğundan "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-cİ maddəsini rəhbər tutaraq İddiaçı borclu olduğu icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin 03.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 29.12.2019-cu il tarixli, 105.LN.1676.291219.00002 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalan - İddiaçı vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6.454,82 manat məbləğində kredit verməyi, müştəri isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qobustan rayon məhkəməsinin 2(026)-397/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsininin surətindən görünür ki, iddia təmin edilmiş, LPO “AGBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh İddiaçı arasında olan 105.LN.1676.291219.00002 saylı 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 6.185,86 manat əsas, 30,67 manat faiz borcu olmaqla, cəmi 6.216,53 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulub LPO “AGBank" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 30.03.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 20.05.2013-cü il tarixli 126.LN.1420.R.200513.00031 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 82 (səksən iki) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, İddiaçı mülkiyyətində olan “ZAZ VİDA SF6950” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 20.05.2013-cü il tarixli126.LN.1420.200513.R.00031 saylı kredit müqaviləsi bağlanılmış, müqavilə üzrə yaranmış öhdəliklərin təminatı olaraq “ZAZ VİDA SF 6950 minik” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu İddiaçı barəsində cavabdeh tərəfindən Qobustan Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 2(026)-1030/2017 saylı, 14.11.2017-ci il tarixli qətnaməsinə əsasən borcludan Bankın xeyrinə cəmi 8573,87 manat məbləğində borcun tutulması, tutmanın onun mülkiyyətində olan “ZAZ VİDA SF 6950 minik” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması qət edilmişdir. Daha sonra İddiaçı tərəf olduğu kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri alltına düşmüş, 20.05.2013-cü il tarixli126.LN.1420.200513.R.00031 saylı kredit müqaviləsi 30.12.2019-cu il tarixdə restrukturizasiya edilmiş, Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədi üzrə icraata Qobustan rayon İcra və Probasiya şöbəsinin 03.05.2021-ci il tarixli qərarı ilə xitam verilmişdir. 29.12.2019-cu il tarixli, 105.LN.1676.291219.00002 saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu İddiaçı barəsində cavabdeh tərəfindən yenidən Qobustan Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 2(026)-397/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsinə əsasən borcludan Bankın xeyrinə borc üzrə cəmi 6.216,53 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun LPO “AGBank" ASC-nin xeyrinə tutulması qət edilmişdir. 29.12.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq “ZAZ VİDA SF 6950 minik” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə bankın xeyrinə yüklü edilməmiş, öhdəliyin icrası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 29.12.2019-cu il tarixli 105.CL.291219.0002/a nömrəli zaminlik müqaviləsi ilə təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 556.1-ci maddəsinin tələbinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin tələblərinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5). Qobustan Rayon Məhkəməsinin 2(026)-1030/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədi üzrə icraata Qobustan rayon İcra və Probasiya şöbəsinin 03.05.2021-ci il tarixli qərarı ilə xitam verildiyindən, tərəflər arasında bağlanmış 29.12.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası kimi “ZAZ VİDA SF 6950 minik” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə bankın xeyrinə yüklü edilmədiyindən, 20.05.2013-cü il tarixli ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrasını tələb etmək isə mümkün olmadığından, sözügedən öhdəliyin icrasının mümkün olmamasının ipoteka qoyanın təqsiri üzündən baş vermədiyindən məhkəmə hesab edir ki, cavabdeh ipoteka müqaviləsinə əsasən yaranmış yüklülüyə xitam verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, “ZAZ VİDA SF 6950 minik” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki LPO Cavabdeh2 ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməlidir. Məhkəmə iddianın “ipoteka yükünün götürülməsi barədə zəruri sənədlərin ona verilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə, tələb qeyri-müəyyən olduğu üçün, rədd edilməlidir. Məhkəmə həmçinin iddianın cavabdeh Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia ərizəsindən göründüyü kimi tələb təkcə hüquqi şəxsə, yəni ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı deyil, həmçinin onun ləğvedicisi, yəni qanuni nümayəndəsi kimi fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Halbuki ləğvedici yalnız bankın qanuni nümayəndəsi kimi onun işlərini idarə edir, onun adından məhkəmədə çıxış edir və onun məhkəmə qərarına əsasən gələcəkdə digər bir ləğvedici ilə əvəz olunması istisna olunmur. Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Cavabdeh2 ASC-nin qanuni nümayəndəsi (ləğvedicisi) olmasına baxmayaraq onun öhdəlikləri üzrə məsuliyyət daşımır və onun üzərinə banka aid vəzifələr qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 60.4-cü bəndində isə təsbit olunmuşdur ki, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilməli, “ZAZ Vida SF6950” markalı, 99EL197 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki ipoteka yüklülüyünə xitam verilməli, iddia LPO Cavabdeh2 ASC-yə münasibətdə digər hissədə rədd edilməlidir. İddia həmçinin Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilsin. İddiaçı məxsus «ZAZ Vida SF6950» markalı, 99EL197 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki LPO Cavabdeh2 ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilsin. İddia LPO Cavabdeh2 ASC-yə münasibətdə digər hissədə rədd edilsin. İddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar