Məhkəmə qərarları › İş №2(006)-912/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-912/2025

17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-912/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində qanunla təyin olunan təzminatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yoldaşı mərhum 1988-ci il təvəllüdlü X7 2022-ci ilin yanvar ayının 11-i Ağsu rayonunda yerləşən 2 saylı tam orta məktəbin həyətyanı sahəsində yerləşən transformatoru təmir edərkən cərəyan şiddəti vurması nəticəsində 34 yaşında rəhmətə gedib. Belə ki, mərhum X1 rayon “Azərİşıq" İdarəsində 13 iyul 2019-cu il tarixdə “Sayğacdəyişmə” işinə işə başlayıb. 2022-ci ilin yanvar ayında Ağsu rayon Azərişıq idarəsi tərəfindən Ağsu rayonunda yerləşən 2 saylı tam orta məktəbin həyətyanı sahəsində yerləşən transformatoru təmir etmək məqsədi ilə montyor əvəzi işə göndərilmiş və bədbəxt hadisə də həmin gün baş vermişdir. Yoldaşının ölümü ilə əlaqədar cavabdeh “Paşa Sığorta" ASC tərəfindən iddiaçıya 60712 manat sığorta öənişi ödənilib, lakin məbləğin 90.000 manatdan yuxarı olduğunu iddia edir. Belə ki, yoldaşı Xəyal Şərifovun rəsmi əmək haqqı 390 manat olub. Pensiya yaşına qədər işləsə idi, hesablama ilə 92.000 manat ödəniş etməli idilər. Lakin cavabdeh “Paşa Sığorta" ASC tərəfindən siğorta ödənişi çox az məbləğ ödənilib. Bundan sonra 30 il işləsə idi, orta əmək haqqı olan məbləği ala biləcəkdi. Məlumat üçün bildirilir ki, birgə nikahdan iki övladları var. Övladları azyaşlıdırlar. Yoldaşı rəhmətə getdikdə böyük oğlu 2 yaş 6 aylıq, kiçik oğlu isə 8 aylıq idi və ailənin gəlir mənbəyi yalnız ərinin qazancı idi. Mərhum yoldaşı Xəyal Şərifovun ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. Bu səbəbdən də “Paşa Sığorta" ASC tərəfindən ona ödənilən siğorta ödənişinin yenidən hesablanması və ödəniş qaydasının düzgün icra olunması barədə ərizə ilə müraciət etsə də, cavabdeh şirkət tərəfindən heç bir cavab ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında PH**********/20 №-li “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış və həmin icbari sığorta müqaviləsinin PH**********/213 №-li illik qoşma əlavəsinə əsasən digər işçilər kimi iddiaçının mərhum həyat yoldaşı X7 da icbari sığorta olunmuşdur. X7 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüş və hadisənin istehsalatda baş verməsi işəgötürən tərəfindən tərtib edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 07/2022 №-li aktla (İz formalı) təsdiq edilmişdir. Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Siyahısı müvafiq normativ hüquqi aktla müəyyən edilmiş sənədlər və faydalanan şəxsin sığorta tələbinə dair ərizəsi sığortaçıya təqdim olunduqdan sonra sığorta olunan azyaşlı uşaqları X14 və X8 qulluq etməklə məşğul olan arvadı İddiaçı Qanunun 5-ci maddəsinin tələbləri baxımından vəfat etmiş sığorta olunan X3 faydalanan şəxsləri hesab edilmişdir. Qanunun 16.3-cü və 17.4-cü maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda onun faydalanan şəxslərinə birdəfəlik sığorta ödənişi verilir və birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Sığortaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası”na əsasən yuxarıda adıçəkilən faydalanan şəxslərə (arvadı İddiaçı azyaşlı uşaq X9 qulluğa görə - 16959.65 AZN, yetkinlik yaşına çatmamış uşaqları X9 və X8 isə müvafiq olaraq 22033.08 AZN və 21719.36 AZN) ümumilikdə 60712.09 AZN məbləğində birdəfəlik sığorta ödənişi məbləği hesablanmış və qeyd olunan məbləğlər tərtib edilmiş xx.xx.2022-cı il tarixli **********00024 №-li sığorta aktına əsasən İddiaçı aid AZ38AİİB410100D**********154 saylı bank hesabına köçürülmüşdür. İddiaçının iddia tələbi ondan ibarətdir ki, ona ödənilmiş 60712.09 AZN sığorta ödənişinin məbləği ilə razı deyildir və ödənilməli məbləğin 90000.00 AZN-dən yuxarı olduğunu hesab edir. İddianın əsasını təşkil edən bu dəlillə bağlı qeyd edilir ki, sığortaçı tərəfindən faydalanan şəxslərə ödənilmiş məbləğ Qaydanın 2.1.2-ci bəndinə görə sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləğini müəyyən edən düstur əsasında, hansı ki, qeyd olunan düstura görə faydalanan şəxslərə ödənilmiş sığorta məbləğləri aşağıdakı qaydada hesablanmışdır: X9 qulluğa görə: 5520 AZN x 9.2172 /3 = 16959.65 AZN; X9: 5520 AZN x 11.9745 /3 = 22033.08 AZN; X8: 5520 AZN x 11.8040 /3 = 21719.36 AZN. Göründüyü kimi sığortaçı baş vermiş bədbəxt hadisə üzrə icbari sığorta sahəsində qanunvericiliyə müvafiq olaraq hesablama aparmış və yuxarıda göstərildiyi kimi ümumilikdə 60712,09 manat həcmində sığorta ödənişi faydalanan şəxslərə ödənilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil dəqiqləşmə ərizəsi təqdim edərək, İddiaçı əri X3 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölməsinə görə "xxxx" ASC tərəfindən ödənilməli olan 76.000 manat sığorta məbləğinin ödənilməmiş 15.288 manat hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına gecikəcəyinin nəzərə alınmasını xahiş etmiş, əlavə olaraq iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, baş vermiş istehsalat qəzası ilə bağlı bütün sənədlər toplanaraq sığorta şirkətinə göndərilmiş, sığorta şirkəti tərəfindən də müvafiq sığorta ödənişi hesablanaraq iddiaçıya ödənilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: Əmək kitabçasından çıxarışa əsasən şəxs 2019-cu il tarixdə "xxxx" ASC Mərkəzi Aran RETSİ X13 fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 74-cü maddəsinin e bəndinə (vəfat etdiyi əsası ilə) əsasən xitam verilmişdir. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilən nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 və X6 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə 251 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Şərifova” soyadı verilmişdir. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələrin surətinə əsasən X18 xx.xx.2019-cu il tarixdə, X14 isə xx.xx.2021-ci il tarixdə anadan olmuş, ata adları qrafasında X7, ana adları qrafasında İddiaçı qeyd edilmişdir. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2022-ci il tarixdə ölmüş, ölüm səbəbi elektrik cərəyanının təsiri olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə sığortalı/sığorta olunan kimi X7 ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsinə və həmin ödənişin müvafiq hesaba köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na istinad edərək, nəzərinizə çatdırırıq ki, 2022-ci ilin yanvar-fevral aylarında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş struktur bölmələrində iş vaxtında baş vermiş və ölümlə nəticələnmiş istehsalat qəzaları baş vermişdir: X20 Enerji Təchizatı və Satışı İdarəsinin Ağsu Elektrik şəbəkəsinin sayğacquraşdırma üzrə texniki, 1988-ci il təvəllüdlü X7, hadisənin baş vermə tarixi xx.xx.2022-ci il. X25 Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya tərəfindən yuxarıda göstərilən əməkdaşların həlak olması ilə nəticələnən bədbəxt hadisələrin təhqiqatı aparılır. Təhqiqat işləri başa çatdırıldıqdan sonra sığorta ödənişlərinin təmin edilməsi məqsədilə müvafiq sənədlər təqdim ediləcəkdir. Nəzərə alınması xahiş edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 07/2022 nömrəli akta əsasən X3 xx.xx.2022-ci il tarixdı, saat 11:30-da istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi faktı öz təsdiqini tapmışdır. "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********00024 nömrəli sığorta aktına əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar olaraq 60712,09 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Sığortaçı "xxxx" ASC və sığortalı "xxxx" ASC arasında bağlanan xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən X10 da icbari sığorta edilmişdir.Şəxsin bir illik əmək haqqı fondu 5520,0 manat göstərilmişdir. İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, sığorta ödənişi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsin hesabına ödənilmişdir. “İcbari Sığorta Bürosu” tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubuna əsasən büronun informasiya sistemində axtarış zamanı "xxxx" ASC-nin X20 Enerji Təchizatı və Satışı İdarəsinin Mingəçevir X12 sahəsi üzrə sayğacquraşdırıcı texniki vəzifəsində, fəhlə kateqoriyası üzrə 13-cü peşə risk dərəcəsində işləmiş X4 aid müvafiq icra hakimiyyəti orqanının informasiya sistemindən ötürülmüş məlumata əsasən illik əmək haqqı fondu məbləği 5520 manat və sığorta tarifi 1.9 olmaqla, sığorta haqqı 104.88 manat, sığorta məbləği isə 76001.94 manat təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən "xxxx" ASC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası sinifi üzrə sığortalanmış X3 ölüm hadisəsi ilə bağlı hesablanmış birdəfəlik sığorta ödənişi Cəmiyyət tərəfindən düzgün hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2025-ci il tarixli, 9/3277 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi "xxxx" ASC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası sinifi üzrə sığortalanmış X3 ölüm hadisəsi ilə bağlı sığortaçı tərəfindən birdəfəlik sığorta haqqının hesablanması və ödənilməsi ilə bağlı uyğunsuzluq müəyyən edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən X7 həqiqətən "xxxx" ASC Mərkəzi Aran RETSKİ Sayğacquraşdırma və uçota nəzarət sektorunun sayğacquraşdırıcı texniki vəzifəsində işləmiş, xx.xx.2022-ci ildə vəfat etmiş, 2021-ci ilin 01 yanvar tarixindən 31 dekabr tarixinədək ona hesablanmış əmək haqqı məbləği cəmi 5752.26 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar. 5.3-cü maddəsinə əsasən bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. 7.2-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlama, icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. 17.7-ci maddəsinə əsasən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası” istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş üzrə təqdim edilmiş sənədlər və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı xx.xx.2022-ci il tarixində əmək funksiyalarını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Bu hal iş materialları ilə təsdiqlənmiş və tərəflər arasında mübahisə doğurmamışdır. Baş vermiş hadisə sığorta hadisəsi kimi qiymətləndirilmiş və bu əsasla cavabdeh sığorta şirkəti tərəfindən mövcud sığorta müqaviləsinə uyğun olaraq mərhumun ailə üzvü kimi iddiaçıya 60.712,09 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu məbləğin ödənilməsi də tərəflər arasında mübahisəli hal hesab edilmir və iş üzrə sübuta ehtiyac duymayan fakt kimi qəbul olunur. İddiaçı, mərhum həyat yoldaşının əmək vəzifələrini yerinə yetirərkən vəfat etməsi ilə əlaqədar olaraq ona ödənilmiş 60.712,09 manat məbləğində sığorta ödənişi ilə razılaşmayaraq, faktiki hesablanmalı olan məbləğin 76.000 manat təşkil etdiyini əsas gətirərək, ödənilməmiş 15.288 manatın ona verilməsini tələb etmişdir. Cavabdeh isə bu tələbi əsassız hesab edərək, sığorta ödənişinin mövcud qanunvericilik və tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun şəkildə hesablandığını və iddiaçıya tam ödəniş edildiyini bildirərək iddianın rədd edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin mahiyyəti sığorta ödənişinin məbləğinin düzgün müəyyən olunub-olunmaması ilə bağlı olduğundan, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət orqanlarına və aidiyyəti qurumlara sorğular göndərilmiş, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış rəsmi cavab məktubunda mərhumun ölümü ilə bağlı cavabdeh sığorta şirkəti tərəfindən hesablanmış birdəfəlik sığorta ödənişinin qanunvericiliyə və mövcud qaydalara uyğun olaraq müəyyən edildiyi göstərilmiş, eyni zamanda, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza rəyində də cavabdeh tərəfindən sığorta ödənişinin hesablanması və ödənilməsi prosesində hər hansı uyğunsuzluğa yol verilmədiyi, hesablamaların mövcud qanunvericilik və müqavilə şərtləri çərçivəsində aparıldığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən ona 76.000 manat ödənilməli olduğu barədə irəli sürdüyü tələb heç bir hüquqi və ya iqtisadi əsasla sübut olunmamış, iddia yalnız subyektiv yanaşma və fərdi mülahizələrə söykənərək irəli sürülmüşdür. Bu baxımdan, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Beləliklə də, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar