Məhkəmə qərarları › İş №2(006)-920/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-920/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-920/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, X4 Kredit Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Yaşar qızının iştirakları ilə X4 Kredit Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Yaşar qızına qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Kredit Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Yaşar qızına qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yaşar qızına 18 ay müddətinə 2 989 manat məbləğində kredit verilmiş və bununla bağlı X5 Təşkilatı İddiaçı ilə Cavabdeh Yaşar qızı arasında xx xxxxxx 2020-ci il tarixli, 418-TGS-0261-20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” tərəfindən müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə "Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Yaşar qızının X5 Təşkilatı “Embafinans" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixə əsas borcu 2989 manat, faiz borcu 479,90 manat olmaqla, ümumi borcu 3468,90 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh Yaşar qızı götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir Cavabdehə xx xxxx 2020-ci il tarixdə pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərim pozmuş və vurduğu zərər nəticəsində X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Yaşar qızından əsas borc 2989 manat, faiz borcu 479,90 manat, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 3499,30 manat pulun X4 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 Kredit Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Yaşar qızı iddia tələbini qismən qəbul edərək bildirdi ki, borcu hissə-hissə ödəməyə hazırdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan X5 Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Yaşar qızı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 418-TGS-0261-20 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh Yaşar qızına 18 ay müddətinə, illik 34 faizlə, 2989 manat məbləğində kredit verilmişdir. İşin materiallarındakı X5 Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Yaşar qızının xx.xx.2020ci il tarixli müqaviləyə əsasən BOKT-a 2989 manat əsas, 479,90 manat faiz, cəmi 3468,90 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Yaşar qızı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 418-TGS-0261-20 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh Yaşar qızına 18 ay müddətinə, illik 34 faizlə, 2989 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun BOKT-a 2989 manat əsas, 479,90 manat faiz, cəmi 3468,90 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Yaşar qızından 2989 (iki min doqquz yüz səksən doqquz) manat əsas borc, 479,90 (dörd yüz yetmiş doqquz manat, doxsan qəpik) manat faiz borcu və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3499,30 (üç min dörd yüz doxsan doqquz manat, otuz qəpik) manat məbləğində pul alınaraq X5 Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Yaşar qızından 2989 (iki min doqquz yüz səksən doqquz) manat əsas borc, 479,90 (dörd yüz yetmiş doqquz manat, doxsan qəpik) manat faiz borcu və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3499,30 (üç min dörd yüz doxsan doqquz smanat, otuz qəpik) manat məbləğində pul alınaraq X5 Təşkilatı "Embafinans" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar