Məhkəmə qərarları › İş №2(006)-921/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-921/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-921/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1, X5 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı « maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq ASC-dən hər biri 1200 manat dəyərində 5 baş camış və 1000 manat dəyərində 1 baş inək heyvanlarını elektrik cərəyanı vurması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 7000 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, heyvandarlıqla məşğul olur. Heyvanlarını kəndin kənarında icarəyə götürdüyü otlaq sahəsinə ötürür, orada otlayırlar. Ərazinin elektrik xətlərinə Kür çayının sol sahilində yerləşən Zərdab elelektrik şəbəkəsi baxır. Şəbəkənin işçiləri elektrik xətlərini kəsəndə birini kəsməyiblər, məftil yerə sallanıqlı qalıb. Həmin elektrik xətti 25.11.2021-ci il tarixdə otlaqda otlayan heyvanlarımdan bir baş inək və 5 baş camış heyvanlarını vurub öldürüb. Bu barədə akt tərtib edildi. Baytar həkim də heyvanların cəmdəklərinə baxıb elektrik cərəyanı vurması nəticəsində ölmələrini təsdiq etdi. Heyvanların cəsədlərinin foto şəklini də çəkdi. Heyvanlarının camışların hər başının dəyəri 1200 manat, inəyin dəyəri 1000 manat təşkil edir. Ona məxsus iribuynuzlu mallar elektrik naqillərinin qırılıb yerə düşməsi, elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur və elektrik şəbəkələrinin qorunmasının, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X1, X5, X7 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-dən hər biri 1200 manat dəyərində 5 baş camış və 1000 manat dəyərində 1 baş inək heyvanın elektrik cərəyanı vurması nəticəsində ona ziyan vurulmuş maddi zərərin əvəzi kimi 7000 manat pulun və ödədiyim dövlət rüsumunun alınıb ona verilməsini xahiş edir. Etirazın əsası olaraq aşağıdakı halların məhkəmə tərəfindən nəzərə alınmağını xahiş edirlər. 1) İddiaçı iddia ərizəsinə sübut qismində əlavə etdiyi 25 noyabr 2021-ci il tarixli akt məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, sözü gedən akt qanunvericiliyin norma və tələblərinə riayət olunmadan tərtib olunmuş, bundan əlavə akt tərtib olunarkən "xxxx" ASC səlahiyyətli nümayəndəsinin iştrakı təmin olunmamışdır; 2) mülki iş materiallarında mövcud olan İmişli rayonu, Ağamalılar kənd sahə baytar həkimi kimi özünü təqdim edən M.Əhmədov tərəfindən imzalanmış əlyazma 25 noyabr 2021- ci i! tarixli 2-ci akt tamamilə qanununsuzdur. Məhkəmə nəzərə almalıdır ki, baytar M.Əhmədovun iddiaçıya təqdim etdiyi aktda 5 baş camış və 1 baş inək heyvanın elektrik cərəyanı vurması nəticəsində ölməsi göstərilmişdir. Ola bilsin ki, baytar M.Əhmədovun normativ aktlardan xəbərsizdir, bəlkə də heç baytar deyil. İstinadımızın əsası odur ki, sözü gedən aktı tərtib edən M.Əhmədov heyvanlara baxış keçirmədən, onları yarmadan sadəcə fərziyyələrə əsaslanaraq heyvanların elektrik cərəyanın vurmasından öldüyünü yazmışdır. Bu isə özü özlüyündə qanunsuzdur; 3) məhkəmə nəzərə almalıdır ki, 5 camış və 1 inək heyvanın ölməsi faktı üzrə iddia qaldıran tərəf baş vermiş faktı təsdiq edən dolğun şəkildə foto və video görüntülər təqdim etməlidir. İddiaçının istinadına inanılsa o zaman məhkəmə tərəfindən sual olunmalıdır ki, 5 camış və 1 inəyi elektrik cərəyanı vurubsa onların video görüntüsü, hal şahidlərinin hadisə yerində olması, baytar həkimin ölmüş heyvanlara keçirdiyi baxışı təsdiq edən mötəbər dəlillər təqdim edilsin. 4) ölmüş heyvanların elektrik cərəyanı vurmasından sonra ölmüş cəsədlərinin harada hansı şəraitdə kimlərin iştrakı ilə basdırılması faktı tam olaraq araşdırılmalıdır. Bu hallar araşdırimazsa bu bir mənalı həmin heyvanların hər hansı xəstəlikdən tələf olması, lakin bu işdən necə deyəllər ziyansız çıxmaq məqsədi ilə iddiaçı tərəfindən qurulmuş bir ssenaridir. Məhkəmə mülki işi araşdırarkən ehtimallara deyil, əsaslandırılmış sübutlara istinad etməməlidir. 5) iddia tələbində göstərilən faktlar həqiqətə uyğundursa bəs belə olan halda hansı səbəbdən "xxxx" ASC baş vermiş hal barədə məlumatlandırılmayıb. Bütün günahları "xxxx" ASC-də görən iddiaçı tutarsız istinadlara söykənərək ASC-dən pul almaq niyyətindədir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının Ağamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş Arayışdan görünür ki, O, hal-hazırda İmişli rayon Ağamalılar kəndində yaşayır və heyvandarlıqla məşğul olan fermerdir. 25 noyabr 2021-ci il tarixdə İmişli RİH-nin Ağamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini X8, Ağamalılar kənd sakini X6, Ağamalılar kənd sakini fermer İddiaçı tərəfindən tərtib edilmiş Aktın surətidən görünür ki, fermer İddiaçı iri buynuzlu malqarası özünə məxsus, dövlət tərəfindən verilmiş qış otlaq sahəsində otlayan zaman həmin sahənin 1 sm-dən keçən elektrik naqili qırılıb yerə düşməsi nəticəsində 6 (altı) baş: iribuynuzlu 5 (beş) camış və 1 (bir) inəyi öldürmüşdür. Məhkəmənin Beyləqan rayon Mal Satış Bazarı və İmişli rayon Mal Satış Bazarına ünvanladığı 10.01.2022-ci il tarixli sorğusuna "xxxx" MMC-nin rəhbərliyi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1 baş, 7-8 yaşında, sağlam yerli cinsli, 180-200 kq diri çəkiyə malik olan ana camışın orta bazar qiyməti 1800 manat, 1 baş 4 yaşında olan, sağlam yerli cinsli, 160-170 kq diri çəkiyə malik olan boğaz camışın orta bazar qiyməti 1300 manat, 1 baş 8 yaşında olan, sağlam, yerli cinsli, 120-140 kq diri çəkiyə malik olan ana inəyin orta bazar qiyməti 1100 manat təşkil edir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı İmişli rayonu Ağamalılar kənd sakinidir. Hadisə baş verən zaman, yəni 25.11.2021-ci il tarixdə İddiaçı məxsus bir baş inək və 5 baş camış yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşlar. Bu barədə müvafiq akt tərtib olunmuşdur. İri buynuzlu mal-qaranın həmin ərazidə tələf olmasına gətirib çıxaracaq digər yüksək təhlükə mənbəyi yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xəttlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 7000 manat həddində təmin olunmalıdır. Belə ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1 baş, 7-8 yaşında, sağlam yerli cinsli, 180-200 kq diri çəkiyə malik olan ana camışın orta bazar qiyməti 1800 manat, 1 baş 4 yaşında olan, sağlam yerli cinsli, 160-170 kq diri çəkiyə malik olan boğaz camışın orta bazar qiyməti 1300 manat, 1 baş 8 yaşında olan, sağlam, yerli cinsli, 120-140 kq diri çəkiyə malik olan ana inəyin orta bazar qiyməti 1100 manatdır. (5*1300+1*1100=7600) İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı xəttlərin və dirəklərin istismar qaydalarına riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik xəttinin qırılması və cərəyan vurması nəticəsində iri buynuzlu mal tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 7000 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar