Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-928/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat məbləğində maddi ziyanın, iddianın məhkəmədə qaldırılması üçün ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr, ev 72, mənzil 49 saylı mənzil Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Evi 2-ci mərtəbədə yerləşir. Onun evinin üstündə yerləşən üçüncü mərtəbədəki 52-ci mənzil Cavabdeh məxsusdur. Təxminən iki il ərzində yuxarı mərtəbədən ona məxsus mənzilə su axıdılmışdır. Dəfələrlə yuxarı qalxıb bu barədə üst qonşuya öz iradını bildirsə də, hər hansı bir nəticə olmamış, sonuncu dəfə isə istilik sistemində yaranmış nasazılıq səbəbindən mənzili su basmış və mənzilin iki yataq otağı, qonaq otağı döşəməsi, divar kağızları, ev əşyaları, tavanın və divarlarının tam sıradan çıxması müşahidə olunmuşdur. Bununla yanaşı mənzili su basması nəticəsində elektrik xəttlərində qısa qapanma olunmuşdur. Bundan sonra tərəfindən Nəsimi rayon MKTB-nin 23 saylı MKİS-in əməkdaşları mənzilə dəvət olundu. Nəsimi rayon MKTB-nin 23 saylı MKİS-in əməkdaşları mənzilinə yuxarıdan su axdığını müəyyən etdi. Həmin suların mütəmadi axması nəticəsində onun evinə maddi ziyan dəymişdir. Su axıntıları nəticəsində mənzilinin mətbəxinin tavan və divarları, həmçinin dəhlizin divarları, habelə qonaq otağının tavanı və divarları yararsız vəziyyətə düşmüşdür. Cavabdehə bir neçə dəfə ona dəymiş maddi ziyanı ödəməsi üçün müraciət etsə də, cavabdeh onun tərəfindən onun mənzilinə su axıldılmadığını bildirmişdir. 23 saylı MKİS-in rəisi Y.Əliquliyev, mühəndis Ə.Qasımov və digər səlahiyyətli şəxsləri tərəfindən xx.xx.2024-cü il tarixində akt tərtib edilərək cavabdehə məxsus 52 saylı mənzildən su axması səbəbindən ona məxsus mənzilin yararsız vəziyyətə düşməsi və ona maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı eturaz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə istilik sistemləri yüksək təzyiq nəticəsində partlamış və iddiaçının evinə su sızmışdır. Balaca gölməçə yaranmışdır. İddiaçı polisə şikayət etmişdir. Evin o qədər xərci olduğunu qəbul etmirlər. Ekspert rəyində natamamlıq var. Qarşı tərəf sübutlar təqdim etməyib. O, öz tərəfini müdafiə edir, tərəf isə iddianı qəbul etmir, deyir ki, ondan asılı olmayan səbəblərdən yaranıb. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında iştirakı təmin edilmiş (videkonfrans əlaqə sistemindən istifadə edilməklə) ekspert X1 cavab olaraq bildirmişdir ki, cavabdehə məxsus yataq otağındakı istilik sisteminin borusunda təmir işləri aparılmışdır. Radiatora birləşmiş borunun partlaması nəticəsində su sızma baş verə bilərdi. Fevral-mart aylarında mənzillərə baxış keçirilib, 28 dekabrda su sızma baş verib. Evə su təzyiqli vurulub. Radiatorla birləşən hissədə boru qırılır və su təzyiqlə evə dolur və bu səsəblə su sızma halı böyük qüsurlura yol açır. Vintilin qopması ilə bu fəsadlar baş verə bilər. Görülməli olan işlərin həcmi ilə bağlı qeyd edir ki, iddiaçının evinə su sızma nəticəsində dəyən ziyan hissələrinin smetasını tərtib etmişdir. Smeta evin ümumi həcminə yox, ziyan dəyən hissələrinə əsasən tərtib olunub. Evin hündürlüyü 2.7 metrdir. 3-cü otağa, dəhlizə ziyan dəyib. Bir dəhlizdə, 3 otaqda və sanitar qovşaqda ziyan müəyyən olunub. Otaqlarda divar kağızına da ziyan dəyib. Divarın sahəsi hesablanan zaman perimetr (en və uzunuluq toplanır) hündürlüyə vurulur. Çatlar müəyyən müddətə su axdıqda yarana bilər. Çatların üzərində sarımtıl ləkələr var idi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki, 72 nömrəli evin 49 nömrəli mənzilinin mülkiyyətçisi İddiaçıdur. Bakı şəhəri 23 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki, 72 nömrəli evin 49 nömrəli mənzilinin mülkiyyətçisi İddiaçı mənzilinə, həmin binada Süleymanova evinc Sabir qızına məxsus 52 saylı mənzilin istilik sistemində yaranmış nasazlıq səbəbindən su axıdılmış və nəticədə mənzilin 2 yataq və qonaq otağında tavan, döşəmə, divar kağızlarıvə ev əşyaları islanaraq sıradan çıxmışdır. Mənzilin elektrik naqillərində qısa qapanma olmuşdur. Bakı şəhəri Nəsim Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5554/2024 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmiş və ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə və Mərkəzi Ekspertiza Bürosunun ekspertlərinə həvalə edilmişdir. Mərkəzi Ekspertiza Bürosunun MEB-4180 saylı hesabatında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 72 saylı evin, 49 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 12547,60 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/10109 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən; 1-ci və 2-ci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 49 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 52 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 49 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 72 saylı evin 49 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 52 saylı mənzildən su axıdıldığı və nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 3-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 72 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. 4-cü, 5-ci və 6-cı suallar üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 72 saylı evin 49 saylı mənzilin istilik xətləri təmir edildiyindən 49 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsim Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-928/2025 saylı qərardadına əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılması Mərkəzi Ekspertiza Bürosunun ekspertlinə həvalə edilmişdir. "xxxx" MMC-nin MB-18/0544 saylı xx.xx.2025-ci il tarixli hesabatında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 72 saylı evin, 49 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 3836 manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsim Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-928/2025 saylı qərardadına əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılması ekspertizanın aparılması "xxxx" MMC-yə və Mərkəzi Ekspertiza Bürosuna həvalə edilmişdir. "xxxx" MMC-nin MB-18/1024 saylı xx.xx.2025-ci il tarixli hesabatında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki 72 saylı evin, 49 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 5864 manat müəyyən edilmişdir. Mərkəzi Ekspertiza Bürosunun MEB-250-0825-01 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2025-ci il tarixli 10/101GS nömrəli ekspert rəyində göstərilmiş smeta nəzərə alınmaqla, İddiaçı məxsus ünvan 1 ünvanda su sızması nəticəsində yaranmış qüsürların aradan qaldırılması üçün: 6,078.0 (altı min yetmiş səkkiz) manat vəsait tələb olunur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 135 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İddiaçının dəlili və tələbi onun mənzilinə cavabdehin mülkiyyətində olan mənzildən su axıntısı nəticəsində mənzilə zərər dəyməsindən və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. Cavabdehin nümayəndəsinin dəlili isə su axıdılmasında cavabdehin təqsirinin olmaması, su sızmanın əsas səbəbinin cavabdehin mənzilində ümumi istilik sistemləri borusunda təzyiqin düzgün nizamlanmaması, yəni, boruya yüksək təzyiq vurulması nəticəsində baş verməsindən ibarət olmuşdur. İddiaçının mənzilinə su axıdılmasının texniki səbəbinin müəyyən edilməməsinə dair ekspert rəyində göstərilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, texniki səbəbin müəyyən edilməməsi adından da göründüyü kimi texniki məsələdir və bu hal mübahisənin obyektiv qiymətləndirilməsinə hazırki məqamda mane olmur. Belə ki, iddiaçının mənzilinə məhz cavabdehə məxsus mənzildən su axıdılması isə tam təsdiqini tapmışdır. Artıq həmin su sızmanın texniki səbəbi bir əhəmiyyət kəsb etmir. Cavabdeh bunların qarşısını almaq üçün zəruri tədbirlər görməli olduğu halda bunu etməmişdir. Odur ki, iddiaçının qeyd etdiyi məsələdə haqlı dəlilləri cavabdehin əsassız etirazı ilə təkzib olunmur. Göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması halları baş vermişdir. Su sızması nəticəsində iddiaçının mənzilinə ziyan vurulmuşdur. İddiaçı onun mənzilinə dəymiş zərərə görə 15000 (on beş min) manat pulun və məhkəməyə müraciət edilməsinə görə 135 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Müəyyən edildiyi kimi cavabdehin hüquqazidd əməlləri (mülkiyyətində və idarəetməsində olan mənzilin başqalarının mənzilinə ziyan vurmanı istisna edən şəkildə saxlanmasına məsul olduğu halda zəruri tədbirlərin görülməməsindən irəli gələn hərəkətsizlik) nəticəsində iddiaçının mənzilinə ziyan vurulmuşdur. Vurulmuş zərərin məbləğinin müəyyən olunmasından ötrü məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, Mərkəzi Ekspertiza Bürosunun mütəxəssis rəyində qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 12547,60 manat müəyyən edilmişdir. Bu məbləğ cavabdehin nümayəndəsi tərəfindən mübahisələnidrildiyindən, məhkəmə tərəfindən yenidən qiymətləndirmənin həyata keçirilməsi başqa qiymətləndirmə təşkilatına həvalə edilmiş, "xxxx" MMC-nin mütəxəssis rəyində çəkilməli olan xərcin məbləği 3836 manat müəyyən edilmişdir. Eyni hala dair verilmiş iki mütəxəssis rəyində müəyyən edilən məbləğlər bir-birindən kəskin fərqləndiyindən göstərilən ziddiyyətin aradan qaldırılması üçün bundan əvvəl rəy vermiş təşkilatlar qarşısında AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli 10/10109 nömrəli ekspert rəyində göstərilmiş smeta nəzərə alınmaqla, təmir üçün tələb olunan xərcin məbləğinin hesablanması barədə suallar qoyulmuş, "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli hesabatında həmin smeta nəzərə alınmaqla qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləğinin 5864 manat, Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli hesabatında 6,078.0 (altı min yetmiş səkkiz) manat oluduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarında olan fotoşəkilləri, həmin fotoşəkillərdə əks olunan qüsurların aradan qaldırılması üçün kifayət qədər yüksək məbləğdə xərc tələb edilməsini və hazırkı dövrdə mövcud olan bazar qiymətlərini nəzərə almaqla maddi zərərin məbləğini Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli hesabatında göstərilmiş həddə - 6,078.0 (altı min yetmiş səkkiz) manat həddində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi ziyana görə 6,078.0 (altı min yetmiş səkkiz) manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 135 manat dövlət rüsumunun 54 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Mərkəzi Ekspertiza Bürosu və "xxxx" MMC tərəfindən aparılmış tədqiqatlar üzrə tələb olunan xərclərə münasibətdə qeyd edilir ki, məhkəmə iclasında, Mərkəzi Ekspertiza Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə xərcin İddiaçı tərəfindən, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə isə tələb olunan 300 manatın cavabdeh tərəfindən ödənildiyi müəyyən edildiyindən, həmin xərclər tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 6,078 (altı min yetmiş səkkiz) manat, ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manat hissəsi, cəmi 6132 (altı min yüz otuz iki) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Mütəxəssis rəylərinin verilməsi ilə əlaqədar çəkilmiş xərclər tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-928/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-928/2025
03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver