Məhkəmə qərarları › İş №2(006)-934/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-934/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-934/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, X1 qanuni nümayəndəsi və İddiaçı nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətlərin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və qaytarılması (kompensasiya edilməsi) tələbinə dair» iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X10 cavabdeh QSC Bank Standart KB-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətlərin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və qaytarılması (kompensasiya edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan QSC Bank Standart KB-da iddiaçılar İddiaçı məxsus olan – 327 831.43 ABŞ dolları əmanət və X6 məxsus – 77 614.31 ABŞ dolları əmanətlərin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və sığorta hadisəsinin baş verdiyi günə qədər (yəni, QSC Bank Standart KB-nin ləğv olunduğu günədək) hesablanmış faizlər də daxil olmaqla həmin əmanətlərin 100 faizi həcmində İddiaçı və X6 cavabdeh, ləğv prosesində olan QSC Bank Standart KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə QSC Bank Standart KB (bundan sonra Bank) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli № LD ********** saylı Depozit (Əmanət) müqaviləsi üzrə adına açılmış müvafiq ABŞ dolları hesabına pul vəsaiti qoymaqla əmanət yerləşdirilmişdir. Müxtəlif vaxtlarda həmin hesaba pul vəsaiti mədaxil edərək əmanət məbləği artırılmışdır. Bankla xx xxxxxx 2014-cü il tarixdə bağlanmış № LD ********** saylı X12 üzrə, X4 adına atası X13 (üçüncü şəxsin xeyrinə) ilə Bank arasında bu məqsədlə açılmış müvafiq ABŞ dolları hesabına pul vəsaiti qoyulmaqla, onun xeyrinə Bankda əmanət yerləşdirilmişdir. Müxtəlif vaxtlarda həmin hesaba pul vəsaiti mədaxil edilərək əmanət məbləği artırılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarına əsasən QSC Bank Standart KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən Bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hal-hazırda Bankda həmin hesablarda İddiaçı və X6 məxsus pul vəsaitlərinin (əmanətin) mövcud durumu aşağıda qeyd olunmuş vəziyyətdədir: İddiaçı məxsus depozit vəsaiti 327 831.43 ABŞ dolları, X6 məxsus depozit vəsaiti – 77 614.31 ABŞ dolları. Qeyd olunan əmanətlərin qaytarılması ilə bağlı edilən müraciətlərinə heç bir müsbət cavab ala bilmədiklərinə görə qanunvericiliyə müvafiq olaraq məhkəmə qaydasında banka qoyulmuş əmanətlərinin geri qaytarılmasını tələb edirlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.2.2-ci maddəsinə əsasən tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri barədə məlumatları təqdim etməlidirlər. Qanunun da məzmunundan göründüyü kimi iddiaçının əmanət hesabı üzrə pul vəsaitini əmanət müqaviləsi üzrə hesablanmış faizlərlə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1; 947.3; 947.4; 948.1; 949.2; 950.4; 21-ci maddələrinin tələblərinə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə baxışı dövründə iddiaçı tərəf ərizə ilə müraciət edərək QSC Bank Standart KB-ni Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı tərəf iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin verilmiş iddia tələbinin həcminin azaldılaraq Əmanətlərin Sığortalanması Fondundan İddiaçı məxsus olan 327.831,43 ABŞ dolları və X6 məxsus – 77.614,31 ABŞ dolları məbləğində əmanətlərin tam sığortalanmış qorunan əmanət kimi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və X1 qanuni nümayəndəsi X13 iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq onu da qeyd etmişdir ki, onun tərəfindən oxşar iddia qaldırılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5877/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-602/2019 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirimədən saxlanılmış, habelə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 5507/2019 saylı qərarı ilə həmin qətnamə də dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyinə görə icraya yönəldilmiş və tam icra edilmişdir. Bununla bağlı qərarların surətini məhkəməyə təqdim etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçılar bu barədə Fonda müraciət etmişlər, həmin müraciətə onlar tərəfindən məktubla cavab verilmişdir, məktubun məzmununu müdafiə edir və qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli № LD ********** saylı Depozit (Əmanət) saylı standart depozit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən QSC “Bank Standard” KB-da onun adına açılmış depozit hesabına illik 10,50 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə xx xxxxxx 2018-ci il tarixədək 500 (beş yüz) ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. - xx xxxxxx 2014-cü il tarixdə bağlanmış № LD ********** saylı X5 görünür ki, X4 adına atası X13 (üçüncü şəxsin xeyrinə) 6370 ABŞ dolları məbləğində pul vəsaitini illik 13 faiz dərəcəsi olmaqla, xx xxxx 2030-cu il tarixinədək əmanət yerləşdirmişdir. - İddiaçıların QSC “Bank Standard” Kommersiya Bankının “VİP” filialına ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli ərizənin surətindən görünür ki, iddiaçılar həmin ərizədə QSC “Bank Standard” Kommersiya Bankının maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğuna görə, özlərinin depozit hesabındakı xarici valyutada olan vəsaitlərinin qorunan əmanətlərə aid edilməsi üçün depozit müqaviləsinə dəyişikliklər edilməsini xahiş etmişlər. - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx xxxxxxx 2016-cı il tarixli kreditor tələblərinin qeydiyyatı barədə 0511 saylı qəbzinin surətindən görünür ki, İddiaçı tələbi ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında kreditor tələbi kimi qeydə alınmışdır. Tələbin məbləği 327831,43 ABŞ dolları qeyd edilmişdir. - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx xxxxxxx 2016-cı il tarixli kreditor tələblərinin qeydiyyatı barədə 0510 saylı qəbzinin surətindən görünür ki, X4 tələbi ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında kreditor tələbi kimi qeydə alınmışdır. Tələbin məbləği 77614,31 ABŞ dolları qeyd edilmişdir. - QSC “Bank Standard” KB-nın əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı məxsus kompensasiya olunmayan pul vəsaiti 327831,43 ABŞ dolları, X6 məxsus kompensasiya olunmayan pul vəsaiti 77614,31 ABŞ dolları təşkil edir. - İddiaçıların QSC “Bank Standard” Kommersiya Bankının “VİP” filialına ünvanladığı xx xxxxxxxx 2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, iddiaçı X13 həmin ərizəsində QSC “Bank Standard” Kommersiya Bankının maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğuna görə, özünün, qızının və həyat yoldaşının depozit hesabındakı xarici valyutada olan vəsaitlərinin qorunan əmanətlərə aid edilməsi üçün depozit müqaviləsinə dəyişikliklər edilməsini xahiş etmişlər. - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hazırki iş üzrə iddiaçılara ünvanladığı xx xxxxxx 2017-ci il tarixli, 19/19332 saylı məktubunda göstərilmişdir ki, Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara uyğun olaraq xx.xx.2015-ci il tarixinə kimi 12 faiz həddində qəbul edilmiş bütün əmanətlər bu tarixdən etibarən qorunan əmanət hesab olunur. Yəni, göstərilən tarixə qədər 12 faizə cəlb edilən əmanətlər qorunan əmanət hesab edilmiş əmanətlər qorunan sayılır. xx xxxx 2016-cı il tarixdən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. Ödənilməmiş qalıq məbləğlər sığortalanmadığından, həmin məbləğlər “Banklar haqqında” Qanunun 82.1.8-ci maddəsinə uyğun olaraq təsnifləşdirilmiş, təminatsız kreditor tələblərinə aid edilmişdir və həmin maddədə göstərilmiş növbəlilik qaydasına riayət olunmaqla ödənilə bilər. xx xxxxxxxx 2016cı il tarixdə QSC “Bank Standard” KB-nin “VİP” filialına ünvanlanmış müraciətində tələblər dəqiq göstərilməmiş, bankdan hansı faizlə dəyişikliklər edilməsinin istənilməsi müəyyən edilməmiş, buna görə də heç bir müqavilə bağlanmamış, heç bir razılaşma aşkarlanmamışdır. Onlara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçıların cavabdeh təşkilata ünvanlanan xx xxxxxx 2017-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçılar əmanətin 100 faiz həcmində ödənilməsini xahiş etmiş və əks halda məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə QSC Bank Standart KB arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli № LD ********** saylı Depozit (Əmanət) müqaviləsi üzrə adına açılmış müvafiq ABŞ dolları hesabına pul vəsaiti qoymaqla əmanət yerləşdirilmişdir. Müxtəlif vaxtlarda həmin hesaba pul vəsaiti mədaxil edərək əmanət məbləği artırılmışdır. Bankla xx xxxxxx 2014-cü il tarixdə bağlanmış № LD ********** saylı X12 üzrə, X4 adına atası X13 (üçüncü şəxsin xeyrinə) ilə Bank arasında bu məqsədlə açılmış müvafiq ABŞ dolları hesabına pul vəsaiti qoyulmaqla, onun xeyrinə Bankda əmanət yerləşdirilmişdir. Müxtəlif vaxtlarda həmin hesaba pul vəsaiti mədaxil edilərək əmanət məbləği artırılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarına əsasən QSC Bank Standart KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən Bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. İddiaçılar İddiaçı və X10 (qanuni nümayəndəsi X13) xx xxxxxx 2017-ci il tarixdə cavabdehə pretenziya ilə müraciət edərək əmanətlərinin, tərəflərindən QSC “Bank Standard” Kommersiya Bankına edilən xx.xx.2016-cı il tarixli müraciətlərinin 10 gün ərzində icra edilərək qanunvericiliyin tələblərinə və şərtlərinə uyğun olaraq tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi üçün zəruri tədbirlərin görülməsini və sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış faizlər də daxil olmaqla həmin əmanətərin 100 faizi həcmində kompensasiya ödənilməsini 10 gün ərzində təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. - 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. - 950.1-ci maddəsinin tələbinə görə banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. - 950.3-cü maddəsinin tələbinə görə bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Məhkəmə iddia tələbləri ilə bağlı həmçinin qeyd edir ki, əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu xx xxxxxx 2006-cı il tarixli Qanunla qəbul edilib. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb və sonuncunun funksiyasına görə, Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1.1-ci maddəsinə əsasənəmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. - 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. - 2.1.3-cü maddəsinə görə sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. - 2.1.4-cü maddəsinə görə sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. - 2.1.9-cu maddəsinə görə sığorta hadisəsi iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. - 2.1.11-ci maddəsinə görə kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. - 26.1- ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. - 26.2- ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. - 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. - 27.2- ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 4-cü maddəsinin tələblərinə əsasən qorunan əmanətçilərin bu qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. - 5.1-ci maddəsinə görə əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. - 5.2-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 xx xxxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən xx xxxx 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 12 faiz müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Qorunan əmanətçilərin xx xxxx 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi ilə bağlı bir neçə qərar qəbul edib. Belə ki, xx xxxx 2009-cu il tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, xx xxxxxx 2013-cü il tarixli qərarla 10 faiz, xx xxxxxx 2015ci il tarixli qərarla 12 faiz, xx xxxx 2016-cı il tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, xx xxxxxxxx 2016-cı il tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətində tam sığortalanması müəyyən edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə almaqla hesab edir ki, iddiaçılar sığorta hadisəsindən əvvəl, yəni xx xxxxxxxx 2016-cı il tarixdə banka müraciət edərək əmanətin qorunan hesab edilməsi üçün şərtlərin dəyişdirilməsini xahiş etdiyindən, lakin bankın ləğvedicisi xx xxxxxx 2017-ci il tarixli məktubla dəyişikliyin hansı qaydada edilməsinin dəqiq göstərilməməsini əsas tutub bundan əsassız olaraq imtina etdiyindən, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Məhkəmə hazırki işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin iddiaçıların qeyd edilən depozit hesabındakı xarici valyutada olan pul vəsaitinin qorunan əmanətlərə aid edilməsi üçün depozit müqaviləsinə dəyişikilik edilməsi barədə QSC “Bank Standard” Kommersiya Bankının “VİP” filialına xx xxxxxxxx 2016-cı il tarixdə ərizə ilə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan – 327 831.43 ABŞ dolları İddiaçı, 77 614.31 ABŞ dolları isə X6 (qanuni nümayəndəsi X11) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Əmanətlərin Sığortalanması Fondundan 327.831,43 (üç yüz iyirmi yeddi min səkkiz yüz otuz bir) ABŞ dolları (qırx üç sent) tutularaq İddiaçı ödənilsin. Əmanətlərin Sığortalanması Fondundan 77.614,31 (yetmiş yeddi min altı yüz on dörd) ABŞ dolları (otuz bir sent) tutularaq X6 (qanuni nümayəndəsi X11) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar