Məhkəmə qərarları › İş №2(006)-939/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-939/2023

24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-939/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh dəymiş ziyanın ümumi məbləği olan 1410 (bir min dörd yüz on) manat vəsaitin və 34.50 (otuz dörd manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 21:23 radələrində Bakı şəhəri, X.Şuşinski küçəsində “Daewoo Gentra” minik markalı **- OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, qeyd edilən yerdə və tarixdə digər nəqliyyat vasitələrinin sıx hərəkətdə olan vaxtı “Daewoo Gentra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi geriyə hərəkət edərkən “Hyundai Sonata” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. “Daewoo Gentra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh avtomobildən düşərək, guya vaxtının olmadığını bildirib hadisə yerindən uzaqlaşıb getmişdir. İddiaçı məxsus “Hyundai Sonata” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1410 (bir min dörd yüz on) manat məbləğində ziyan dəymişdir. Həmin avtomobilə dəymiş ziyan barədə avtoservis tərəfindən akt tərtib edilmiş və həmin aktda avtomobilin hansı hissələrinə ziyan dəyməsi və məbləği barədə tam və ətraflı məlumat verilmişdir. Hadisə 2 ay əvvəl baş verməsinə baxmayaraq, Cavabdeh törətdiyi hadisə ilə bağlı İddiaçı ilə heç bir əlaqə saxlamamışdır. Hadisə yerinə baxış keçirilmiş, bu barədə müvafiq protokol və hadisə yerinin sxemi tərtib edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyan ödənilmədiyi üçün İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəyini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəqliyyat vasitəsinin AE seriyalı 149540 №-li qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2014-cü il olan “Hyundai Sonata” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və TP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 21:23-də X.Şuşinski küçəsində “Daewoo Gentra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. X3 (VÖEN: **********) tərəfindən tərtib edilmiş ilkin və yekun aktdan görünür ki, 2014-cü il buraxılışlı “Hyundai Sonata” markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1410 manat müəyyən olunmuşdur. ƏN-Vİİİ seriyalı 405228 nömrəli etibarnamədən görünür ki, X5 buraxılış ili 2013-cü il olan, “Daewoo Gentra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəcam verməyi və digər hərəkətləri, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi, Cavabdeh etibar etmiş, etibarnamə 1 il müddətinə verilmiş, xx.xx.2023-cü il saat 23:59dək qüvvədədir. Cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Daewoo” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu X.Şuşinski küçəsi ilə hərəkətdə olan zaman yolda yaranmış sıxlıq səbəbindən dayanmış, avtomobili bir qədər geriyə verib sola alternativ yola dönmək istədikdə arxada dayanan “Hyundai” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Sonra düşüb avtomobillərə baxmış, lakin evdə xəstəsi olduğu üçün hadisə yerində dayana bilməyəcəyini deyərək telefon nömrəsini verib hadisə yerini tərk etmişdir. Həmin şəxs onunla əlaqə saxlamamış və X8 İdarəsinə çağırılarkən işin nə yerdə olduğu ona məlum olmuşdur. X8 İdarəsində ona hüquq və vəzifələri tam izah edilmişdir. Məsuliyyətdən boyun qaçırmadığını, hadisə yerindən yayındığına görə barəsində tərtib olunacaq protokoldan narazı olmadığını bildirmişdir. Nərimanov Rayon Polis İdarəsinə getməyə vaxtının olmadığını nəzərə alaraq, onun iştirakı olmadan barəsində inzibati protokol tərtib edilməsini xahiş etmiş və cəriməni qısa müddət ərzində ödəyəcəyinə dair söz vermişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 34.10 (otuz dörd manat on qəpik) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 8/786 saylı ekspert rəyində qeyd edilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə yol-nəqliyyat hadisələri növündə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 9/1912 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Sonata” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1198,0 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəə növündə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Daewoo Gentra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 21:23 radələrində Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi ilə hərəkətdə olan zaman İddiaçı məxsus olan “Hyundai Sonata” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh müvafiq polis idarəsində yazdığı izahatında təqsirli olduğunu etiraf etmişdir. Lakin bu günədək cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün heç bir cəhd göstərməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobili barəsində tərtib edilmiş akta əsaslanaraq, 1410 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İş üzrə hərtərəfli, tam və ədalətli tədqiqat aparılması məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus 2014-cü il buraxılışlı avtomobilin ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, avtomobilin təmir-bərpa xərci 1198 manat təşkil edir. Məhkəmə iddia tələbini iş üzrə toplanmış sübutlarla yanaşı tədqiq edərək hesab edir ki, tələb qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Lakin cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə onun iddia etdiyi 1410 manat məbləğində zərər dəyməsi işin mübahisəli halını təşkil etdiyindən, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və nəticədə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci 1198 manat təşkil edir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş aktı və ekspert rəyini müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha obyektiv və ağlabatandır. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. İddiaçı tərəfindən məhkəməyə rəyi təqdim edilmiş X2 (VÖEN: **********) özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin şəxsin Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən təqdim edilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Burada məhkəmə iş üzrə mötəbər sübut qismində qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 9/1912 saylı ekspert rəyinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, rəyin tədqiqi hissəsində (2-ci səhifədə) fiziki şəxs X3 tərəfindən tərtib edilmiş qüsur aktı əsasında qiymətləndirilmə aparılacağı göstərilmiş, lakin sonradan 3 dəfə (3-cü səhifədə) "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara istinad edilmişdir. Buna baxmayaraq, rəydən görünür ki, həqiqətən də, ekspert tərəfindən iş materiallarında olan X3 tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən məlumatlara əsasən tədqiqat aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, rəyin 3-cü səhifəsində qeyd edilmiş "xxxx" MMC texniki səhv kimi qiymətləndirilməli və X1 qəbul edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1198 (bir min yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 34.10 (otuz dörd manat on qəpik) manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan 5.10 (beş manat on qəpik) manat hissəsi isə İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 85 (səksən beş) manat hissəsi Cavabdeh, qalan 10 (on beş) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1198 (bir min bir yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 34.10 (otuz dörd manat on qəpik) manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan 5.10 (beş manat on qəpik) manat hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 85 (səksən beş) manat hissəsi Cavabdeh, qalan 15 (on beş) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar