Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-95/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nəsimi rayon İcra və Probasiya şöbəsi Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xətai Rayon Məhkəməsinin 1(011)- 883/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1- ci maddəsi ilə təqsirli bilinmiş və 10 (on) ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası iddiaçıya həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə şöbənin probasiya üzrə icra məmuru Yeganə Əhmədova məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası təhvil verilmiş və 2 ədəd ev siqnal ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh cəza müddəti başa çatdıqdan sonra elektron nəzarət vasitəsi üzərindən çıxarılaraq digər avadalıqlarla birlikdə monitorinq idarəsinə təhvil verilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı zədələnərək yararsız hala salınmışdır. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu zədələnmiş və iddiaçıya maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat dəyərində vəsaitin alınıb Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin yaranması ilə əlaqədar olaraq iddia ərizəsi üzrə iddiaçı Nəsimi rayon İcra və Probasiya şöbəsinin Bakı Şəhər Probasiya İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X2 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-83/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 14 may 2019-cu il tarixdən 03 iyun 2019-cu il tarixədək həbsdə saxlanıldığı 20 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasının ona təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh cəzasının çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalından dərhal azad olunması, Cavabdeh barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh üzərində olmuş elektron nəzarət dəstinin (mobil qurğunun) ekranı zədələnərək yararsız hala salınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə qiyməti 1346,03 manat təşkil edir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilər tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-83/2019 saylı hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmiş, Cavabdeh cəza müddəti başa çatdıqdan sonra elektron nəzarət vasitəsi üzərindən çıxarılaraq digər avadalıqlarla birlikdə monitorinq idarəsinə təhvil verilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı zədələnərək yararsız hala salınmışdır. Məhkəmə onu da qeyd edir ki, Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin maliyyə arayışına əsasən həmin zədələnmiş avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat, üç qəpik) manat məbləğində pul alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat, üç qəpik) manat məbləğində pul alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-95/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-95/2022
04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver