Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-957/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, televizorun alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanılmış müqavilənin ləğv edilməsi, ödədiyi 183 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-dən hissə-hissə ödəniş etmək şərtilə 1657 manat məbləğində televizor əldə etmişdir. Müvafiq rəsmiləşdirilmə aparılmış, xx.xx.2021-ci il tarixində çatdırılaraq quraşdırılmışdır. Elə həmin gün televizorun ekranında nasazlıq yaranmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMCnin servis xidməti ilə əlaqə saxlanıldı, zəmanət talonunda qeyd edilən qaydalara uyğun olaraq televizorun təmiri və ya yenisi ilə əvəz edilməsinə dair müraciət edildi. Müraciəti nəticə vermədi və televizorun təmirinə dair hər hansı məsul şəxs onlara yaxınlaşmadı. xx.xx.2021-ci il tarixdə o ailəsi ilə birgə televizoru aldıqları mağazaya gələrək televizoru mağazaya təhvil verdilər, təmir və ya əvəz olunmasına dair yenidən müraciət etdilər. Təxminən xx.xx.2021-ci il tarixində servisdən onlara zəng edərək 1 gün belə işləməsi televizorun ekranının dəyişdirilməsi lazım olduğunu, bunun üçün onlar tərəfindən 1200 manat məbləğində pul vəsaiti ödəməli olduğu bildirildi. Təbiidir ki, onlar məbləğ ödəməkdən imtina etdilər. Qeyd edilən tarixdən bu günədək bir aya yaxın müddət keçməsinə baxmayaraq onlarla nə mağaza nə servisdən əlaqə saxlanılmayıb, texnikanın təmir ediləcəyi və ya əvəz ediləcəyinə dair heç bir məlumat verilməyib. Azərbaycanın iqtisadi bazarında kifayət qədər nüfuza sahib olan, texnikanın təmir ediləcəyi və ya əvəz ediləcəyinə dair heç bir məlumat verilməyib. Yalnız mağazadan hər ay ona zəng olunaraq cədvəl üzrə ödənişləri etməkləri tələb olunur. Hər dəfə bildirir ki, televizor onda deyil, servisdədir, texnikanı bir gün belə istifadə etməmişdir. Belə olan halda, işlətmədikləri bir texnikaya görə ödəniş etmək istəmir. İyun və avqust ayında cavabdehə və Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yazılı müraciətlər etmişdir. Lakin nə cavabdehdən, nə Xidmətdən müraciətlərinə cavab verilməmişdir. Cavabdehə sonuncu müraciətində əldə etdiyi məişət texnikasının təmir edilərək işlək şəkildə ona verilməsinə və ya yenisi ilə əvəz edilməsinə dair tədbir görülməsini xahiş etmişdi, əks halda bağlanmış müqavilənin ləğvi və çəkdiyi xərclərin əvəzinin ödənilməsinə dair iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdi. Həmin məktubu da bu günədək cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış SDK5869355 saylı müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən satıcı-cavabdeh “TV LED RİFFEL 65UD 4331” markalı televizoru iddiaçı-alıcının mülkiyyətinə verməyi, sonuncu isə həmin televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 83 manat olmaqla, cəmi 1.657 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödənilmiş məbləğ 163 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli, 12626296 saylı ödəmə çekindən görünür ki, İddiaçı tərəfindən 163 manat ödənilmişdir. xx.xx.2021-ci il tarixli, ******* saylı «Soliton service» çekindən görünür ki, “TV LED RİFFEL 65UD 4331” markalı televizor servisə təhvil verilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021 -ci il tarixdə Cavabdeh-dən hissəhissə ödəniş etmək şərtilə 1657 manat məbləğində televizor əldə etmişdir. Müvafiq rəsmiləşdİrilmə aparılmış, 18.05.202-ci il tarixdə çatdırılaraq quraşdırılmışdır. Elə həmin gün televizorun ekranında nasazlıq yaranmışdır. xx.xx.2021-ci il tarixdə “Soliton"-un servis xidməti ilə əlaqə saxlanıldı, zəmanət talonunda qeyd edilən qaydalara uyğun olaraq televizorun təmiri və ya yenisi ilə əvəz edilməsinə dair müraciət edildi. Müraciəti nəticə vermədi və televizorun təmirinə dair hər hansı məsul şəxs ona yaxınlaşmadı. xx.xx.2021-ci il tarixdə ona ailəsi ilə birgə televizoru aldığı mağazaya gələrək televizoru mağazaya təhvil vermişdir. Təmir və ya əvəz olunmasına dair yenidən müraciət etmişdir. Təxminən xx.xx.2021-ci il tarixində servisdən ona zəng edərək 1 gün belə işləməsi televizorun ekranının dəyişdirilməsi lazım olduğunu, bunun üçün onun tərəfindən 1200 manat məbləğində pul vəsaiti ödəməli olduğu bildirilmişdir. Təbiidir ki, o, məbləği ödəməkdən imtina etmişdir. Qeyd edilən tarixdən bu günədək bir aya yaxın müddət keçməsinə baxmayaraq onunla nə mağazadan nə servisdən əlaqə saxlanılıb, texnikanın təmir ediləcəyi və ya əvəz ediləcəyinə dair heç bir məlumat verilməyib. Məişət texnikasının təmir edilərək işlək şəkildə ona verilməsinə və ya yenisi ilə əvəz edilməsinə dair tədbir görülməsini xahiş etmiş, əks halda bağlanmış müqavilənin ləğvi və çəkdiyi xərclərin əvəzinin ödənilməsinə dair iddia tələbləri ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Hazırda iddiaçı televizordakı qüsurun istehsal qüsuru olmasını iddia edərək tərəf olduğu xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini, ödədiyi 183 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci və 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 582.1-ci maddəsinin tələblərinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 589.1-ci və 589.2-ci maddələrinə görə əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Bu Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsi nəzərdə tutulmuşdur. Bu halda satıcı qarantiya müddəti adlanan müqavilədə müəyyən edilmiş vaxt ərzində əşyanın qanunda və müqavilədə müəyyən edilmiş bütün şərtlərə və tələblərə uyğun olan əşya verməlidir və satıcı müqavilə ilə müəyyən edilmiş qarantiya müddəti ərzində əşyada aşkar edilmiş qüsurlar üçün cavabdehdir. Beləliklə hazırki mülki iş çərçivəsində satıcı-cavabdeh MMC Mülki Məcəllənin 588.2-ci maddəsinin tələblərinə əsasən alıcıya-iddiaçıya təhvil verilmiş əşyadaki qüsurların alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri və ya qarşısı alınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirməlidir. İş materiallarından göründüyü kimi cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə televezorun keyfiyyətinin müəyyən edilməsi üçün müvafiq mütəxəssisə təqdim edilməsini qərara alsa da, televizor cavabdehin ixtiyarında olduğundan və müvafiq tədqiqatın aparılması üçün təqdim edilmədiyindən, malın lazımi keyfiyyətdə olub-olmasını, maldakı qüsurun istehsal qüsuru olub-olmasını müəyyən etmək mümkün olmamışdır. Əksinə işdə olan sənədlərə əsasən ləğv olunması tələb edilən müqavilənin xx.xx.2021-ci il tarixdə bağlandığı, alıcının da aldığı məxsulun qüsurlu olması barədə cavabdehi növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə məlumatlandırdığı və televizorun servis tərəfindən təhvil alındığı müəyyən edilmişdir. Sözügedən televizorun qüsurlarının iddiaçıya verildikdən sonra yaranan səbəblərdən əmələ gəlməsi halı isə mülki işin materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin yuxarıda sadalanan maddələrinin dispozisiya şərtləri mövcud olduğundan, əksini sübuta yetirmək vəzifəsi cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçının öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək üzrə subyektiv hüququ yaranmışdır. İş materiallarına əsasən iddiaçı tərəfindən ilkin ödəniş kimi 183 manat yox, 163 manat məbləğində edildiyi müəyyən edilmiş. Bununla da məhkəmənin gəldiyi qənaətə görə hazırkı iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilməli, müqavilə üzrə ödənilmiş 163 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki-Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilsin. Müqavilə üzrə ödənilmiş 163 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Cavabdeh MMC-dən 75 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-957/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-957/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver