Məhkəmə qərarları › İş №2(006)-96/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-96/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-96/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus mənzilin cavabdeh və onun ailə üzvləri tərəfindən dəfələrlə suya verilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın əvəzi olan 2.000 manat (texniki düzəlişə əsasən 3.000 manat) pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehin üzərinə mənzilinin kanalizasiya sisteminin təmir olunması öhdəliyinin qoyulmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 1997-ci ildə almışdır. İddiaçı və ailə üzvləri 2003-cü ildən iddia ərizəsi verilən günə kimi həmin mənzildə pasport qeydiyyatındadırlar, 2006-cı ildən başqa ünvanda – ünvan 2ası – X8 2006-cı ildən 2021-ci ilə kimi həmin mənzilin sahibi olmuş, hazırda həmin mənzilin sahibi iddiaçının özüdür. İddiaçı Hüseynbala Əliyev küçəsi, 6, mənzil 51 ünvanında yerləşən mənzili aldığı gündən iddia ərizəsi verilən günə kimi Hüseynbala Əliyev küçəsi, 6, mənzil 54 ünvanında yerləşən mənzilin bir neçə sahibi olub. Həmin mənzilin bütün sahibləri tərəfindən iddiaçının mənzilinə su axıdılıb və iddiaçıya bu mənzilin sahibləri tərəfindən böyük maddi ziyanlar vurulub. Sözügedən mənzilin cavabdehdən əvvəlki sahibi X4 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2746/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli icra olunmamış qətnaməsi var. Nəsimi rayon İcra şöbəsindən bildirmişlər ki, X4 tərəfindən mənzil satıldığından, artıq özü də dünyasını dəyişdiyindən, adına əmlak olmadığından, qətnaməni icra etmək mümkün deyil və demişlər ki, mənzilin yeni sahibi söz verib ki, kanalizasiya sistemini təmir etdirəcək, mənzilinizə su axıtmayacaq. 2023-cü ilin yanvar-fevral aylarında iddiaçının üst qonşusunun qonaq və yataq otaqlarındakı istilik batereyalarından iddiaçının mənzilinə su axıdılıb, otaqların tavanları pis günə düşüb. O, cavabdehi çağırtdırıb göstərmiş, cavabdeh isə çiyinlərini çəkib “təmir etdirərik” deyib çıxıb getmiş, lakin heç nə etməmişdir. Bu otaqların tavanlarını iddiaçı təmir etdirmişdir. Sonra dəhlizi, vanna otağını və tualeti, qonaq otağını bir neçə dəfə suya vermişlər. İddiaçı cavabdehi çağırtdırmış, o isə “bizim evimiz qurudur” deyib çıxıb getmişdir. İddiaçının mənzilini suya vermək artıq qonşuda vərdişə çevrilib. İddiaçı hər subasmadan sonra mənzili təmir etdirmişdir. Axırıncı subasmadan sonra isə 33 saylı MKİS-in rəisinə yazılı müraciət etmiş və bu məsələ aktlaşdırılmışdır. Üst qonşu tərəfindən mənzilə su axıdılmasından təngə gəldiyinə görə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hüseynbala Əliyev küçəsi, 6, mənzil 54 ünvanında yerləşən mənzilin sahibi olan cavabdeh iddiaçıya vurduğu maddi ziyanı ödəməli və mənzilin kanalizasiya sistemini təmir etdirməlidir. Belə ki, cavabdeh iddiaçıya məxsus mənzili bir neçə dəfə suya verməklə ona maddi ziyan vurub. İddiaçı 2.000 manatdan çox ziyana uğrayıb.

3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin yataq otağına cavabdehin mənzilindən su axıdılması nəticəsində iddiaçıya dəymiş 1.000 manat (texniki düzəlişə əsasən 3.000 manat) maddi ziyanın əvəzi olan pulun cavabdeh tərəfindən ödənilməsini, cavabdehin üzərinə mənzilindəki divara saldığı sovet dövründə dəmir borudan çəkilmiş istilik xəttinin divardan çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

4. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində yaşayış yoxdur, uzun müddətdir ki, mənzilə baş çəkmirmiş. 2024-cü ilin may ayında evə baş çəkəndə görmüşdür ki, mənzilin yataq otağı suya verilib. Məlum olmuşdur ki, binanın sovet dövründə dəmir borudan çəkilmiş istilik xətti üst qonşu tərəfindən kəsilərək divara salınmış və bu xətt divarın içində olduğu üçün çürümüş, istilik verilmə mövsümünün axırında su buraxmışdır. Üst qonşusunun iddiaçının mənzilini suya verməsi nəticəsində yataq otağının təmiri korlanmış və ona 1.000 manat həcmində ziyan vurulmuşdur. Əgər üst qonşusu tərəfindən divara saldığı istilik xətti divardan çıxarılmasa, bu suyavermə hər istilik mövsümündə baş verəcək.

5. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsi ilə 2.000 manat, iddia ərizəsinə əlavə ilə isə 1.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutulmasını tələb etdiyindən, ziyanın həcminin cəmləşdirilib hər iki ərizədə 3.000 manat məbləğində göstərilməsi üçün iddia ərizəsinə və ona əlavəyə texniki düzəliş edilməsi xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmə tərəfindən iddiaçıya təklif edilmiş və o, könüllü qaydada bu düzəlişi etmiş, bunun üçün iddiaçıya qarşı heç bir məcburetmə və ya təzyiq edilməmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəylərini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 maddi zərərin əvəzi kimi 688 manat və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 718,40 manat məbləğində pulun alınaraq iddiaçı X5 verilməsi, Bakı şəhəri, H.B.Əliyev küçəsi, 6 saylı binanın 54 saylı mənzilinin sahibi X2 üzərinə kanalizasiya sisteminin təmir olunması öhdəliyinin qoyulması və s. qət edilmişdir.

10. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 51 nömrəli mənzil İddiaçı mülkiyyətindədir (qeydiyyat №: **********; xx.xx.2022).

11. Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 33 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Hüseynbala Əliyev küçəsi, ev 6 ünvanında yerləşən 51 nömrəli mənzilə baxış keçirən zaman məlum oldu ki, Cavabdeh məxsus 54 saylı mənzildən 51 saylı mənzilə su axıntısı baş vermişdir. Su axıntısı nəticəsində 51 saylı mənzilin dəhlizinə, hamamına, ayaqyoluna və yaşayış otağına ziyan dəymişdir.

12. xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 54 nömrəli mənzil Bakı şəhəri 32 saylı NK-nın 4Ə-238 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X3 adına rəsmiləşdirilmiş, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1566 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir (məktuba mənzilin əvvəllər X3, hazırda isə cavabdehin mülkiyyətində olduğunu təsdiq edən çıxarışlar və digər sənədlər əlavə edilmişdir).

14. Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 33 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Hüseynbala Əliyev küçəsi, ev 6 ünvanında yerləşən 51 nömrəli mənzilə baxış keçirən zaman məlum oldu ki, Cavabdeh məxsus 54 saylı mənzilə aid istilik xəttindən 51 saylı mənzilin yataq otağına su axıntısı baş vermişdir. Su axıntısı nəticəsində 51 saylı mənzilin divarında su izlərinin yeri qalmışdır. Hal-hazırda heç bir su axıntısı yoxdur.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 51 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 54 saylı mənzildən su axıdıldığı və nəticədə 51 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 54 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 51 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 51 saylı mənzilə su sızması 54 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1554,0 manat məbləğində müəyyən olunmuşdur.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/7887 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 54 saylı mənzilində yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, divarın içində olan borulara və istilik xəttinə isə baxış keçirmək mümkün olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 51 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 54 saylı mənzilində mövcud olan istilik xəttinin divarın içərisində yerləşdiyi müəyyən edilmişdir. İstilik xəttinin yerləşmə yerinin açıq və ya qapalı olması (divardan kənarda və ya divarın içində) Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 6 saylı evin 51 nömrəli mənzilinin sahibi olan iddiaçıya hər hansı maneə yaradıb-yaratmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan və ekspertin səlahiyyətlərinə aid olmadığından qərardadın 2-ci sualında göstərilən məsələ üzrə tədqiqat aparılmadı.

17. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri cəmi 150 manat təşkil edir.

18. İş materiallarına, həmçinin, Nəsimi Rayon İcra Hakimiyyəti MKTB 33 saylı MKİS tərəfindən verilmiş arayışlar, fotoşəkillər əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 3 ünvanındakı binanın 2-ci mərtəbəsində yerləşən 51 nömrəli mənzil İddiaçı, həmin binanın 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil isə Cavabdeh məxsusdur. Cavabdehin mənzili iddiaçının mənzilinin üstündə yerləşir.

20. Hazırda iddiaçı cavabdehin mənzilindəki su-kanalizasiya sistemində problem olduğunu və istilik xətlərinin divarın içərisində yerləşdiyini, bu problemlər səbəbindən ona məxsus mənzilə cəmi 3.000 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, ziyanın əvəzinin və məhkəmə xərcinin cavabdehdən tutularaq ona verilməsini, cavabdehin üzərinə mənzilinin kanalizasiya sisteminin təmir olunması və cavabdehin mənzilindəki sovet dövründə dəmir borudan çəkilmiş istilik xəttinin divardan çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin qoyulmasını; cavabdeh isə iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş edirlər.

21. İş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı xüsusi bilik tələb edən sualların cavablandırılması zəruri olduğundan, məhkəmənin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qərardadları ilə müvafiq ekspertizalar təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyləri alınmışdır.

22. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyində iddiaçıya məxsus mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, sözügedən mənzilə onunla eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən cavabdehə məxsus mənzildən su axıdıldığı, nəticədə iddiaçının mənzilinin yaşayış otağı tikilisinə ziyan vurulduğunun müəyyən olunması qeyd edilmiş, həmçinin, cavabdehin mənzili təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, iddiaçının mənzilinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı, lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, iddiaçının mənzilinə su sızmasının cavabdehin mənzilinin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə biləcəyi əlavə edilmişdir. İddiaçının mənzilinə su sızması nəticəsində mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.554 manat məbləğində müəyyən olunmuşdur.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində isə cavabdehin mənzilində yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, divarın içində olan borulara və istilik xəttinə isə baxış keçirmək mümkün olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, iddiaçının mənzilinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı, cavabdehin mənzilində mövcud olan istilik xəttinin divarın içərisində yerləşdiyinin müəyyən edildiyi, istilik xəttinin yerləşmə yerinin açıq və ya qapalı olmasının (divardan kənarda və ya divarın içində) iddiaçıya hər hansı maneə yaradıbyaratmamasının müəyyən edilməsinin isə hüquqi xarakterli olduğundan və ekspertin səlahiyyətlərinə aid olmadığından bu barədə tədqiqat aparılmadığı göstərilmişdir.

24. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində ekspert rəyi əsasında iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması və susızma nəticəsində iddiaçıya 1.554 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Lakin cavabdehin mənzilindəki kanalizasiya sisteminin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, həmçinin, təkrar ekspertiza zamanı susızma davam etmədiyindən, ekspertlər tərəfindən susızmanın səbəbini (kanalizasiya xətlərində qüsur, sudan nəzarətsiz istifadə, yoxsa istilik xəttinin divarın içərisində yerləşməsi) müəyyən etmək mümkün olmamışdır.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmaları nəticəsində ekspert rəyi əsasında iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması və susızma nəticəsində iddiaçıya 1.554 manat məbləğində zərər dəyməsi müəyyən edildiyindən, iddia tələbi “3.000 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1.554 manat məbləğində pul alınaraq İddiaçı verilməli, tələb qalan hissədə təmin edilməməlidir.

26. İddia tələbinin “cavabdehin üzərinə mənzilinin kanalizasiya sisteminin təmir olunması və cavabdehin mənzilindəki sovet dövründə dəmir borudan çəkilmiş istilik xəttinin divardan çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hər bir tərəfin öz tələb və etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıması barədə mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq, cavabdehin mənzilindəki kanalizasiya xətlərində qüsurlar olduğunu və istilik borusunun divarın içərisində yerləşməsinin susızmanın səbəbi olmasını iddia edən iddiaçı həmin dəlilləri sübut etmək vəzifəsini daşımışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı həmin dəlillərə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sözügedən dəlillər formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar nəticəsində də bu dəlillərin doğruluğu öz təsdiqini tapmamışdır.

27. İddiaçı kanalizasiya xətlərinin nasazlığı ilə bağlı anası ilə cavabdehin mənzilinin əvvəlki mülkiyyətçisi arasında olan mübahisə üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu ildə qəbul etdiyi qətnaməyə istinad etsə də, həmin qətnamə ilə mənzilin əvvəlki mülkiyyətçisinin üzərinə kanalizasiya xətlərinin təmir edilməsi öhdəliyinin qoyulmasına baxmayaraq, qətnamədə kanalizasiya xətlərində problem olduğunun məhz məhkəmə tərəfindən müəyyən edildiyi göstərilməmişdir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli ekspert rəyində susızmanın artıq davam etmədiyi də müəyyən edilmişdir. Belə olan halda, cavabdehin mənzilinin kanalizasiya sistemində qüsur olması iddiaçı tərəfindən müvafiq qaydada sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehin üzərinə mənzilinin kanalizasiya sisteminin təmir olunması barədə öhdəliyin qoyulması” hissəsi təmin edilməməlidir.

28. Tələbinin “cavabdehin mənzilindəki sovet dövründə dəmir borudan çəkilmiş istilik xəttinin divardan çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin qoyulması” hissəsi ilə bağlı iddiaçı müvafiq MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta istinad etsə də, həmin akt məhkəmə tərəfindən tələbin bu hissəsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Çünki bu halı müəyyən etmək üçün xüsusi biliyə malik olan şəxs müvafiq qaydada tədqiqat aparmalı, həmin tədqiqat prosesini ətraflı şəkildə göstərərək, gəldiyi nəticəni əsaslandırmalıdır. Lakin sözügedən akt qeyd olunan tələblərə uyğun deyil, primitiv qaydada tərtib edilmişdir. Göstərilənlərə əsasən, cavabdehin mənzilində istilik xəttinin divarın içərisində yerləşməsinin iddiaçının hüququnun pozulmasına səbəb olması da iddiaçı tərəfindən müvafiq qaydada sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, tələbin bu hissəsi də təmin edilməməlidir.

29. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

30. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

32. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

33. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

34. Məhkəmə hesab edir ki, hazırkı işin faktiki halları məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111.2-ci maddəsində nəzərdə tutulan deliktə uyğun gəlir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

38. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1.554 (bir min beş yüz əlli dörd) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pulun 78 (yetmiş səkkiz) manat hissəsi Cavabdeh, qalan 72 (yetmiş iki) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1.554 (bir min beş yüz əlli dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pulun 78 (yetmiş səkkiz) manat hissəsi Cavabdeh, qalan 72 (yetmiş iki) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar